Logo
news content
User
Kateqoriyalar

Analitika

Unutmayın: maska, məsafə, təmizlik!

Bütün dünyada, o cümlədən Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayında ciddi artım müşahidə edilir. Doğrudur, mütəxəssislər yay aylarından payız-qış mövsümündə yoluxmaların arta biləcəyi haqda xəbərdarlıq etsələr də, virusun bu qədər geniş vüsət alması bir çoxları üçün gözlənilməz oldu. Artıq xəstəxanaların dolmağa başladığı barədə xəbərlər gəlir. Görəsən, Azərbaycanın səhiyyə sistemi bu yüklənməyə dözəcəkmi?

Sorğumuzu cavablandıran TƏBİB-in mətbuat xidmətindən bildirildi ki, koronavirusa yoluxanların artmaqda davam etməsinə baxmayaraq, çarpayı və tibbi personal çatışmazlığı ilə bağlı problem yoxdur. Qurum ümumiyyətlə, belə bir problem gözləmir, çünki ötən dövrdə kifayət qədər çarpayı fondu yaradılıb və müxtəlif xəstəxanalar bu işə cəlb olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimli “Press Klub”a açıqlamasında öncə qeyd etdi ki, yoluxma sayındakı artım əsasən mövsümlə əlaqədar olduğu kimi, əhalinin "maska, məsafə, təmizlik" prinsiplərinə kifayət qədər riayət etməməsinin də rolu var:

“Bu səhlənkarlıq əsasən əhali arasında və sosial mediada COVID-19 haqqında yayılan yanlış informasiyalardan qaynaqlanır. Təəssüf ki, hələ də xəstəliyi qriplə eyni tutanlar var. Düşünürəm ki, bu sahədə bu günə kimi nə qədər geniş maarifləndirmə aparılmış olsa da, yenə də maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Çünki yoluxmanı nəzarətə almaq daha çox idarəçi orqanlardan yox, hər bir fərdin şüurlu şəkildə qorunma tədbirlərinə riayət etməsindən asılıdır”.

Həkim, nevroloq Qalib Əsədov isə xatırlatdı ki, yay aylarından Dünya Səhiyyə Təşkilatı, bütün həkimlər payızda virusa yoluxanların sayının artacağını proqnozlaşdırmışdılar:

“Yay aylarından ölkədə bununla bağlı müəyyən tədbirlər görülürdü. Hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada virusun geniş yayıldığını görürük. Bu da təbiidir. Payız aylarında ümumiyyətlə, mövsümi respirator, infeksion xəstəliklər, nəfəs yollarının xəstəlikləri çoxalır. Havalar soyuyanda insanlar qapalı məkanlara daha çox üz tuturlar. İmmun sistemində müəyyən dəyişikliklər olduğu üçün belə xəstələrin sayı çoxalır”.

Həkim hesab edir ki, belə vəziyyətdə hər kəs özü-özünü qorumalıdır:

“Dövlət yay aylarında bir çox tədbirlər gördü. SMS icazə, e-gov.az-dan icazə, ”Evdəqal” aksiyası və digər tədbirlər təşkil etdi, amma yenə də insan özü özünün həkimi olmalıdır. İnsanlar bilməlidir ki, virusa yoluxsalar, çətin, əziyyətli günlər keçirəcəklər, yaxınlarında olan yaşlı adamlar yoluxub, dünyasını dəyişə bilərlər. Ona görə də, hər kəs özünü qorumalıdır. Bununla bağlı həm KİV-də, televiziyalarda kifayət qədər maarifləndirici materiallar yayılıb. Marketlərə daxil olarkən, ictimai nəqliyyatdan istifadə edərkən düşünməliyik ki, ətrafımızda koronaviruslu xəstələr ola bilər, bizi yoluxdura bilərlər. Ona görə də, maskadan, gigiyenik vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməliyik. Yoluxmamağın yeganə yolu budur. Zor gücünə, qadağalar tətbiq etməklə, heç bir nəticə olmayacaq”.

Ülviyyə Şahin