Logo
news content
User
Kateqoriyalar

Analitika

Sərt karantin və SMS-icazə geri gəlir?

Azərbaycanda koronavirusa yoluxanların sayında hər gün yüksəlmə müşahidə edilir. Son 3 günün statistikasına nəzər salsaq, qeydə alınan yoluxmaların ciddi templə artdığını müşahidə edə bilərik. Bu səbəbdən yenidən sərt karantin rejiminin və SMS-icazənin tətbiq ediləcəyi barədə gümanlar irəli sürülür.

Milli Məclisin deputatı Rüfət Quliyev “Press Klub”un bu barədə sualını cavablandırarkən bildirdi ki, xəstələrin sayının 2 mini keçməsi bayram vaxtı insanların qayda-qanuna riayət etmədiklərini göstərir:

“Nazirlər Kabineti yanında Operativ Qərargah bayram zamanı qapanmalara gedilməsi ilə bağlı qərar qəbul etmədi ki, əhali normal şəkildə bayramı keçirsin. İnsanların qayda-qanunlara riayət etməməsi halları yaxşı deyil. Amma bu problem yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Avropa ölkələrində - Fransa, İtaliya, Almaniya, Hollandiyada da problemlər kəskinləşib. Vacib qaydalara riayət olunmur”.

R.Quliyevin sözlərinə görə, bəzi vətəndaşlar qan analizi və KT etdikdən sonra yoluxduqlarını bildikləri halda, portala düşməməyə çalışırlar:

“Bunu ona görə edirlər ki, iki həftəlik özünütəcrid onlara şamil edilməsin. Elə insanlar var ki, iki həftəlik karantində olduqları zaman, nəzarətdən çıxsın deyə, telefonlarını evdə qoyub, şəhərə gəzməyə gedir. Bütün bunlar çox pis haldır. İnsanlar bu bəlanın kökünün kəsilməsi üçün bütün lazımı addımların atılmasının vacibliyini başa düşməlidir”.

Quliyev bir çox vətəndaşın vaksinasiyadan keçmək istəmədiklərini söylədi:

“İnsanlar peyvənd olunmaq istəmirlər. Peyvəndlənmə ilə bağlı cürbəcür fantastik əhvalatlar danışırlar. Guya peyvənddən sonra səhhətlərində pis hallar baş verə bilər. Hətta ölüm hadisəsinin belə baş verəcəyini deyirlər. Məhz buna görə peyvəndlənmədən yayınmaq istəyirlər. Bütün bunlar düzgün yanaşmalar deyil”.

Millət vəkili bütün deputatlar adından xalqa müraciət də etdi:

“Təəssüf ki, qayda-qanunlar insanlar tərəfindən vaxtaşırı pozulur. Vaxtında peyvənd olunmaq lazımdır. Peyvənd barədə uydurulan yalanlara inanmasınlar. Burada çəkinəcək heç bir amil yoxdur. Qayda-qanuna riayət etmək lazımdır. Mən bütün həkimlərdən də xahiş edirəm ki, peyvəndlə bağlı insanlar arasında maarifləndirmə işləri aparsınlar”.

R.Quliyev qeyd etdi ki, sərt karantin rejimi və SMS-icazə tətbiqi ilə bağlı qərarları vermək Operativ Qərargahın səlahiyyətindədir:

“Qurum bütün lazımi məlumatları toplayır, təhlil edir, qərar çıxarır. Əgər yoluxmadakı artım aşağı düşsə, yoluxanların sayı sağalanların sayından az olsa, o zaman sərt karantinə gedilməyə bilər. Yox, əgər yoluxma sayı bu formada davam edəcəksə, Operativ Qərargah məcburiyyət qarşısında müəyyən addımlar atacaq, məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlərin hansı formada olacağı ilə bağlı qərarı isə Operativ Qərargah verəcək”.

Sosioloq Nail Cəlil SMS-icazənin tətbiq ediləcəyi ilə bağlı artıq insanlarda gözləntilər yarandığını söylədi:

“Hətta bəziləri yazırlar ki, sərt karantin tətbiq edilsə, intihara əl atacaqlar. Bunu yazanlar arasında ictimai fəallar və jurnalistlər də var. SMS-icazənin tətbiq edilməsinə münasibət kifayət qədər mənfi və qəbuledilməzdir. Operativ Qərargah qəbul etdiyi qərarlarda fərqli yanaşma və metodika tətbiq etməlidir. Təbii ki, müəyyən məhdudiyyətlərin olacağı qaçılmazdır. Amma bu məhdudiyyətlər SMS-icazənin tətbiqi formasında olmamalıdır. Ən azından bunu bütün əhali üçün tətbiq etmək lazım deyil”.

Sosioloqun fikrincə, SMS-icazənin tətbiqi sosial-iqtisadi fəaliyyətə ziyandır:

“Təbii ki, əgər belə addım atılacaqsa, bu, dövlətin üzərinə əlavə bir yük olacaq. Həm də, qərarlar insanların maraqlarına uyğun qəbul edilməlidir, vəziyyətdən çıxmağa kömək edən tədbirlər düşünülməlidir. Əgər virusa qarşı mübarizənin bir yolu peyvəndlənmədirsə, digər yolu immunitet formalaşdırmaqdır. İnsanları qapatmaq çıxış yolu deyil. Bu, onlarda ikiqat stres yaradır və immuniteti zəiflədir. Əgər yoluxma hallarının qarşısını almaq istəyiriksə, nəqliyyatın intensivliyini artırmaq, metrolarda limitli şəkildə insanların hərəkətini təmin etmək, tədris prosesində distant təhsilin müddətini uzatmaq olar”.

İqtisadçı Eldəniz Əmirov da SMS-icazənin tətbiqini zəruri saymır:

“Nəinki SMS icazə, eləcə də sərt qərarların verilməsinin əleyhinəyəm. Xüsusilə sərt qərarların iqtisadi aktivliyi aşağı salan sahələrdə tətbiqi yolverilməzdir. Məktəblərdə, iqtisadi aktivliyə bir o qədər də təsir etməyən sahələrdə müəyyən qədər məhdudiyyətlər tətbiq edilə bilər. Amma SMS-icazənin tətbiqi birbaşa iqtisadi aktivliyə təsir göstərəcək. Əgər yoluxmaların sayı 4 mini keçərsə, o zaman hansısa məhdudiyyətləri düşünmək olar”.

Ekspert xatırlatdı ki, pandemiyanın ilk başladığı zaman bütün ölkələrin davranışları bir-birinə bənzəyirdi:

“Mərhələli qapanmalar-açılmalar və s... Hazırda isə fərqli münasibət yaranıb. İndi artıq individual yanaşma baş verir. Hansı ölkə iqtisadiyyatı üstün tutursa, həmin ölkələrdə qapanmalar olmur. Amma hansı ölkələrdə iqtisadi güc, qapanmanın yaradacağı zərərləri kompensasiya edəcək maliyyə vəsaitləri, iqtisadi resurslar varsa, qapanmalara gedir. Bizdə iqtisadi resursların kifayət qədər olmadığını nəzərə alaraq qapanmaya gedilməməlidir. Biz bu günə qədər tibbin diktəsini üstün tutduq. Hazırda isə iqtisadiyyatın diktəsinə üstünlük verilməlidir. Çünki artıq peyvəndlənmə çoxdan başlayıb və ümidlər kifayət qədər yüksəkdir”.

Həkim-radioloq Aydın Əliyev hər zaman sərt karantin rejiminin əleyhinə olduğunu

vurğuladı:

“Sərt karantin rejiminin tətbiq olunması məsləhət deyil. Əgər yoluxma sayı dörd min civarında olarsa, o zaman müəyyən məhdudiyyətlərə gedilməsi mümkün olar. Ancaq maksimum çalışmaq lazımdır ki, sərt karantin rejiminə gedilməsin. Çünki bu hallar insanlara çox ciddi psixoloji təsir göstərir”.

Ülviyyə Şahin