Logo
news content
User
Kateqoriyalar

Analitika

Siyasətin qəliz dili

Ardıcıl olaraq neçənci tədbirdir ki, Azərbaycan prezidenti keçmiş hakimiyyətlərin, dövlət  rəhbərlərinin, müxalifətin ünvanına ağır ittihamlar söyləyir, çıxışının bir hissəsini onları “xəyanətdə, satqınlıqda”, ölkənin mənafeyinə qəsdən ziyan vurmaqda suçlamağa sərf edir. Tədbirlərin yerinin və mövzusunun bəzən daxili siyasi münasibətlərə aidiyyəti olmur: Soçidə “Valday” beynəlxalq diskussiya klubu, Aşqabadda MDB dövlət başçılarının zirvə toplantısı, Sumqayıtda şəhərin 70 illiyi, Bakıda Dövlət universitetin 100 illik yubileyi... Cümlənin sonundakı üç nöqtə prosesin davam edəcəyi barədə düşüncəmi əks etdirir. Çünki bu, hansısa qıcığa ötəri reaksiyaya deyil, ölçülüb-biçilmiş kursa bənzəyir. Sanki gərgin seçkiqabağı dövrdür...

Mən bilmirəm, həmin kursun  zəruriliyi “yuxarılarda” necə əsaslandırılır. Amma aydındır ki, prezidentin hazırkı məsləhətçiləri bunu məqsədəuyğun sayır, təzə spiçrayterlərə belə tezislər verilir. Çox ehtimal ki, söhbət hakimiyyət əleyhinə qızğın təbliğatın təsiri altında olan gənclərin beyinləri uğrunda mübarizədən gedir. Forma və ifadə tərzi etibarı ilə prezidentin müxalifət haqqında son vaxtlar davamlı olaraq dedikləri, müxalifətin prezident haqqında illərdir söylədiklərinin güzgü kimi əksini təşkil edir.

Təbliğat və əks-təbliğat siyasi mübarizənin əbədi yol yoldaşlarıdır. Burada görünməmiş, yaxud təhlükəli bir şey yoxdur. Təhlükəli olan tərifdən yaltaqlığa, tənqiddən qəzəb və nifrət dilinə keçməkdir. İstəyirsiniz, bu proses eyni qaydayla davam edərsə, onun hara apara biləcəyi barədə proqnoza baxaq? Tərəflər arasında münasibətlər getdikcə kəskinləşəcək; xəyanətdə, satqınlıqda, vətənə və xalqa qarşı ən ağır cinayətlərdə ittihamlar qızışacaq; televiziya bu alovu körükləyəcək (artıq başlayıb), sosial şəbəkələr bloqqerli-trollu temperaturu bir az da artıracaq (artıq fəaliyyətdədirlər); ictimai çatlar daha da dərinləşəcək, dözümsüzlük güclənəcək və sonda... Hüquq-mühafizə orqanları hərəkətə gələcək, real xəyanətkarlar, satqınlar, fərarilər axtarışı başlanacaq, çünki öz-özlüyündə belə ittihamlar mənəvi qınaq yox, cinayət məsuliyyəti doğuran ittihamlardır. Elmin neyrolinqvistika adlanan bir bölümü var. Onun tədqiq etdiyi predmet siyasət, jurnalistika, psixologiya ilə sıx əlaqəlidir. Neyrolinqvistika həm də sözlərin, çağırışların insanların və cəmiyyətlərin davranışına təsirini öyrənir. Və dili “görməyi”, onun törətdiklərini, törədə biləcəklərini qabaqcadan hesablamağı öyrədir.

Belə təsəvvür yaranır ki, cəmiyyətdə müsbət dəyişikliklərə ümid yaranan kimi, gözəgörünməz bir əl yaxamızdan tutub bizi keçmişə və bununla gələcəyə ümidsizliyə sürükləyir. İslahatlar dövrü yüksək ruh və konsolidasiya tələb edir. Axır vaxtlar prezidentin geniş islahatlar barədə vədlərindən, ilkin kadr dəyişikliklərindən ruhlanmış neçə-neçə insan isə indi çaşqınlıq içində olduğundan, inamının yenidən laxladığından danışır. Yuxarılara ötürülən mütəmadi rəy sorğularında nələr göstərildiyindən məlumatım yoxdur. Amma gördüyüm həqiqət budur ki, istər müxalifət olsun, istər hakimiyyət, liderlərin dilindən səslənən belə çıxışlar insanlar arasında, xüsusilə ziyalı təbəqəsində narazılıqla qarşılanır. Həmin rəy sorğularına isə necə inanasan ki, 2019-cu ilin oktyabrında ölkədə əhalinin ucdantutma siyahıya alındığı söylənilirdi, amma mən çoxsaylı tanışım, gohumum, qonşularım arasında içi özüm qarışıq cəmi bircə nəfər “siyahıyaalınmış” adam görmüşəm, onu da mətbuatda şikayət etdikdən sonra “sayıblar”. Axı bütün hesablamalar, o cümlədən rəy sorğuları zamanı respondentlərin seçimi məhz belə “siyahılar” əsasında aparılır...

Hamı bir-birinə deyir ki, islahatlar beyinlərdə, təfəkkürlərdə də getməlidir. Amma heç kim buna əməl eləmir. Odur ki, bizim dəyişikliklərimiz keçmiş şəhər merinin köhnə binaların üzünü qaşıyıb ağartmasını  xatırladır. Bizsə binanı, bünövrəsini zədələmədən, damına qədər təmir etməliyik. Yaxşı, yeni ənənələr yaratmalıyıq, yararsız köhnəlikdən imtina etməliyik, amma keçmişimizə, keçənlərimizə ehtiyatla, hörmətlə yanaşmalıyıq, tənqid edəndə də dövləti və milləti təmsil edən şəxslərin səhvlərindən danışmalıyıq.

Yoxsa uğrunda mübarizə apardığımız gənclik də bizim haqqımızda eyni sözləri deyəcək.

Əlbəttə, siyasi mübarizə də olmalıdır, güclü təbliğat da, kəskin tənqid də! Mən fərqli düşüncə daşıyıcılarını və əzəli rəqibləri qardaşlaşmağa çağırmıram. Amma istənilən siyasi mübarizənin cəmiyyətin maraqlarından doğan hədləri olduğunu yada salıram.

Bir də ki, ən gözəl təbliğat  - həyatdır, əməldir. Bir prezident fərmanın ictimai rəyə yüz televiziya çıxışından böyük təsiri ola bilər.

Arif Əliyev