Logo
news content
User
Kateqoriyalar

Analitika

Simvolik sonluq: Postsovet orbitindən Avropa trayektoriyasına
Moldova MDB-dən çıxmaqla hansı gələcəyi seçir?

Moldova Respublikası MDB-də üzvlüyünün əsasını təşkil edən üç fundamental sazişin denonsasiyası prosesinə başlayıb. Bu barədə Radio Moldova-nın efirində ölkənin xarici işlər naziri Mixail Popşoy məlumat verib. Onun sözlərinə görə, müvafiq sənədlər parlamentin növbəti sessiyasının əvvəlində müzakirəyə çıxarılacaq.

XİN rəhbərinin bildirdiyinə görə, söhbət Birliyin əsasını təşkil edən sənədlərdən – 22 yanvar 1993-cü il tarixli MDB Nizamnaməsindən, 8 dekabr 1991-ci il tarixli MDB-nin yaradılması haqqında Sazişdən və həmin sazişə 22 dekabr 1991-ci il tarixli Əlavələrdən gedir.

Rəsmi olaraq Moldova artıq MDB-nin üzvü olmayacaq. Üzvlüyümüzün əsasını təşkil edən bu üç baza sazişinin denonsasiyası bizə hüquqi baxımdan Moldova Respublikasının artıq MDB üzvü olmadığını bəyan etməyə imkan verəcək. De-fakto biz iştirakımızı bir müddət əvvəl dayandırmışdıq, lakin hüquqi baxımdan hələ də orada qalırdıq”, – Popşoy izah edib.

O, əlavə edib ki, fevral ayının ortalarına qədər hökumət prosedurları başa çatdıracaq və bundan sonra qərar parlament tərəfindən qəbul olunacaq.

“Bu addım Moldova Respublikasının MDB-yə münasibətdə hüquqi statusunu aydınlaşdırır və dövlətin Avropa yönümlü kursunun möhkəmləndirilməsi istiqamətində mühüm mərhələdir”, –Mixail Popşoy yekunlaşdırıb.

Xatırladaq ki, ümumilikdə Moldova MDB ilə 283 saziş imzalayıb: onlardan 71-i artıq denonsasiya olunub, təxminən 60 sənəd isə denonsasiya mərhələsindədir. 2022-ci ildən etibarən Moldova MDB və müşahidəçi statusuna malik olduğu Aİİ-nin iclaslarını faktiki olaraq boykot edir.

Artıq Kremlin tanınmış təbliğatçısı, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Kişinyovun qərarına münasibət bildirib.

“Moldovanın MDB-dən çıxması – bütün tarixi keçmişlə əlaqələri qırmaq və başqa geosiyasi reallığa köçmək istəyidir. Bununla Sandu məşğuldur, o, Moldovanı Rumıniyaya təhvil verməyə hazırlaşır”, – Zatulin bəyan edib.

Bəs Moldovanın özündə ölkənin MDB-dən çıxması necə qiymətləndirilir? Birliyin artıq bir neçə keçmiş iştirakçısını itirdiyini nəzərə alsaq, bu addım təşkilatın gələcəyinə necə təsir göstərə bilər? 2026-cı ildə bu formatın mövcudluğunun tamamilə başa çatacağını gözləmək olarmı?

Pressklub.az-ın suallarını cavablandıran tarix elmləri doktoru, Kişinyovda fəaliyyət göstərən Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevskinin formuluna görə, Moldovanın MDB-dən çıxışı – Moldovanın Avropa İttifaqına daxil olması deməkdir.

Moldovanın MDB-dən çıxması qərarı cəmiyyətdə müxtəlif cür qarşılanır. Rusiya yönümlü kursun tərəfdarları bunu səhv və zərərli addım adlandırır, iqtisadiyyatda, ticarətdə və sosial sahədə mənfi nəticələr proqnozlaşdırırlar. Avropa kursunun tərəfdarları isə əksinə, bunu çoxdan yetişmiş qərar hesab edir və əlavə yubanmaların mənasız olduğunu düşünürlər.

Praktikada Müstəqil Dövlətlər Birliyindən çıxış Moldovadakı vəziyyətə ciddi təsir göstərməyəcək. Birincisi, MDB ölkələri ilə ticarət həcmləri formal üzvlükdən deyil, logistika imkanlarından, ödəniş mexanizmlərindən, sanksiya rejimlərindən və qlobal konfiqurasiyadan asılıdır. Moldovanın hər bir ölkə ilə ikitərəfli sazişləri mövcuddur və bu sənədlər inteqrasiya klublarında iştirakdan asılı olmayaraq qüvvədə qalır. Əhəmiyyətli iqtisadi itkilər gözlənilmir, çünki MDB-də üzvlük artıq uzun müddətdir real üstünlüklər vermirdi.

Bir neçə ildən sonra Moldovanın MDB üzvlüyü haqqında xatırlatma siyasi tarixdə qalacaq. Bu qərar peşmanlıq doğurmayacaq, çünki MDB artıq nə iqtisadi, nə də siyasi inkişafın lokomotivi rolunu oynayır”, – tarix elmləri doktoru bildirir.

Onun fikrincə, Moldovanın çıxışı MDB üçün də dönüş nöqtəsi olmayacaq. “Təşkilat çoxdan real məzmununu itirib və regional siyasətə və ya iqtisadiyyata təsir göstərə biləcək qərarlar qəbul etmir. Əsasən simvolik funksiya daşıyır, postsovet birliyi illüziyasını qoruyur və özünü şübhəsiz cazibə mərkəzi sayan Rusiyanın geosiyasi ambisiyalarını qismən təmin edir.

Böyük ehtimalla MDB formatı bir müddət də qalacaq, lakin qərarların hazırlandığı platforma deyil, daha çox protokol xarakterli görüşlər üçün ritual meydan olacaq.

Bu mənada Moldovanın MDB-dən çıxışı əlaqələrin qırılması deyil, strateji seçimin rəsmiləşdirilməsidir. Bu, Avropa İttifaqına doğru hərəkət istiqaməti ilə bağlı olan məntiqi və siyasi addımdır – real qaydaların, institutların və inkişaf mexanizmlərinin mövcud olduğu məkana yönəlmiş seçimdir. Moldova üçün bu, simvolik jest deyil, uzunmüddətli strategiyanın tərkib hissəsidir: postsovet keçmişindən çıxmaq və Avropa gələcəyinə inteqrasiya olunmaq”, – Andriyevski izah edib.

Rauf Orucov