Logo
news content
User
Kateqoriyalar

Analitika

Təhsil xərclərinin məbləği çaşqınlıq yaratdı

Dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləğinin açıqlanması anlaşılmazlığa səbəb olub. Sosial şəbəkədə çoxları bunu təhsil haqlarının artırılması kimi təqdim ediblər. Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova müraciət etdik.

C.Valehov “Press Kluba”a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 aprel tarixli fərmanı ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində təhsilin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi mexanizmi təsdiq edilib:

“Bugünədək həmin maliyyələşdirmə mexanizmi ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində dövlət sifarişi əsasında təhsil alanlara münasibətdə tətbiq edilirdi. 2020-ci ildən başlayaraq ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların təhsil xərcləri də dövlət hesabına maliyyələşdiriləcək. Hər il dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların orta illik sayının 500-dən artıq olacağı proqnozlaşdırılır. Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla müxtəlif elm sahələri üzrə hər bir təhsilalana bütün təhsil müddəti ərzində dövlət tərəfindən çəkilən illik xərclərin miqdarı müəyyən edilib. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) yeni təsnifatı təsdiq edilib, 2009-cu ildən etibarən qüvvədə olan təsnifat ləğv olunub. Yeni təsnifata daxil olan ixtisaslar üzrə mütəxəssis hazırlığı 2020-2021-ci tədris ilindən etibarən başlayacaq. Eyni zamanda, ləğv edilmiş təsnifatda yer alan bəzi ixtisaslar üzrə bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində həmin ixtisaslar üzrə normativ təhsil müddəti başa çatanadək davam etdiriləcək. Hər iki təsnifatdan olan ixtisaslar üzrə təhsilalanların təhsilinin dövlət sifarişi əsasında maliyyələşdirilməsinin müvafiq müddətdə davam etdirilməsi və 2020-2021-ci tədris ilindən etibarən başlayacaq mütəxəssis hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsinin təmin edilməsi üçün hüquqi əsasların yaradılması məqsədilə qərarda ixtisasların adları sözügedən təsnifatlarda olduğu kimi verilib”.

C.Valehov qeyd etdi ki, bu qərarla ali təhsil pilləsində məhz dövlət sifarişi ilə təhsil alan şəxslərin təhsilinə görə dövlət tərəfindən ali təhsil müəssisələrinə ödənilən xərclərin miqdarı tənzimlənir. Onun sözlərinə görə, magistraturaya qəbul olan tələbələrin qeydiyyatı onlayn şəkildə təşkil ediləcək:

“Bununla bağlı Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssiələrinə müvafiq sirkulyar məktub göndərilib”.

Ülviyyə Şahin