Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqubluya qarşı 12 yaşlı uşaqdan ifadə alınıb

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu işə Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev baxıb, hökm verəcək.

T.Yaqublu iclasda çıxışında deyib ki, hakimin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qohumu olması haqda onda məlumat var, ümumiyyətlə, nə onun, nə də başqa bir hakimin obyektiv araşdırma aparıb, ədalətli hökm verəcəyinə inanmır. İnamsızlığının səbəbini belə izah edib ki, həbsinin sifarişi birbaşa Prezident Administrasiyasından gəlib.

T.Yaqublu vurğulayıb ki, maşında oturub, həyat yoldaşının bazardan çıxmasını gözlədiyi vaxt başqa bir avtomobil gəlib onun maşınına çırpılıb. Dərhal həmin avtomobilin içindən düşən sürücü və yanındakı qadın ona yaxınlaşaraq aşağı düşməsini tələb ediblər:

“Qadın az qalırdı şüşələri sındırsın. Dayandığım yerdə gəlib maşını vurmalarından və daha sonra bu hərəkətlərindən anladım ki, artıq mənə qarşı təxribatdır. Polisə zəng elədim, hadisə barədə xəbər verəndə dəstəyin o başındakı adam qayıtdı ki, “Cəvahir xanım da yanınızdadır?” Əvvəl bir şey anlamadım, elə bildim kiminləsə səhv salır. Sonradan aydın oldu ki, polis olacaqlardan əvvəldən xəbərdar imiş. Elə bilib ki,   zəng edən də qarşı tərəfdir...”

T.Yaqublunun vəkilləri onun haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər. Bildirilib ki, əgər ortada zərər görən biri varsa, o da T.Yaqubludur. Çünki heç bir günahı olmadığı halda, şərlənərək həbs olunub. Əgər cinayət işinə xitam verilməsə, heç olmasa, hökmə qədər onun ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırılıb. Vəkil Aqil Layıc nəzərə çatdırıb ki, müvəkkili astma xəstəliyindən əziyyət çəkir: “Bu baxımdan koronavirusa yoluxmaq üzrə risk qrupuna daxildir”.

Vəkilin daha bir istəyi isə T.Yaqublu həbs olunandan bu yana Nizami rayon Polis İdarəsinin həyətində saxlanılan avtomobilinin həyat yoldaşı Maya Yaqubluya qaytarılması haqda olub: “Həm o avtomobilin həyat yoldaşına verilməsi üçün etibarnamə var, həm də ailənin maddi ehtiyacı yaranıb, maşını satmaq istəyirlər”.

Amma qaldırılan məsələlərin hamısını hakim rədd edib.

“Çox təəssüf ki, bu gün Azərbaycan hakimiyyəti belə saxtakar adamların ümidinə qalıb. Siz məni mühakimə edə bilməzsiniz. Bu gün haqq da mənəm, qanun da mənəm, məhkəmə də mənəm! Siz sadəcə, sifariş yerinə yetirirsiniz. Mənim haqqımda qərar verməyə cürətiniz çatmaz. Çatsaydı, əgər gerçəkdən hakim olsaydınız, elə birinci iclasdan xitam verərdiniz. Vaxt gələcək, bütün bunlara, o cümlədən bu gün cəbhəçilərə qarşı repressiyalara görə hər biriniz cavab verəcəksiniz”, - deyə T.Yaqublu hakimə söyləyib. Onun sözlərinə görə, 12 yaşlı uşağı şahid qismində dindirib, onu tanıması, zərərçəkmişləri döydüyünü görməsi barədə ifadə alıblar.

Cinayət işinə mahiyyəti üzrə avqustun 5-də baxılacaq.

Qeyd edək ki, T.Yaqublu martın 22-dən həbsdədir. İttihamda yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Gülər