
Sülhün bircə addımlığında: Hər şey həll olundumu?
Azərbaycan və Ermənistan vasitəçilərsiz sülh razılaşmasına gəldi – indi isə müqavilənin taleyini zaman müəyyən edəcək!
15 Mart 2025
Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsinin razılaşdırılmasını mühüm hadisə adlandırıb. Paşinyan həmçinin qeyd edib ki, İrəvan sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı məsləhətləşmələrə hazırdır.
Onun sözlərinə görə, müqavilə imzalandıqdan sonra iki ölkənin sərhədində üçüncü dövlətlərin qüvvələri yerləşdirilməyəcək. Bundan əlavə, beynəlxalq məhkəmələrdə iddiaların geri götürülməsi də nəzərdə tutulur. O, bildirib ki, bu bəndlər müqavilə imzalandıqdan sonra qüvvəyə minəcək.
“Ümumi məntiq ondan ibarətdir ki, biz indi bu məsələlərin bəzi nüanslarını da müzakirə etməliyik. Razılaşdırılan layihənin maddələri sərhəd boyunca üçüncü dövlətlərin qoşunlarının yerləşdirilməməsi, qarşılıqlı olaraq beynəlxalq iddiaların geri çəkilməsi və bir-birinə qarşı düşmən hərəkətlərin edilməməsi ilə bağlıdır”.
“Bu normallaşma prosesi üç ay, altı ay və ya daha bir il təxirə salına bilər. Lakin düşünürəm ki, bu, sadəcə zaman məsələsidir və biz səbirli şəkildə bu prosesi irəli aparmalıyıq”, – deyə Paşinyan bildirib.
Bundan sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması ilə bağlı danışıqlar başa çatıb. Onun sözlərinə görə, Ermənistan sülh sazişinin razılaşdırılmamış son iki maddəsi ilə bağlı Azərbaycanın təkliflərini qəbul edib.
“Növbəti mərhələdə Bakının gözləntiləri bunlardır – Ermənistan Konstitusiyasına dəyişikliklər etməlidir, çünki orada hələ də Azərbaycana qarşı ərazi iddiaları yer alır”, – deyə Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi də (XİN) daha sonra təsdiqləyib ki, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar edilməsi və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə bağlı danışıqlar tamamlanıb.
XİN-in bəyanatına əsasən, sənəd imzalanmağa hazırdır və İrəvan Bakı ilə imzalanma vaxtı və yeri barədə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirir.
Azərbaycan XİN də rəsmi olaraq Ermənistanla sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı danışıqların başa çatdığını təsdiqləyib.
“Sülh sazişi və Azərbaycan-Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması layihəsi üzrə danışıqların başa çatdığını məmnuniyyətlə bəyan edirik”, – deyə nazirliyin rəsmi saytında qeyd olunub.
Bəyanatda vurğulanır ki, Azərbaycanın Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
“Sazişin imzalanmasının əsas şərti Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi, xüsusilə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların ləğv edilməsidir – bu, Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyidir. Bununla yanaşı, köhnəlmiş və qeyri-funksional ATƏT-in Minsk Qrupunun və müvafiq strukturların rəsmi olaraq buraxılması da tələb olunur”, – bəyanatda qeyd olunub.
Bundan sonra nə baş verəcək? Sülh sazişi mətninin razılaşdırılmasının başa çatması, tərəflərin onun imzalanması prosesinə keçdiyi anlamına gəlirmi? Bakı tərəfindən irəli sürülən bütün tələblər – yəni Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən, Meğri üzərindən Zəngəzur nəqliyyat dəhlizi açılmadan, ATƏT-in Minsk Qrupunun rəsmi olaraq buraxılmadan və s. yerinə yetirilmədən sülh müqaviləsinin imzalanma ehtimalı varmı?
Beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev Pressklub.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb.

Ekspert bildirir ki, sülh sazişinin razılaşdırılması faktının özü belə Azərbaycan və Ermənistan diplomatiyası üçün böyük nailiyyətdir. Çünki onlar bunu vasitəçilərsiz, üçüncü tərəflərin müdaxiləsi olmadan həyata keçiriblər.
“Bütün mübahisəli məsələlərin ikitərəfli əsasda həll edilə bilməsi çox sevindiricidir. Burada kiminsə qalib və ya məğlub olduğunu demək düzgün olmazdı. Mən deyərdim ki, bu, Azərbaycanın diplomatiyası və siyasi rəhbərliyinin mövqeyinin böyük uğurdur.
Bakı bu prosesin əvvəlindən həll olunmalı məsələləri ortaya qoymuşdu. Ermənistan tərəfi bir neçə dəfə Azərbaycanın irəli sürdüyü formulları rədd etsə də, sonda qəbul etdi, çünki Azərbaycan hər hansı əlavə niyyətlər olmadan ədalətli mövqe nümayiş etdirdi.
Ermənistan Konstitusiyası, Zəngəzur dəhlizi və ATƏT-in Minsk Qrupunun gələcəyi kimi məsələlər sülh sazişi layihəsinin mətninə daxil edilməmişdi. Əvvəllər Zəngəzur dəhlizi məsələsi sənəddə yer alırdı, lakin sonradan hər iki tərəfin razılığı ilə çıxarıldı.
ATƏT-in Minsk Qrupunun buraxılması nə Azərbaycandan, nə də Ermənistandan asılıdır, çünki bu qurumun yaradılması barədə qərar vaxtilə ATƏT rəhbərliyi tərəfindən qəbul edilib. Lakin Bakı və İrəvan gələcəkdə onun xidmətlərindən imtina etdiklərini bəyan etsələr, təşkilatın buraxılmasına dair müvafiq qərar qəbul edilə bilər.
Zəngəzur dəhlizi məsələsinə gəlincə, bu mövzu sülh sazişinin mətninə daxil edilməyib və Ermənistan tərəfi ilə ayrıca müzakirə olunmalıdır. Əgər sülh sazişi razılaşdırılıb imzalanarsa, düşünürəm ki, bu məsələ də daha sadə şəkildə həll ediləcək. Çünki o zaman tərəflər arasında masa üzərində hər hansı qarşılıqlı iddia qalmayacaq.
Mən Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı mövqeyi ilə tam razıyam. Çünki hazırda biz Paşinyan hökuməti ilə işləyirik, amma sabah nə baş verəcəyini bilmirik. Hakimiyyətə gələcək yeni hökumət necə davranacaq? Ermənistanın qanunvericiliyində təhlükəli müddəalara yenidən istinad olunacaqmı? Azərbaycan, müharibədə qalib gələn tərəf kimi, Ermənistan qanunlarında bütün bu mübahisəli elementlərin çıxarılmasını tələb etmək hüququna malikdir. Beynəlxalq təcrübə də göstərir ki, belə münaqişələrdən sonra məhz bu cür addımlar atılmalıdır”, - ekspert deyir.
Lakin mənim üçün ən böyük nailiyyət ondan ibarətdir ki, iki ölkə ikitərəfli əsasda bütün problemli məsələləri həll etmək üçün bir araya gəlib. “Çünki İkinci Dünya müharibəsindən sonra beynəlxalq və ya regional təşkilatların vasitəçiliyi olmadan belə məsələlərin həlli nadir hallarda baş verib.
Bu, unikal bir haldır ki, biz hər şeyi vasitəçilər olmadan həll edirik. Bu, bizə əlavə vasitəçilərin meydana çıxmasının qarşısını almağa imkan verir. Biz artıq gördük ki, Avropa İttifaqı, ABŞ, Rusiya və bir çox digər dövlətlər bu prosesə vasitəçilik edərək bölgədə öz mövqelərini gücləndirmək istəyirdilər. Lakin indi biz özümüz bu razılaşmaya nail olduq və yeni vasitəçilərin meydana çıxmasına yol vermədik.
Mən ən çox buna sevinirəm ki, bizim iki ölkə özümüz bu razılaşmaya gəldik və bütün problemləri öz aramızda həll etdik. Çünki 1945-ci ildən sonra beynəlxalq münasibətlərdə belə hallar nadir hallarda baş verirdi.
Bu, həm də o deməkdir ki, gələcəkdə Azərbaycan və Ermənistan tam müstəqil dövlətlər kimi fəaliyyət göstərəcəklər. İndidən görmək mümkündür ki, ermənilər də öz suverenliklərini əldə etmək və öz məsələlərini müstəqil həll etmək istəyirlər. Bu da gələcəyə ümid verir.
Düşünürəm ki, ən vacib məsələlər artıq həll olunub. Bundan sonra əsasən texniki detalları razılaşdırmaq qalır və bunlar da zamanla həll ediləcəkdir”, – Mehdiyev hesab edir.
Rauf Orucov