“Tarix öyrətmir, tarix cəzalandırır”
Qırğızıstan hakimiyyətinin Putin qarşısındakı sədaqəti təəccüb doğurur
30 Noyabr 2025
Rusiya prezidenti Vladimir Putinin səfərindən əvvəl Qırğızıstan prezidentinin rezidensiyasının qarşısında yerləşən Ukrayna səfirliyinə görünüş bağlanıb. Binaların arasına böyük LED ekran quraşdırılıb. “The Moscow Time” yazır ki, buna jurnalist Qriqori Pırlik diqqət yetirib. Beləliklə, noyabrın 27-də Putinin qəbul edildiyi rezidensiya tərəfindən səfirliyin özü və səfirlik ərazisindəki Ukrayna bayrağının görünməsinin qarşısı alınıb.
Ukraynanın Qırğızıstandakı səfirinin müşaviri Denis Avtonomov baş verənləri şərh etməkdən imtina edib. Amma eyni zamanda qeyd edib ki, “müəyyən dərəcədə səbəb-nəticə əlaqəsinin mövcud olması görünür”. Qırğızıstan prezidentinin mətbuat xidməti isə böyük LED ekranın quraşdırılmasını “protokolun yeni elementləri” ilə izah etməyə çalışıb. “Ekrandan hökumətin videomateriallarının təqdimatı və protokol tədbirlərinin vizual müşayiəti üçün istifadə olunacaq”, – oradan bildirilib. Putinin səfəri zamanı isə ekranda Rusiya bayrağı göstərilib.
Putin Qırğızıstana noyabrın 26-da dövlət səfəri edib. Trapda onu şəxsən prezident Sadir Japarov qarşılayıb, prezidentlər qucaqlaşıblar və uzun müddət bir-birinin əlini sıxıblar. Putinin qarşısına qırmızı xalça sərilib, ona milli rəqslər nümayiş etdirilib, qırğızların qırğı ilə və itlərlə ənənəvi ov adətləri göstərilib, qırğız ansamblı isə onun üçün “Kalinka-Malinka” ifa edib.
Ertəsi gün Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edib və daha sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında ABŞ-ın Ukrayna üzrə sülh planını şərh edən Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxarılana qədər müharibəni dayandırmayacaq.
Qırğızıstan formal olaraq Rusiya ilə Ukrayna arasındakı müharibədə neytrallığını qoruyur, lakin dəfələrlə Kremlin sanksiyalardan yayınmasına yardım etməkdə ittiham olunub. Qırğız şirkətləri və bankları ABŞ və Aİ-nin qara siyahılarında yer alır.
Bütün bunlar fonunda belə bir sual yaranır: görəsən, Japarov bununla Moskvadakı diktatora hansısa sədaqət jesti nümayiş etdirməyə çalışır? Bu onun nəyinə lazımdır? Axı Qırğızıstanın Rusiya ilə hətta ümumi sərhədi belə yoxdur. Bu, sadəcə “Şərq siyasəti”dir, yoxsa prezident Japarov həqiqətən də beynəlxalq Orta Dəhlizin yaradılması layihəsində Mərkəzi Asiyanın iştirakını parçalamaq rolunu öz üzərinə götürüb?
Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər cavab veriblər.
Ukraynalı analitik və polittexnoloq Taras Zaqorodnı bildirir ki, Qırğızıstanın mövqeyi, yəqin ki, başadüşüləndir.

“Onlar bir çox istiqamətlər üzrə Rusiyadan asılıdırlar – həm hərbi cəhətdən, həm yanacaq təchizatı baxımından. Üstəlik KTMT-nin üzvüdürlər. Burada təəccüblü heç nə yoxdur. Qırğız hakimiyyətinin mövqeyi belədir – Ukrayna bayraqlarının görünməsi ilə Putini qıcıqlandırmamaq. Çünki aydındır ki, bu, Putin və ətrafında başgicəllənməsinə səbəb olar. Ona görə də heç nəyə təəccüblənmirəm.
Putinin bəyanatlarına da təəccüblənmirəm. O, 2023 və 2024-cü illərdə səsləndirdiyi mövqeyə dəqiq əməl edir. 2023-cü ildə o, özü üçün əsas hesab götürdüyü İstanbul Sazişlərini göstərirdi. Orada söhbət Krımın və Donbasın Rusiya ərazisi kimi tanınmasından, Ukrayna ordusunun 80 min nəfərə qədər azaldılmasından, Ukraynanın ağır silahlardan və ümumiyyətlə öz müdafiə siyasəti üzərində suverenlikdən imtinasından gedirdi. Buna gör də, burada təəccüblü heç nə yoxdur.
İkinci məqam – Ukrayna atəşkəs üçün özünün dörd vilayətindən çıxmalı və NATO-dan imtina etməlidir. Putin öz xəyallarına, öz mövqeyinə sadiqdir və bunu ölümünə qədər dəyişməyəcək”, – ekspert hesab edir.
Qırğızıstanla bağlı isə qeyd edib ki, bu, onların daxili işidir. “Amma aydındır ki, onlar ilk növbədə Rusiyadan asılı ölkədir, bilirik ki, orada Rusiya xüsusi xidmət orqanlarının təsiri böyükdür. Yəqin ki, Rusiyayönümlü çoxlu məmur var. Aydındır ki, hələlik ümumi təsir belədir, amma düşünürəm ki, bu uzun çəkməyəcək. Çünki orada Türkiyə və Çin xətti üzrə də çox aktiv münasibət inkişaf edir. Hələlik onlar Putini belə qəbul edirlər, amma məncə, bu da uzun sürməyəcək”, – Zaqorodnı bildirib.
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə bildirib ki, əgər etikadan kənara çıxsaq, vəziyyət tamamilə anlaşılandır.

“Rusiyanın Qırğızıstandakı elitalara – təkcə hakimiyyətə deyil, biznes və mədəniyyət elitalarında da – təsiri demək olar ki, total səviyyədədir. Japarov isə istənilən digər hakim kimi öz elitalarından asılıdır.
Japarovun özünün “rus dünyası”nın fanatik tərəfdarı olub-olmamasına gəlincə, bunun belə olduğuna inanmıram. O, yəqin ki, vəziyyətin dalana doğru getdiyini anlamamış deyil. Amma hər şeyin öz zamanı var və əgər bu belədirsə, ona uğur arzulayaq. Yox əgər belə deyilsə, onda tarix öyrətmir, tarix cəzalandırır”, – Vasadze fikrini bildirib.
Rauf Orucov