Logo
news content
User
Kateqoriyalar

Analitika

Vüqar Səfərlinin və yaxınlarının əmlakına həbs qoyulub

Hesablama Palatasının əməkdaşları müxtəlif dövlət orqanlarında apardıqları yoxlamalar zamanı cinayət tərkibi olan hallar aşkarlayıb. Həmin halların araşdırılması və hüquqi tədbir görülməsi üçün materiallar prokurorluğa göndərilib.

Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədində bildirilir ki, ötən il başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilib və 452 halda nöqsan aşkarlanıb. Bunun da 199-u (56,6 faizi) büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.

Hesabata əsasən ən çox pozuntu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınıb – 30 hal. İkinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal), üçüncü yerdə isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) gəlir.

Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), həmçinin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlı da prokurorluğa müraciət edib.

Hesabatda yazılıb ki, AMEA-nın İşlər İdarəsinə ayrılan vəsaitlər müəyyən işlərin icrası üçün “Şərq-Qərb” ASC-yə ödənilib. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, adıçəkilən şirkət çap məhsulları üzrə yaranmış 10,4 milyon manat debitor borcu bağlamayıb, müqavilə öhdəlikləri icra olunmayıb.

“Qaçqınkom”un fəaliyyətində isə müxtəlif iş və xidmətlər üçün tenderlər keçirilmədən şirkətlərlə müqavilə bağlanması halları aşkarlanıb.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda da dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilmədiyi üzə çıxıb. Bundan başqa, Fonda ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, KİV-ə yardımların qanuna əməl edilmədən verilməsi və digər hallar müəyyənləşdirilib. Hesablama Palatasının əməkdaşları Fondla bağlı ümumilikdə 16,2 milyon manatı əhatə edən pozuntu üzə çıxardıqlarını bildirir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli haqqında cinayət işinin istintaqı davam edir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində həm də jurnalistlər üçün binaların tikintisi zamanı yeyintiyə yol verilməsindən bəhs olunur. Ona görə, Vüqar Səfərli ilə yanaşı, Bakının Bibiheybət qəsəbəsində binanı inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov da həbs olunub. Təqsirləndirilən şəxslərin, xüsusən Vüqar Səfərlinin xeyli əmlakının üzərinə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müraciəti əsasında, Binəqədi rayon Məhkəməsinin qərarıyla həbs qoyulub. “Press Klub”un əldə etdiyi məlumata görə, Vüqar Səfərlinin bank hesabının, özünə və yaxınlarına məxsus evlərin, qeyri-yaşayış sahələrinin və avtomobillərin üzərində həbs var:

“Bir neçə milyonluq əmlakın üzərində həbs var. Məqsəd budur ki, gələcəkdə məhkəmə onu təqsirli bildiyi halda, mənimsəmə nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi təmin olunsun”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Baş Prokurorluğun mətbuat xidməti Hesablama Palatasının “Qaçqınkom”, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Milli Elmlər Akademiyası ilə bağlı prokurorluğa müraciət etdiyini təsdiqləyib. Prokurorluğun məlumatına görə, Milli Elmlər Akademiyasının fəaliyyətindəki pozuntularla əlaqədar Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb, istintaq gedir: “İstintaqın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq”.

Gülər