Uşaqlar, seçicilər... "itkin"lər
Açıqlanan seçici sayı ölkə əhalisinin ümumi statistikası ilə niyə düz gəlmir?
29 May 2026
Mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 2026-cı il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub. Onun sözlərinə görə, cari ilin əvvəlindən ölkə üzrə vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsi prosesinə başlanılıb və proses təxminən beş ay davam edib.
Seçki qanunvericiliyinə görə, daimi seçici siyahıları hər ilin əvvəlindən etibarən müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə qurumu başçıları və hərbi hissə komandirləri tərəfindən təqdim edilən məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
“Bu istiqamətdə atılan zəruri addımların ardınca seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilməklə ictimailəşdirilməlidir. Builki proses də Seçki Məcəlləsinin sözügedən tələblərinə tam uyğun şəkildə həyata keçirilib”, - Pənahov qeyd edib.
MSK sədri açıqlayıb ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 332 229 seçici daxil edilib ki, onların da 47,59 faizi kişi, 52,41 faizi isə qadınlardır.
MSK sədrinin açıqladığı seçici sayı demoqrafik göstəricilərlə bağlı ciddi və anlaşılamayan rəqəm fərqləri ortaya çıxıb. Bu, əslində ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri ilə bağlı geniş araşdırma mövzusudur.
Mövzunun seçici sayı ilə bağlı hissəsinə gəldikdə, Ümid Partiyasının sədri İqbal Ağazadə də buna diqqət çəkib və sosial şəbəkə hesabında bu ziddiyyətləri ortaya çıxaran paylaşım edib. Partiya sədrinin apardığı statistik hesablamalarda ölkənin sosial-iqtisadi həyatına dair ciddi suallar yaradan faktlar var. Yuxarıda qeyd etdiyimiz kimi, bununla bağlı ayrı yazımız olacaq. Hələlik seçici siyahıları barədə danışaq.
Mərkəzi Seçki Komissiyasının iclasında bildirilən son rəqəmlərə görə, ölkədə səsvermə hüququ olan 6.332.000 nəfər seçici var.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, ölkədə 18 yaşına çatmamış (yəni səsvermə hüququ olmayan) vətəndaşların sayı 2.634.000 nəfərdir. Məlumdur ki, ölkədə yalnız iki kateqoriya vətəndaş ola bilər - səsvermə hüququ olanlar (18 yaşdan yuxarı) və səsvermə hüququ olmayanlar (18 yaşa qədər uşaqlar). Bu iki rəqəmi topladıqda (6.332.000 + 2.634.000) ölkə əhalisinin ümumi sayı 8.966.000 nəfər etməlidir.
Lakin rəsmi statistikada Azərbaycan vətəndaşlarının ümumi sayı tam 10.268.165 nəfər göstərilir.
1.302.000 nəfərlik böyük fərq haradan yaranır?
İqbal Ağazadənin diqqət çəkdiyi əsas məqam da məhz budur: Rəsmi elan edilən ümumi əhali sayı (10.268.000) ilə seçicilərlə uşaqların cəmi (8.966.000) arasında tam 1.302.000 nəfərlik nəhəng bir fərq var. O zaman haqlı sual yaranır: Bəs nə üçün ölkə vətəndaşlarının sayı 10.268.165 nəfər göstərilir? Bu 1 milyon 302 min insan nə 18 yaşından kiçik uşaq deyil, nə də MSK-nın siyahısındakı seçici deyilsə, onlar kimlərdir və haradadırlar?
Ehtimal etmək olar ki, bu cür kəskin fərqlər ya Dövlət Statistika Komitəsinin uzun illərdir real demoqrafik vəziyyəti (məsələn, ölkədən köçənlərin tam qeydiyyatını) düzgün apara bilməməsindən, ya da rəsmi qurumlar arasında məlumat mübadiləsinin bərbad vəziyyətdə olmasından qaynaqlanır. Hər bir halda, 1.3 milyon vətəndaşın rəsmi rəqəmlərin müqayisəsində "itkin düşməsi" yolverilməzdir və aidiyyəti qurumların bu "riyazi tapmaca"ya rəsmi aydınlıq gətirməsi zəruridir.
Dövlət qurumlarının statistikasında ortaya çıxan 1.3 milyonluq fərq ətrafında gedən müzakirələr, prosesin daha dərin və struktur xarakterli bir problemini önə çıxarır: Maraqlıdır, seçici siyahısında olan vətəndaşların nə qədəri faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşayır?
Son illərdə ölkədə sürətlənən daxili miqrasiya və urbanizasiya prosesləri seçici siyahılarının etibarlılığını və reallığı nə dərəcədə əks etdirdiyini ciddi şübhə altına qoyur.
Boşalan kəndlər, dolan paytaxt və "sənədsiz evlər" faktoru
Məsələnin kökündə dayanan əsas sosial-iqtisadi reallıqlar bunlardır:
Son illərin tendensiyaları göstərir ki, bölgələrdə, xüsusən də ucqar kəndlərdə iş yerlərinin məhdudluğu səbəbindən əhalinin şəhərlərə axını kütləvi hal alıb. Ölkə üzrə 1500-ə yaxın kəndin demək olar ki, boşalması, yaxud orada yalnız yaşlı nəslin qalması sirr deyil. (Bu rəqəmi elm və təhsil naziri Emin Əmrullayev açıqlamışdı – red.) Lakin həmin kəndləri təkrarən tərk edən gənc və orta nəsil hələ də rəsmi olaraq doğma kəndlərindəki evlərin qeydiyyatındadırlar.
Məlumdur ki, paytaxta və böyük şəhərlərə axışan gətirən yüz minlərlə vətəndaş Bakı ətrafındakı qəsəbələrdə ("Xutor", "Şanxay", Sulutəpə, Masazır, Xırdalan və s.) tikilən və illərdir çıxarışı (kupçası) olmayan sənədsiz evlərdə yaşayırlar. Evin sənədi olmadığı üçün bu şəxslər yaşadıqları faktiki ünvan üzrə qeydiyyata düşə bilmirlər.
Bununla yanaşı? şəhərdə kirayə yaşayan minlərlə ailə və tələbə mütəmadi olaraq ünvan dəyişir və heç bir halda yaşadıqları evə rəsmi qeydiyyata alınmırlar.
MSK-nın "görmədiyi" reallıq: Seçki günü nə baş verir?
Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi seçici siyahıları sırf şəxsiyyət vəsiqələrindəki rəsmi qeydiyyat ünvanlarına əsaslanır. MSK-nın mövcud mexanizmi urbanizasiyanın yaratdığı bu nəhəng disbalansı - insanların kütləvi şəkildə yer dəyişməsini, qeydiyyatsız daxili miqrasiyanı nəzərə almır və ala da bilmir.
Bu vəziyyət hansı fəsadlara yol açır?
Siyahıya görə hər hansı rayonda və ya kənddə 2000 seçici aktiv görünə bilər, lakin onların bəlkə də yarısı faktiki olaraq Bakıda və ya ölkə xaricində yaşayır. Bu isə seçki günü məntəqələrdə aktivliyin süni şəkildə manipulyasiya edilməsinə və ya "itkin" seçicilərin yerinə bülletenlərin atılması riskinə münbit şərait yaradır.
Faktiki olaraq Bakıda yaşayan, lakin qeydiyyatı rayonda olan vətəndaş səs vermək üçün ya yüzlərlə kilometr yol qət edib rayonuna getməlidir (bu da əlavə xərc və vaxt itkisidir), ya da seçkilərə ümumiyyətlə qatılmamalıdır. Nəticədə, real seçici aktivliyi kəskin şəkildə aşağı düşür.
Beləliklə, rəsmi dövlət qurumları urbanizasiya və miqrasiya xaosunu tənzimləmədikcə, sənədsiz evlərin qeydiyyat problemini kökündən həll etmədikcə, MSK-nın elan etdiyi siyahılar yalnız "kağız üzərindəki seçicilər" olaraq qalacaq. Seçkilərin legitimliyi və şəffaflığı üçün seçici siyahılarının qeydiyyata görə deyil, faktiki yaşayış yerinə görə formalaşdırılması mexanizminin qurulması artıq dövrün tələbidir.
Turqut