Logo
news content
User
Kateqoriyalar

Analitika

Tibbi sığortada əlçatmaz mərhələ
2026-cı ildə vətəndaş daha çox, dövlət daha az ödəyəcək

2026-cı ilin 1 yanvarından Azərbaycanda sosial və tibbi sığorta sahəsində yeni qaydalar və maliyyə dəyişiklikləri qüvvəyə minəcək. Bu dəyişikliklər fərdi fəaliyyətlə məşğul olan şəxsləri, qeyri-formal işləyənləri və kiçik sahibkarları əhatə edir.

Yeni qərarlara əsasən, toy və şənlik aparıcıları, musiqiçilər, rəqqaslar, foto və audio xidmət göstərənlər, bərbərlər, aşpazlar, bağbanlar, pinəçilər, sürücülər və dayələr üçün aylıq sosial sığorta haqqı 5 faizdən 8 faizə qaldırılır.
Vəkillər və mediatorlar gəlirlərinin 15 faizini sosial sığorta haqqı kimi ödəyəcəklər (əvvəl 10 faiz idi).
Qeyri-formal məşğul şəxslər isə icbari tibbi sığorta üçün illik 192 manat ödəyəcəklər.
Eyni zamanda, sahibkarlar gəlirlərinin 2 faizi həcmində məcburi sosial sığorta haqqı ödəməli olacaqlar.

 

Dövlətin tibbi sığortaya ayırdığı vəsait azalır

 

Yeni ildən vətəndaşın üzərinə düşən maliyyə yükü artdığı bir vaxtda, dövlət büdcəsindən tibbi sığortaya ayrılan vəsait azaldılır. 2026-cı ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta Agentliyinə ayrılan məbləğ 900 milyon manat azaldılıb.

Ekspertlər bu tendensiyanı “xərclərin mərhələli şəkildə dövlətin üzərindən vətəndaşın üzərinə keçirilməsi” prosesi kimi qiymətləndirirlər. Bu, eyni zamanda, hökumətin tibbi sığorta sistemini özünü maliyyələşdirən modelə keçirmək strategiyası ilə izah olunur.

 

Yeni qaydalar: bəzi tibbi xidmətlər artıq ödənişli olacaq

 

İcbari Tibbi Sığorta Agentliyi 2026-cı ildən xidmət zərfinin məzmununda dəyişikliklər də planlaşdırır. 

Məlumata görə:

bəzi planlı əməliyyatlar və laborator analizlər artıq ödənişli əsaslarla göstəriləcək;

dərman təminatının yalnız məhdud sayda xəstəliklər üzrə qalacağı gözlənilir;

özəl klinikalarla müqavilələrin sayının azaldılması da gündəmdədir.

Bu dəyişikliklər rəsmi şəkildə “xidmətlərin səmərəliliyini artırmaq” kimi təqdim olunsa da, praktiki baxımdan vətəndaş üçün xərclərin artması anlamına gəlir.

 

Ən ciddi dəyişiklik 

isə qeyri-formal məşğul şəxslərlə bağlıdır. Belə ki, rəsmi əmək müqaviləsi olmayan və fərdi qaydada çalışan şəxslər icbari tibbi sığorta üçün illik 192 manat ödəməli olacaqlar. Əks halda, onlar tibbi sığortadan tamamilə məhrum ediləcəklər.

Bu qərar sosial bərabərlik baxımından ciddi müzakirələr doğurur. Hazırda ölkədə işsizlərin və qeyri-formal sektorda çalışanların sayı yüz minlərlə nəfərlə ölçülür. Bu şəxslər üçün ildə 192 manat ödəmək faktiki olaraq əlçatan olmayan məbləğ ola bilər. Ekspertlər bildirirlər ki, sosial sığorta sisteminin məqsədi bərabərlik və təminat olsa da, bu yanaşma sosial ədalət prinsipinə zidd təsir bağışlayır — “ödəməsən, sağlamlıq xidmətindən məhrum olursan” prinsipi formalaşır.

 

Xarici təcrübə

 

Türkiyədə işsiz və aztəminatlı vətəndaşlar GSS (Genel Sağlık Sigortası) sistemi çərçivəsində dövlət tərəfindən sığortalanır, onlar üçün ödənişlər büdcədən qarşılanır.
Gürcüstanda oxşar şəkildə Universal Healthcare Program vasitəsilə bütün vətəndaşlar dövlət hesabına ilkin tibbi xidmətlərdən yararlana bilir.
Ermənistanda isə 2024-cü ildən mərhələli şəkildə tətbiq olunan ümumi tibbi sığorta sistemində işsizlər üçün dövlət subsidiyası nəzərdə tutulub.

Beləliklə, regionun digər ölkələrində işsiz və aşağıgəlirli təbəqələrin dövlət hesabına sığortalanması prinsipi işlədiyi halda, Azərbaycanda əksinə, bu yük onların öz üzərinə qoyulur.

 

2020–2022-ci illərdəki hədəflər və bu günün reallığı

 

Xatırladaq ki, üç il əvvəl tibbi sığorta sisteminin əsas məqsədi vətəndaşın tibbi xidmətlərə pulsuz və bərabər çıxışını təmin etmək idi.
O zaman hökumət bu islahatı sosial ədalət və səhiyyənin maliyyə şəffaflığını artıran addım kimi təqdim etmişdi.

Amma indi yaranan vəziyyət bu hədəflərlə tam uzlaşmır:

dövlətin ayırdığı maliyyə azalır,

vətəndaşın ödəniş yükü artır,

tibbi xidmətlərin bir hissəsi kommersiya prinsipləri ilə göstərilməyə başlanır.

 

Ekspertlər hesab edirlər ki, bu model uzunmüddətli perspektivdə “tibbi xidmətlərin özəlləşməsi” tendensiyasını gücləndirə bilər.

 

Beləliklə, 2026-cı ildən tibbi sığorta sistemində baş verəcək dəyişikliklər maliyyə yükünün dövlətin üzərindən vətəndaşın üzərinə keçdiyini göstərir.
Əgər 3 il əvvəl məqsəd bərabərlik və sosial müdafiə idisə, indi əsas diqqət büdcə qənaətinə və sistemin özünü maliyyələşdirməsinə yönəlib. Növbəti illərdə bu dəyişikliklərin real nəticəsi vətəndaşın cibində və xəstəxana qapılarında özünü göstərəcək.

 

Turqut