Logo
news content
User
Kateqoriyalar

Analitika

Uğurlu başlanğıc

Müharibənin ilk həftəsi geridə qaldı. İlkin nəticələrə görə, Azərbaycan Ordusu tamamilə üstün mövqedədir, işğalda olan 22 kənd və qəsəbə, habelə Cəbrayıl şəhəri azad olunub. Hərbi-strateji əhəmiyyətli Suqovuşan (keçmiş Madagiz) qəsəbəsinin və ətraf yüksəkliklərin geri alınması əməliyyatların bundan sonrakı mərhələsi üçün mühüm imkanlar açır. Düşmənin manevr imkanları xeyli daralıb.

Cəbhədə Azərbaycanın hərbi üstünlüyü Ermənistan rəhbərliyi tərəfindən də etiraf edilir. Məsələn, Paşinyan xalqa müraciətində cənub-şərq cəbhəsindəki silahlı qüvvələrin çətin vəziyyətdə olduğunu açıqlayıb və bunu Azərbaycan ordusunun Türkiyənin dəstəyi ilə misli görünməmiş hücumlarıyla əlaqələndirib. Erməni ekspertləri və xarici müşahidəçilər də Azərbaycan ordusunun naliyyətlərini qeyd edirlər. Bu zaman qarşı tərəfin hərbi-texniki üstünlüyü, müasir silahlar alması, canlı qüvvəsinin qat-qat artıq olmasının vurğulanması ilə yanaşı, Paşinyanın ritorikasındakı "Türkiyənin dəstəyi" ifadəsi işlədilmir. Təbii ki, baş nazir Türkiyə faktorunu şişirdərək məğlubiyyətə bəraət qazandırmağa çalışır. Qərbdə bəzi dairələr də erməni lobbisinin təsiri ilə bu barədə həqiqətdən kənar məlumatları tirajlamağa çalışırlar. Amma heç bir beynəlxalq təşkilatın mövqeyində Türkiyənin Azərbaycana birbaşa hərbi yardımı barədə qeydlər yoxdur.

Azərbaycandakı daxili milli həmrəylik, xalq-ordu birliyi, bütün siyasi qüvvələrin hərbi əməliyyatları dəstəkləməsi, hökumətə tam dəstək ifadə etməsi də olduqca mühüm faktordur. Ölkə qısa müddətdə müharibə situasiyasına adaptasiya oldu və cəmiyyətin bütün kəsimləri maddi, mənəvi dəstəyini ordudan əsirgəmədi. Hazırda Azərbaycan miqyasında həm Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürülür, həm də döyüşən ordunun ehtiyaclarına uyğun yardım kampaniyaları aparılır. Burada xüsusi qeyd etmək lazımdır ki, bu kampaniya dövlət tərəfindən təşkil olunmur, cəmiyyətin öz təşəbbüsüdür. Təbii ki, Azərbaycandakı milli birlik, orduya misilsiz dəstək düşməndə məyusluq yaradır, bunu pozmaq üçün onlar beynəlxaq hüquq normalarını tapdalayaraq müxtəlif təxriatlara əl atırlar. Son iki gündə Gəncə, Mingəçevir şəhərlərinin, Tərtər, Bərdə rayonlarının, hətta Abşeronun atəşə tutulmasında məkrli niyyətlərdən biri bununla bağlıdır. Düşmən cəhd edir ki, 90-cı illərdə olduğu kimi, Azərbaycanda qorxu, təlaş yaransın, cəmiyyət xaosa sürüklənsin. Amma düşmənin gözləntiləri nəinki özünü doğrultmadı, tamamilə əks-reaksiya ortaya çıxdı.

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistanda görünən siyasi böhran əlamətləri də ilk həfətinin mühüm hadisələri sırasındadır. Müşahidələr göstərir ki, Rusiyadan və Qərbdən gözlədiyi dəstəyi ala bilməyən Paşinyan iqtidarı Azərbaycanı dayandırmaqda aciz qalıb. Baş nazir davamlı olaraq Rusiya, ABŞ rəhbərliyi və Avropa strukturları ilə əlaqə saxlayır, onlardan situasiyaya müdaxilə etmələrini xahiş edir. Paşinyan çalışır ki, Azərbaycana qarşı güclü beynəlxalq təzyiqlər təşkil etməklə hərbi əməliyyatlar dayandırılsın, zəifləmiş erməni ordusu yeni mövqelərdə möhkəmlənsin, dağıdılmış təchizat zənciri bərpa olunsun. Eyni zamanda, daxildə yetişən siyasi böhran ertələnsin, rəqiblərin revanşı üçün münbit şərait yaranmasın. Bu niyyətə çatmaq üçün Azərbaycanın şəhərlərini raket atəşinə tutmaqla Bakını adekvat zərbələr endirməyə təhrik etmək kimi məkrli plan da işə salınıb. Təbii ki, bütün bunlar Ermənistan rəhbərliyinin istəkləridir, onların həyata keçməsi isə kifayət qədər mürəkkəb məsələdir. Çünki Azərbaycan tamamilə beynəlxalq prinsiplərə uyğun hərəkət edir, düşmənə və beynəlxalq dairələrə sərt təzyiqlər üçün əsas vermir. Türkiyədən fəal siyasi-mənəvi dəstək alması, bunun əksinə, Paşinyanın Rusiyadan gözləntilərinin puça çıxması da Yerevan üçün əlverişsiz situasiya yaradıb.

Prezident İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində mövqeyini aydın şəkildə ifadə edib. Hərbi əməliyyatlar davam edəcək, indki şərtlər daxilində onun dayanması mümkün deyil. Ermənistan yalnız Azərbaycanın ərazi bütövlüyünü qəbul etdikdən sonra işğalda olan ərazilərin boşaldılması üçün Bakıya qrafik versə, o zaman atəşkəs rejimi bərpa olunacaq. Hələlik Paşinyan bu şərtləri qəbul etmək niyyətində görünmür, amma bu, sonuncu mövqe də deyil. Elə dünən o, "The New York Times" qəzetinə müsahibəsində məsuliyyəti xeyli dərəcədə qondarma "Dağlıq Qarabağ Respublikası”nın üzərinə atmağa çalışıb. Baş nazir Dağlıq Qarabağdakı ərazilərin güzəştə gedilməsi barədə suala məhz Dağlıq Qarabağdakı rejim rəhbərliyinin cavab verməli olduğunu deyib.

Yekun olaraq, qeyd edək ki, ilk həftənin mənzərəsini tam olaraq hərbi əməliyyatların gedişi müəyyənləşdirir. Siyasi cəhdlər, diplomatik təmaslar arxa plandadır. Səngərdə isə Azərbaycan ordusudur, ümid edirik, torpaqlar işğaldan azad olunana qədər sözü bizim generallar deyəcək.

Turqut