Logo
news content
User
Kateqoriyalar

Analitika

TARİXİ GÜN

Azərbaycan tarixi anlar yaşayır. Bu gün Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev Şuşa şəhərinin 28 il sonra işğaldan azad olunduğunu elan etdi. Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın qəlbi olan Şuşanın azadlığı paytaxt Bakı başda olmaqla, ölkəmizin hər yerində böyük coşğu ilə qeyd edilir. Azərbaycan xalqı bu möhtəşəm zəfəri 28 il idi, həsrətlə gözləyirdi. Biz də bu atmosferdə tarixi hadisə ilə bağlı əlimiz yetən tanınmışlardan öz hisslərini bölüşmələrini xahiş etdik.

“Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:

“Sözlə ifadə etmək çox çətindir. Həddən artıq sevindim. Böyük qürur və fəxr hissi keçirirəm. İlk növbədə Ali Baş Komandana və bizim gözəl, igid, qəhrəman əsgərlərimizə, ordumuza buna görə borcluyuq. Həmin əsgərlərimizi dünyaya gətirmiş, böyütmüş, tərbiyə etmiş valideynlərinin qarşısında baş əyir, əllərindən öpürəm. Böyük qələbədir. Hələ qarşıda döyüşlər var. Amma Şuşa bizim üçün böyük bir mənəvi simvoldur. Şuşa bizim ürəyimizdir. Şuşanın işğalı vaxtilə bizə vurulmuş ən ağır zərbələrdən biri idi. Biz həmin o məğlubiyyətin acısını üstümüzdən götürdük. Şükür Allaha! İndi biz ancaq irəli getməliyik, xalq bir yerdə olmalıdır. Məmə deyəndən, pəpə deyənə kimi - hamımız birgə olub, Qarabağı sonadək azad etməliyik. Qarabağı yenidən Azərbaycanın cənnət və gözəl guşələrindən birinə çevirməliyik. Hamını təbrik edirəm, gözümüz aydın olsun! Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhları şad olsun!”

 

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal:

“Çox qeyri-adi hisslərdir. Sözlə ifadə etmək həddən artıq çətindir. Otuz ilə yaxındır ki, bu günləri gözləyirdik. Çox qeyri-adi günlərdir. Şuşa bizim üçün sadəcə, torpaq anlayışı deyil, ərazi bütövlüyümüzü bərpa etmək demək deyil. Azərbaycan və azərbaycanlılar üçün Şuşanın daha böyük bir anlamı var. Şuşa bizim mənəviyyatımızın paytaxtıdır! İndi siz təsəvvür edin ki, mənəviyyatımızın paytaxtı işğaldan azad olundu. Bu hissləri bizə yaşadan müzəffər ordumuz, Ali Baş Komandanımızdır. Bizim ürəyimiz onlara minnətdarlıq hissləri ilə doludur. Mən təsəvvür edə bilmirəm ki, biz onların borcunu necə qaytara bilərik. Bizə bir ömür bəs etməz ki, onların qarşısında minnətdarlıq borcumuzu geri verək. Arzu edirəm ki, yaxın zamanlarda böyük qələbəmiz tam təmin olunsun. İşğal altında olan bütün ərazilərimiz – Laçın, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Əsgəran da işğaldan azad olunsun. Düşünürəm ki, böyük qələbəyə bir şey qalmadı. Bizim Qarabağ arzularımızın pik nöqtəsi, ən uca zirvəsi Şuşa idi ki, biz artıq Şuşanı almışıq. Deməli, böyük qələbəyə çox az qalıb. İnanıram ki, tezliklə Ali Baş Komandan həmin böyük qələbə müjdəsini verəcək. Ondan sonra biz çox sevinəcəyik, bir-birimizi çox təbrik edəcəyik, gözaydınlığı verəcəyik. Amma bizim işlərimiz ondan sonra başlayacaq. İşğaldan azad olunmuş bögələrimizdən gələn video, fotoları görürsünüz. Düşmən necə barbarcasına, vəhşicəsinə o şəhərləri, kəndləri darmadağın edib. Bizim kəndlərimizə sanki atom bombası düşüb. Sıfırdan həmin şəhər və kəndlərimizi yenidən qurub, bərpa etməliyik. Daha sonra bizim insanlarımız, qarabağlılarımız həmin torpaqlara köçməlidirlər ki, sözün əsl mənasında qələbənin dadını bilək, o möhtəşəm hissləri ürəkdən yaşaya bilək. Azərbaycanda çox gözəl bir proses gedir. Allah bizə kömək olsun. Otuz ildən artıq gözlədiyimiz qələbəni dadırıq. Bir azərbaycanlı üçün bundan gözəl nə ola bilər?!”

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli:

Vallah, danışmaq çox çətindir. Son bir aydan çox müddəti sanki yuxuda yaşayırıq. Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin, Ali Baş Komandanının çox qısa bir zamanda, xalqla bir yerdə, bütün siyasi partiyaların dəstəyi ilə gözəl qələbələrə imza atması tarixi hadisədir. Azərbaycan xalqı, Azərbaycan Ordusu, Ali Baş Komandan tarix yazır. Tarixdə çox nadir görünən hadisələrdən biridir ki, 26 ildən artıq möhkəmləndirilmiş düşmən istehkamları çox qısa bir zamanda darmadağın edilir. Şuşa Azərbaycanın qəlbidir. Şuşa Azərbaycanın döyünən ürəyidir. Şuşa Azərbaycanın mənəvi kimliyidir. Mənəvi kimliyimiz özümüzə qayıtdı...”

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli:

“Çox qarışıq hisslərdir. Çünki bir tərəfdən son damla qanına qədər mübarizə aparan şəhidlərimiz sayəsində 28 ildən çoxdur ki, işğalda olan Azərbaycan mədəniyyətinin mərkəzinin - yalnız Azərbaycanın deyil, türk dünyasının ən önəmli şəhərinin, strateji əhəmiyyəti böyük olan Şuşanın alınması sözlə ifadə olunmayacaq bir duyğudur. Hər kəs kimi, mən də çox duyğulandım, sevindim. Bu sevinc həm də qarışıq bir duyğudur. Dediyim kimi, bir tərəfdən bu qələbə çox sayda şəhdilərimizinin qanı bahasına başa gəlib. Digər tərəfdən isə otuz il bundan öncə bu torpaqlar uğrunda mübarizə edib, əlində saxlaya bilməyən insanların da ruhu bu gün şaddır. Ona görə də, prezidentin bu şad xəbəri Şəhidlər Xiyabanında elan etməsi xüsusi əhəmiyyət daşıyırdı. Şuşa bir dönüm nöqtəsidir. Azərbaycanın işğal olunmuş ərazilərinin çox sürətlə azad olunacağının müjdəsidir. Şuşa ermənilərin birmənalı olaraq işğalçı siyasətinin sonunun başlamasıdır. Bundan sonra baş verəcək hadisələr çox sürətli olacaq. Ağdam, Ağdərə, Xocavənd, Kəlbəcər, Laçınımızı da geri alacağıq. Buna çox az vaxt qalıb. Azərbaycan xalqı artıq başqa bir xalqdır. Əzilmiş, məğlub olmuş deyil, zəfər çalmış, zəfərlə qürur duyan xalqdır. Xalqın yeni bir doğuluşu baş verir”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev:

“Uzun illər, otuz ildən çox müddətdir ki, bu problemin içindəyəm. Bu prosesin içində bir jurnalist, bir fəal kimi cürbəcür tədbirlərdə, görüşlərdə, müzakirələrdə olmuşam. Yazılarımızda, işimizdə, evimizdə və s. yerlərdə bununla yaşamışıq. Yəni uzun sürən gərgin mübarizə, gərgin dövr və birdən-birə sanki bir boşluq yaranır... Bir tərəfdən sevinirsən, ancaq bir tərəfdən də bir boşluq hiss edirsən. Sanki birdən bağlanan bir düyün açıldı, elə bil ki, hər şey bitdi. Lakin qarşıda artıq hazırlaşırsan ki, növbəti mərhələdə bu qələbəni möhkəmləndirmək, inkişaf etdirmək, dövləti qurmaq – böyük işlər bizi gözləyir. Və artıq buna hazırlaşırsan. Mən artıq bunları fikirləşirəm. Artıq bu məsələləri düşünürəm. Bax, belə bir duyğu yaşamaqdayam”.

Xalq şairi, publisist, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı:

“Bu gün ümumxalq bayramıdır. Bu bayramın qəhrəmanı, lideri Azərbaycanın prezidenti, Ali Baş Komandanı İlham Əliyevdir. Mən onun çıxışını dinlədim. Şuaşanın azad olunması xəbərini kövrəlmədən dinləmək olmazdı. Bu xəbəri eşidəndə hər bir azərbaycanlı həm sevindi, həm də otuz ildə çəkdiyimiz bütün ağrı-acı yadımıza düşdü. Çox qəribə, sarsıntılı anlar yaşadım. Həm də qürur, sevinc anları yaşadım. Bu, çox qeyri-adi şəkildə baş verdi. Azərbaycan prezidenti bu gün hərbi geyimdə Azərbaycanın ulu öndəri, mərhum prezidenti Heydər Əiyevi, öz atasını ziyarət etdi. Və o, atasını ziyarət edəndə, mən ətrafımdakı dostlarıma deyirdim ki, indi o, ürəyində pıçıldayır ki, mən sənin vaxtından qalan bütün problemləri, o dünyaya səninlə bərabər ürək ağırısı kimi gedən problemləri həll etdim, rahat yat, yerin rahat olsun. Sonra o, ürəyində düşündüklərini bütün millətə bəyan etdi. Şuşa Azərbaycanın qədim mədəniyyət mərkəzi, eyni zamanda da Qarabağın paytaxtıdır. Şuşa Qarabağ xanlığının paytaxtı olub. Şuşa Azərbaycanın baş tacı, incisidir. Onun düşməndə olması bizimi heysiyyətimizə toxunurdu. Ermənilərin Cıdır düzündə, onlara dəxli olmayan bir yerdə yallı getmələri, oynamaları, oxumaları bizim hamımızın ruhumuzu, ürəyimizi ağrıtmışdı. Ona görə də, bu gün bütün ağrı-acı ürəyimizdən çıxdı. Və bu gün bütün Azərbaycan bayram edir. Şuşa artıq Xankəndinin başının üzərindədir. Şuşanın azad olunması otuz illik həsrətin sonudur. Qarabağ savaşının zirvəsi, həlledici nöqtəsi Şuşanın alınması idi. Bu münasibətlə ilk növbədə şuşalıları, qarabağlıları, bütün xalqımızı ürəkdən təbrik edirəm, Azərbaycan Ordusu qəhrəman ordudur. Hamısını alqışlayıram, var olsunlar. Allah şəhidlərimizə rəhmət eləsin. Eyni zamanda, Azərbaycan prezidentini ürəkdən təbrik edirəm. Biz siyasi partiyalar olaraq, bu gün öz təbrikimizi Ali Baş Komandana göndərmişik. İndi sizin sayt vasitəsilə də ürəkdən təbrik edirəm. O, doğrudan da böyük bir qəhrəmanlıq etdi. Adını Azərbaycanın şərəfli qalibiyyət tarixinə yazdı”.

Milli Məclisin deputatı Jalə Əliyeva:

“Sözlə ifadə edilməsi mümkün olmayan, möhtəşəm hisslər içərisindəyik. Biz bu yola doğru otuz ildən artıq yol gəlmişik. Çox şükürlər olsun ki, bu gün Şuşa bizimdirsə, bu, o deməkdir ki, artıq Qarabağımız bizimdir. Cənab prezident döyüşlərin başladığı ilk günlərdə “Şuşasız bizim işimiz yarımçıq qalar”, demişdi. Bu, o deməkdir ki, biz artıq qələbəmizi tamamlayırıq. Bayraq Günü ərəfəsində Şuşaya bayrağın sancılması həm böyük bir mesaj, həm də böyük bir simvolik məna daşıyır ki, Azərbaycan bayrağı heç bir zaman endirilə bilməz. Əzəli, ona aid olan torpaqlarda hər zaman Azərbaycan bayrağı dalğalanacaq. Eyni zamanda, bu, dünyaya əhəmiyyətli bir mesajdır. Bölgədə Azərbaycan adlı çox güclü bir dövlət var və hələ də ikili standartlarla idarə olunan qüvvələr və təşkilatlar bu dövlətlə hesablaşmaq, bu dövlətə lazım olduğu diqqəti ayrımaq məcburiyyətindədirlər. Əlbəttə ki, bu gün Ermənistan böyük bir məğlubiyyətə uğrayıb. Ermənistan həm siyasi, hərbi, həm diplomatik səhnədə böyük bir məğlubiyyətə məruz qalıb. Və onlar bu məğlubiyyətlərini dərk edib, vəziyyəti anlamalıdırlar. Bu gün ölkə prezidentinin növbəti tarixi müraciətində də qeyd etdiyi kimi, biz Ermənistana təklif edirik ki, geri çəkilsin, qalan şəhər və kəndləri də qan axıdılmadan təhvil versin. Əgər bunu etməzlərsə, biz yenə də davam edəcəyik, sonuna qədər gedəcəyik və prezidentimizin də söylədiyi kimi, bir qarış belə torpağımız erməni tapdağı altında qalmayacaq. Əlbəttə ki, sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə yaşadan ordumuza, dövlətimizə minnətdarıq. Onların qarşısında baş əyirik. Qəhrəman əsgərlərimiz sağ olsun. Şəhidlərimizin ruhları bu gün şaddır. Gözün aydın, Azərbaycan... Yaşa, prezidentim! Var ol, əsgərim!”

Milli Məclisin deputatı Vüqar Bayramov:

“Çox xoş və təsirli gündür. Azərbaycan üçün Şuşanın işğaldan azad olunması qürur hadisəsidir. Şuşaya nəzarət edən Qarabağa nəzarət edir. Biz bu gün Şuşadayıq. Qarabağ öz doğma sahibinə qayıdır. Ona görə də, çox sevincliyik. Sevincimizi bəzi hallarda təsvir etmək də çətindir. Düşünürəm ki, Azərbaycan xalqının tarixində ən sevincli günlərdən biridir. Bu xoş günü, sevinci bizə yaşadan Ali Baş Komandana,  şanlı ordumuza minnətdaram. Var olsunlar. Uğrularımız davamlı olacaq. Qarabağın bir rayonunu, Füzulini parlamentdə təmsil edən millət vəkili olaraq, xüsusən qeyd etmək istərdim ki,  Qarabağdakı qələbəmiz həm də Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Biz artıq Qarabağda yaxın zamanda bərpa və quruculuq mərhələsinə daxil olacağıq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı da bütövləşir. Çünki həm ərazimizin, həm də iqtisadiyyatımızın bir hissəsi mənfur ermənilər tərəfindən işğal olunmuşdu. Bu isə o deməkdir ki, bizi - bütöv Azərbaycanı və ərazisi bütövləşmiş Azərbaycanı - həm də çox gözəl iqtisadiyyat və çox gözəl günlər gözləyir. Və çox qısa zamanda Şuşa şəhəri daxil olmaqla, həyat, gülüş işğaldan azad olan bütün yaşayış məntəqələrimizə, kəndlərimizə və şəhərlərimizə qayıdacaq”.

Ülviyyə Şahin