Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh sazişi masada: səhnə arxasında nə baş verir?
ABŞ planı işə düşür, Zəngəzur dəhlizi Rusiyasız müzakirə olunur

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 5 saatlıq danışıqlar diqqətlə izlənildi. Görüş zamanı tərəflər bir dəfə fasilə verərək, məsləhətləşmələrə çəkildilər. Bu isə danışıqların yalnız formal protokol çərçivəsində deyil, konkret məzmun və razılaşdırma cəhdləri ilə aparıldığını göstərir.

Görüşdə Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, baş nazirin müavini Şahin Mustafayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və xüsusi nümayəndə Elçin Əmirbəyov iştirak edirdi.

Ermənistan tərəfindən isə XİN rəhbəri Ararat Mirzoyan, baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistan–Türkiyə normallaşması üzrə nümayəndə Ruben Rubinyan iştirak edib. Bu heyətin tərkibi danışıqların yalnız sülh sazişi ilə məhdudlaşmadığını, dəhlizlər, sərhədlər, iqtisadi əlaqələr və regional təhlükəsizlik məsələlərinin də masada olduğunu göstərir.

Həm Azərbaycan, həm də Ermənistan Xarici işlər nazirlikləri görüşlə bağlı təxminən eyni məzmunlu bəyanatlar yayıblar. Hər iki bəyanatda vurğulanır ki, danışıqlar ikitərəfli formatda aparılıb, səmərəli və konstruktiv olub, delimitasiya prosesində əldə olunan irəliləyişlər müsbət qiymətləndirilib və bu istiqamətdə dövlət komissiyalarına göstəriş verilib.

Qarşılıqlı etimadın gücləndirilməsi, ikitərəfli dialoqun davam etdirilməsi haqda razılıq əldə olunub. Ancaq konkret nəticə, imzalanmış sənəd və ya ortaq bəyanatın olmaması, tərəflərin hələ də müəyyən məsələlərdə ortaq məxrəcə gəlmədiyini göstərir.

Rusiya dövlət agentliyi TASS-ın yazdığına görə, Əbu-Dabi görüşünün əsas məqsədi mövcud fikir ayrılıqlarını aradan qaldıraraq sülh sazişinin razılaşdırılması olub. Mənbə qeyd edib ki, sənədin 2025-cü ilin sonuna qədər imzalanması planlaşdırılır. Bu, sülh prosesinin konkret təqvimə salındığını göstərsə də, TASS əlavə edir ki, Azərbaycanın Ermənistan Konstitusiyasından “Dağlıq Qarabağla birləşmə” ilə bağlı müddəaların çıxarılması tələbi hələ də Yerevan üçün “qırmızı xətt” olaraq qalır.

Bu isə Bakının “kağız üzərində sülh” deyil, real siyasi və hüquqi zəmanətlər istəyini ortaya qoyur.

Ən maraqlı və strateji məqamlardan biri - kommunikasiya xətlərinin necə və kim tərəfindən idarə olunacağı məsələsidir.

“Carnegie Endowment” fondunun məlumatına əsasən, ABŞ tərəfi Naxçıvana gedəcək marşrutun neytral və təhlükəsiz idarəsi üçün özəl ABŞ şirkətinin iştirakı ilə beynəlxalq monitorinq mexanizmi təklif edib. Bu şirkət dəhlizin istismarını izləyəcək, təhlükəsizlik zəmanəti verəcək və tərəflər arasında qarant rolunu oynayacaq. Əbu-Dabidə bu məsələ qapalı şəkildə müzakirə olunub. Görüşdən sonra Ermənistan xarici işlər nazirinin müavini Mnasakan Safaryan suallara cavab verərkən bildirib: “Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində baş verərsə, xarici şirkətin monitorinqi mümkündür. Lakin “nəzarət” anlayışı bu halda düzgün termin deyil”. Bu isə Yerevanın ABŞ modelinə “yox” demədiyini, lakin müəyyən çərçivələr və qarşılıqlılıq prinsipləri daxilində bunu mümkün saydığını göstərir.

Rusiyanın bu görüşə necə reaksiya verəcəyi əvvəldən maraqla gözlənilirdi, lakin Kremldən verilən açıqlamada neqativ tonlar yer almadı. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Əbu-Dabi danışıqlarını müsbət qiymətləndirib, sülh sazişinin regionda sabitlik yaradacağını bildirib. Bu da Moskvanın bir il ərzində faktiki olaraq proseslərdən uzaq düşdüyünü etiraf etməsi kimi də şərh olunur. Əvvəllər kommunikasiya məsələləri Rusiya baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə üçtərəfli formatda aparılırdısa, indi artıq Azərbaycan və Ermənistan bu məsələni birbaşa, ikitərəfli müzakirə edir. Bu isə Rusiya üçün həm diplomatik, həm də iqtisadi təsir imkanlarının daralması deməkdir.

Siyasi ekspert Fərhad Məmmədov Pressklub.az-a şərhində görüşün əhəmiyyətini belə izah edir: “Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən görüş tamformatlı dövlətlərarası dialoq kimi xarakterizə edilir. Bu, artıq bir addım irəlidir. Çünki bundan əvvəlki görüşlər ayrı-ayrı platformalarda, ayrı-ayrı liderlər və xarici işlər nazirləri səviyyəsində keçirilir, müzakirələr aparılırdı. İndi isə hamı bir yerdə - dövlətlərarası formatda dialoq aparılır”.

Onun sözlərinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, tərəflər bu danışıqları konstruktiv adlandırdılar və sadəcə mövqelərin səsləndirilməsi ilə kifayətlənməyib, onların müzakirəsi və ortaq məxrəcə gəlmək istiqamətində müxtəlif fikirlər bildirildi. “Bu da, öz növbəsində, kifayət qədər maraqlı məqamdır. Çünki bu, onu göstərir ki, hər iki tərəf nəticəyə köklənib və bu istiqamətdə düşünmək olar ki, müəyyən bir yol xəritəsi də formalaşdırıla bilər”, - o əlavə edib.

F.Məmmədov üçüncü məqam kimi sülh sazişinin paraflanması məsələsinin qeyd olunduğunu vurğulayır. “Bir neçə ay ərzində razılaşdırılmış mətn mövcud idi. Diplomatik dildə paraflanma o deməkdir ki, paraflandıqdan sonra tərəflər mətnə dəyişiklik edə bilməz. Yəni bu, artıq fakt kimi qəbul edilir”, - təhlilçi qeyd edib.

Ekspert hesab edir ki, böyük ehtimalla, fərqli istiqamətlərdə atılacaq addımlardan ibarət bir yol xəritəsi ilə bağlı fikir mübadiləsi aparılıb: “Çünki bütün məsələlər bir-biri ilə bağlıdır”.

Politoloq yeniliyin nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı fikir mübadiləsi aparılması ilə bağlı olduğunu qeyd edib: “Bu da, öz növbəsində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ikitərəfli formatın yaranmaqda olduğunu göstərir. Əvvəllər Azərbaycan və Ermənistan arasında bu məsələ müzakirə olunmurdu. Çünki bunun üçün Rusiyanın iştirakı ilə üçtərəfli format mövcud idi. İndi isə görürük ki, bu məsələ artıq ikitərəfli müzakirə predmetinə çevrilib”, - F.Məmmədov qeyd edib.

Əbu-Dabi danışıqları tamaşaçı üçün konkret nəticə doğurmadı, lakin səhnə arxasında intensiv siyasi və texniki hazırlığın aparıldığı aydındır.

Bu görüş bir neçə önəmli siqnal verdi:

 

Tərəflər sülh modelini razılaşdırmaq üçün tam şəkildə ikitərəfli formata keçiblər;

 

ABŞ aktiv şəkildə sülh prosesinə daxil olub, konkret texniki plan təqdim edir;

 

Rusiya prosesə kənardan baxır, amma oyunçuların yanında olmaq istədiyini nümayiş etdirir;

 

Konstitusiya dəyişiklikləri, Qarabağla bağlı keçmiş istinadlar və s. hələ də “gərgin nöqtələrdir”.

 

Beləliklə, sülh sənədi, necə deyərlər, hələ “cəngavərin masasındadır” - qılınc çəkilməyib, ancaq əl də sıxılmayıb.

 

Turqut