Logo
news content
User
Kateqoriyalar

Analitika

Vəkil: “Rusiya sülhməramlılarının nəzarətindəki ərazi ilə bağlı qanun qəbul edilməlidir”

“Dağlıq Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və ermənilər yaşayan ərazilərində idarəetmə ilə bağlı yeni qanunun qəbuluna zərurət var”.

Vəkil Fuad Ağayev bu fikirdədir. O hesab edir ki, əgər Azərbaycan parlamenti həmin ərazilərdə tətbiq olunacaq hüquq normalarına dair qanun qəbul etməsə, Rusiya və ermənilər oranı istədikləri kimi idarə edəcəklər.

F.Ağayev “Press Klub”a açıqlamasında yeni qanunun qəbulunun zəruriliyi haqda fikirlərini əsaslandırarkən öncə Kəlbəcərdə baş verənləri xatırlatdı:

“Bugünlərdə hamı gördü ki, ermənilər bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı yerlərdə nələr törədir. Kəlbəcərdə evləri yandırırlar və deyirlər ki, azərbaycanlılara qalmasın deyə belə edirik. Birincisi, vaxtilə həmin evlərdən azərbaycanlılar qovulmuşdu. İkincisi, evləri öz adlarına çıxırlar, bəs meşələrin yandırılması? Rusiya “sülhməramlıları” bütün bunları sakitcə seyr edirlər. Ağdamdakı muzeydən eksponatların oğurlanıb aparılmasına da reaksiya verilmir”.

Vəkilin sözlərinə görə, Azərbaycan ərazisinə sülhməramlı kimi yerləşdirilmiş Rusiya hərbçilərinin baş verənlərə susqun yanaşması BMT-nin sülhməramlılarla bağlı müəyyən etdiyi beynəlxalq standartlara uyğun deyil:

“BMT indiyədək onlarla dövlətdə sülhməramlı əməliyyatlar keçirib. Sülhməramlıların fəaliyyəti ilə bağlı bir sıra standartlar müəyyənləşdirilib. Məsələn, ekoloji təhlükələrə yol verilməməsi. Meşələrin yandırılması birbaşa buna ziddir. Yaxud, BMT-nin standartları sülhməramlıların yerləşdiri dövlətin qanunlarına hörməti nəzərdə tutur. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Orada Azərbaycan qanunlarının tədricən də olsa, həyata keçirilməsini təmin etmək lazımdır. Bunun üçün də optimal yol məsələni Milli Məclisin müzakirəsinə çıxarıb, bu barədə qanunun qəbulundan keçir”.

F.Ağayevin fikrincə, Dağlıq Qarabağda sərhəd-buraxılış, gömrük-keçid kimi məsələlər də Azərbaycanın səlahiyyətli orqanlarının nəzarətində olmalıdır. Bu proseslər Azərbaycan qanunları əsasında tənzimlənməlidir. Rusiya sülhməramlıları isə müşahidəçi qismində prosesdə iştirak edə bilər:

“Laçın rayonunun bir hissəsini dəhlizi adıyla 5 kilometr enində ermənilərin gediş-gəlişi üçün saxlayırlar. Azərbaycanla Ermənistan arasında dövlər sərhədi var və bu halda sərhədə Azərbaycan nəzarət edə bilmir. Bugünlərdə məlum oldu ki, Ermənistanın hərbi prokuroru Dağlıq Qarabağa gəlib, qondarma rejimin başçısı Araik Arutyunyanla müşavirə aparıb. Ermənistan hərbi prokurorunun nə işi var Azərbaycan ərazisində? Sərhədə nəzarət Azərbaycanın sərhədçiləri, hərbçiləri tərəfindən aparılmalıdır. Gömrük nəzarəti ölkənin özünün səlahiyyətli orqanı tərəfindən həyata keçirilməlidir. Dağlıq Qarabağda silah qaçalmalçılığı barədə məlumatlar var, onlara nəzarət olunmalıdır. Mən demirəm ki, bu prosesdə Rusiyanın “sülhməramlıları” iştirak etməsin. Amma onlar sadəcə, seyrçi mövqe tutmalıdır, müşahidə aparmalıdır. Sərhəd, gömrük nəzarəti ölkənin özünün səlahiyyətli orqanları tərəfindən aparılmalıdır. Bundan əlavə, orada Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin, daxili işlər orqanlarının əməkdaşları olmalıdır. Ən azı həmin sərhəd məntəqəsində...”

F.Ağayev əlavə etdi ki, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə hücumları və s. cinayətlər barədə azərbaycanlıların fərdi şəkildə şikayətləri ilə yanaşı, Azərbaycan dövlət olaraq da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir. Vəkilin sözlərinə görə, meşələrin yandırılması, tarixi abidələrin dağıdılması kimi məsələlərə görə dövlətlərarası şikayət verilə bilər:

“Bildiyimə görə, bu məsələlərin beynəlxalq hüquq müstəvisinə çıxarılması üçün müəyyən addımlar atılıb. Baş Prokurorluq da əvvəlki rəhbərliyin dövründəkindən fərqli olaraq, indi bu istiqamətdə işlər görür. Bu imkanlardan hərtərəfli şəkildə istifadə olunmalıdır. Avropa Məhkəməsinə mütləq dövlət adından Ermənistana qarşı şikayətlər ünvanlanmalıdır. Ötən ay döyüşlər gedərkən Azərbaycanın bir müraciəti olmuşdu, amma o, aralıq tədbirlərin görülməsi ilə bağlı idi. Mənafelərinə ziyan dəymiş şəxslər tərəfindən də fərdi şikayətlər göndərilir. Amma Azərbaycanın dövlət olaraq şikayətinin xüsusi əhəmiyyəti var”.

Gülər