Logo
news content
User
Kateqoriyalar

Analitika

Siyasi dialoq ideyası niyə gərginliyi artırdı?

Pandemiya ilə mübarizə günlərində Azərbaycanda milli həmrəyliyin, siyasi qüvvələr arasında dialoqun əldə olunması istiqamətində addımlar atılırmı? Bu, olduqca vacib amildir, çünki görülən tədbirlərə cəmiyyətdə inam və etimadın yaradılması həm də ölkədə çoxdan ehtiyac duyulan milli barışdan asılıdır.

Əlbəttə, bu sahədə real vəziyyət o qədər mürəkkəbdir ki, iqtidarla müxalifət arasında uzun illər davam etmış, siyasi düşmənçilik həddinə qədər gərilmiş münasibətlərin qısa müddətdə düzəlib siyasi barışığa çevrilməsi barədə illüziyalara qapılmaq yersiz olardı. Söhbət cəhdlərdən, müəyyən təşəbbüslərdən gedir.

Azərbaycanda uğursuz siyasi dialoqların azı iki onillik tarixi var. Amma bəzi siyasi partiyaların təşəbbüsü, hakimiyyətin müəyyən addımları, habelə ATƏT-in Demokratik Təsisatlar və insan Hüquqları Bürosunun seçkilər ərəfəsində təşkil etdiyi dəyirmi masalarla bir nəticəyə varmaq mümkün olmayıb.

Sonuncu belə prosesə bu ilin 9 fevralında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətin elan etdiyi genişmiqyaslı islahatlar paketi çərçivəsində start verilib. Prezident Administrasiyasının siyasi partiyalarla əməkdaşlığa məsul olan şöbə müdiri Ədalət Vəliyev partiya sədrlərinə zəng edib və onlarla ayrı-ayrılıqda görüşlər keçirib. Hələlik iki partiya – Müsavat və AXCP bu formatda dialoqdan imtina edib. Müsavat əsas gətirib ki, partiyanın qərargahı bu cür təşəbbüslərin reallaşması üçün Prezident Administrasiyasından daha məqbul ünvandır. AXCP isə dialoqun konkret mövzuları əhatə etməsini istəyib. Bura siyasi məhbusların azadlığa buraxılması, seçki və siyasi islahat məsələləri daxildir. Hökumət hər iki partiya ilə təkrar rabitə qurmaqda maraqlı olmayıb. Amma proses davam edir, Ədalət Vəliyevlə təmasda olan iki partiya sədrinin qaldırdığı dövlət qeydiyyatı problemi həll olunub. Bu arada, ReAL Partiyasının sədri İlqar Məmmədovla bağlı verilmiş hökmə yenidən baxılması da Ali Məhkəmənin Plenumunun aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Hökumət siyasi dialoqun ölkədə yeni qurulan iqtidar-müxalifət konfiqurasiyasının tərkib hissəsi olduğunu bəyan edib. Prezident İlham Əliyev bildirib ki, tarixdə ilk dəfə Azərbaycanda müxalifət nümayəndəsi parlamentin vitse-spikeri postunu tutub, habelə Milli Məclisin komitələrində də onlara önəmli postlar verilib.

“Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib. Bu, çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya verib, faktiki olaraq, siyasi dialoq artıq başlanıb. Əminəm ki, bunun nəticələri xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaq. O ki qaldı bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir”, - deyə prezidentin Novruz bayramı münasibətilə xalqa təbrik mesajında vurğulanır.

Prezident daha sonrakı çıxışlarında dialoqdan imtina edən partiyalarla bağlı sərt ifadələrini bir neçə dəfə təkrarlayıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov onu daha da genişləndirib, ünvanını konkretləşdirib. Proseslərin sonrakı gedişində Milli Məclis rəhbərliyi, komitə sədrləri, daha sonra parlament partiyaları, Mətbuat və QHT şuraları da bu bəyanatlarla həmrəylik ifadə ediblər.

Məsələn, Parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun bəyanatında diqqətçəkən notlar bundan ibarətdir:

“Nə deməkdir dialoqdan imtina etmək? Nə deməkdir dövlət tərəfindən, özü də indiki dövrdə təklif olunan əməkdaşlıqdan imtina etmək?!”

Komitə sədrinin vurğunu saldığı “özü də indiki dövrdə imtina etmək” söz birləşməsi şübhəsiz, koronavirus pandemiyasının ölkədə yaratdığı həssas ictimai-siyasi durumu əks etdirir. Deməli, hökumət fərqindədir ki, indi siyasi mübarizənin arxa plana keçməsi lazımdır, gərək müxalifət bu günlərdə hakimiyyətin əl-ayağına dolaşmasın.

Parlament partiyalarının ötən həftə qəbul etdiyi birgə bəyanatda isə S.Seyidovun vurğuladığı tezis daha açıq mətnlə ifadə olunub:

“Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, ondan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk”.

Bu bəyanatlar təbii ki, müxalifətin pandemiya günlərində çətinləşən sosial-iqtisadi vəziyyətlə bağlı sosial mediada apardığı kampaniyadan doğan narahatlığı ifadə edir. Bundan əvvəl hökumətin dialoq təklifinə verilən cavab da olduqca qıcıq doğurmuşdu. Milli Şuranın sədri, professor Cəmil Həsənli bildirmişdi ki, dialoq ikitərəfli prosesdir və tərəflərin hər ikisinin maraqları, istəkləri və siyasi prinsipləri əks olunanda baş tutur.

Böhrana qarşı mübarizə, əhalinin, biznesin dəstəklənməsi təkliflərində fikir ayrılıqları da dialoq mövzusu qədər ziddiyətlidir.

Sadələşdirsək, ortada iki fərqli yanaşma var: hökumət tələb edir ki, ağır pandemiya şərtlərində dövlətə dəstək vermək lazımdır, bütün siyasi qüvvələr bunu etməyə borcludur. Müxalifətin mövqeyində isə “hökumətə yox, əhaliyə dəstək verilməlidir”, tezisi ana xətt təşkil edir.

Təəssüf ki, siyasilərin kəskin ritorikası atmosferi daha da tutqunlaşdırdı, düşmənçilik çağırışları, qarşılıqlı nifrət meylləri daha da gücləndi. Siyasi qısnama tədbirləri, ona cavab olaraq ciddi anti-təbliğat ritorikası ortalığı qarışdırdı, yeni həbslər, qarşılıqlı ittihamlara rəvac verildi. Nəticədə cəmiyyətdə siyasi qütbləşmə dərinləşdi, siyasətdən ümid gözləyən cəmiyyətə daha bədbin mesajlar ötürüldü ki, bu da sosial məhrumiyyətlər içində olan təbəqələri daha da ümidsizləşdirir.

Yeri gəlmişkən, parlament seçkilərində mütləq qələbə qazandığını elan etmiş, etimad bəslədiyi rəy sorğularında 80 faizdən aşağı nəticəni qəbul etməyən siyasi hakimiyyətin narahatlığı, sərt ritorikasının nədən qaynaqlanması anlaşılan deyil. Cəmiyyətdən bu qədər siyasi dəstək, inam, etimad varsa, rəsmi ritorikanın dili ilə ifadə etsək, “bir qrup marginallaşmış siyasi təşkilatlara” qarşı ölkə miqyasında kampaniya aparmaq elə iqtidarın özünün özünə problem yaratması anlamına gəlmirmi? Buna nə ehtiyac var? Neftin kəskin uculaşmasından, iqtisadiyyatın dayanmasından qaynaqlanan zərbələri necə önləmək haqqında düşünmək daha səmərəli olmazdımı?..

Turqut