
Türkiyədə seçkilərin taleyi həll olunubmu?
Analitiklər hazırkı prezidentin qələbə çalacağını düşünürlər
26 May 2023
Prezident seçkilərinin birinci turunda beş faizdən çox seçici səsi toplayan “ATA” İttifaqından prezidentliyə namizəd Sinan Oğan mayın 28-də keçiriləcək ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb. Bu barədə Anadolu Agentliyi xəbər verir.
Oğan Ankarada keçirdiyi brifinqdə deyib: “Elan edirəm ki, səsvermənin ikinci turunda “Cümhur” İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik”.
Siyasətçi tərəfdarlarını hazırkı dövlət başçısına səs verməyə çağırıb. Oğan seçkilərdə iştirak üçün öz imzası ilə onun namizədliyini dəstəkləyən 111,5 min seçicinin hər birinə təşəkkür edib.
“Biz üç ildir ki, seçkilərə hazırlaşırıq. Ona görə də 5,2 faiz səs almağımız təəccüblü deyil. Məsləhətləşmələrin və müzakirələrin nəticələrinə əsasən, Ərdoğanın namizədliyini dəstəklədiyimi bəyan edirəm. Birinci turda mənə səs verən seçiciləri mayın 28-də hazırkı prezidentin namizədliyini dəstəkləməyə çağırıram”.
“ATA” İttifaqının nümayəndəsi qarşıdan gələn səsvermənin nəticələrinin Türkiyənin inkişafına və güclənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərinin nəticələrinə görə, Ərdoğan 49,24 faiz, onun əsas rəqibi, altı partiyadan ibarət müxalifət koalisiyasının lideri Kamal Kılıçdaroğlu isə 45,07 faiz səs toplayıb.
Ekspertlər Sinan Oğanın bu qərarından əvvəl də hazırkı dövlət başçısının ikinci turda rəqibini məğlub edə biləcəyinə işarə edirdilər. İndi Ərdoğanın yenidən seçilmək şansları daha yüksək görünür.
Beləliklə, ortaya sual çıxır. Ərdoğanın qələbəsini həll olunmuş məsələ saymaq olarmı? Kılıçdaroğlunun seçiləcəyi təqdirdə regional düzənin dəyişməsindən qorxanlar indi rahat nəfəs ala bilərmi?
Press Klubun suallarını mövzunu yaxından izləyən xarici ekspertlər cavablandırıb.
Kiyevdəki Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov hesab edir ki, Sinan Oğanın Türkiyədə keçirilən gərgin prezident seçkilərində Ərdoğanı dəstəkləməsi ilə bağlı açıqlamasının daha çox simvolik əhəmiyyəti var.
Oğana verilən səslər eyni zamanda həm də hər iki əsas namizədə qarşı etiraz səsləri idi. Bəzi ilkin sorğular göstərir ki, mayın 28-də Oğanın seçicilərinin təxminən yarısı evdə qalacaq və seçkiyə getməyəcək, qalanları isə Ərdoğan və Kılıçdaroğlu arasında təxminən bərabər bölünəcək. Üçüncü namizədin seçicilərinin bu cür seçki davranışı ssenarisi Ərdoğanı ikinci turun şəksiz favoriti edir”, - Danilov hesab edir.
Öz növbəsində “MK-Türkiyə”nin baş redaktoru Yaşar Niyazbayev bildirib ki, o, məsələnin tam həll edildiyinə inanmır.
Rauf Orucov