
Sərhəd “davası” – Azərbaycan və Türkiyə Ermənistanı bölüşə bilmirlər?
Ermənistan rəsmiləri Bakını Ankara ilə münasibətlərin normallaşmasına mane olmaqda ittiham edirlər
07 Mart 2025
Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri baş tutub.
Prezident kompleksində keçirilən danışıqlarda regional və qlobal hadisələr müzakirə olunub. Bundan əlavə, Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılmalı olan addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 25 sentyabr 2023-cü ildə təməli qoyulmuş İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçirilib.
Bu fonda Ermənistanda olduqca maraqlı açıqlamalar səsləndirilib.
“Elə təəssürat yaranır ki, Azərbaycan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini dalana salmağa çalışır”. Bunu martın 4-də Ermənistan Milli Məclisində jurnalistlərlə söhbətində Parlamentin daimi Xarici əlaqələr komissiyasının sədri Sarkis Handanyan deyib.
“Biz bu məsələni Türkiyənin rəsmi şəxsləri ilə müzakirə edirik. Mənim fikrimcə, əksinə, Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması, Ermənistan və Azərbaycan arasında sülh prosesinə yaxşı stimul verə bilər”, - deyə deputat bildirib.
O əlavə edib ki, Azərbaycan açıq-aşkar Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşmasına və sərhədin açılmasına meylli deyil.
Bundan sonra eyni mövzuya Ermənistan parlamentinin sədri Alen Simonyan da toxunub.
“Bəli, bizim Türkiyə ilə işləməyimiz lazımdır. Biz Türkiyə ilə işləyirik və işləməyə davam edəcəyik.
Təəssüf edirəm ki, Azərbaycan Ermənistan və Türkiyə arasındakı münasibətləri, Ermənistan-Türkiyə sərhəd məsələlərini, münasibətlərin normallaşmasını girov götürüb və onlara təsir etməyə çalışır. Bu, çox pisdir. Düşünürəm ki, Türkiyə rəsmiləri də bunu anlayırlar”, - deyə Simonyan əlavə edib.
Onun sözlərinə görə, Ermənistan öz mövqeyi ilə sülhə hazır olduğunu göstərib. “Biz ümid edirik ki, Türkiyə bu addımları görərək öz mövqeyini daha dəqiq ifadə etməyə başlayacaq”, - deyə Ermənistan Milli Məclisinin spikeri qeyd edib.
O, Cenevrədə Türkiyə parlamentinin sədri ilə son görüşünü xüsusilə müsbət qiymətləndirib.
Erməni tərəfinin rəsmi Bakıya ünvanladığı bu ittihamlar həqiqətə uyğundurmu? Azərbaycan rəhbərliyi həqiqətənmi Türkiyə və Ermənistan arasında real normallaşmanın olmamasında maraqlıdır? Əgər belədirsə, bunun məqsədi nədir? Azərbaycan bundan nə əldə edə bilər?
Pressklub.az-ın suallarına politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu cavab verib.

Onun sözlərinə görə, erməni rəsmilərinin iddialarının nə dərəcədə haqlı olduğunu söyləmək çətindir. “Lakin çox təəssüf ki, Azərbaycanın da Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına və o cümlədən, Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyə ilə kommunikasiyaların qurulmasına müsbət yanaşdığını görmək olmur. Bu nə ilə bağlı ola bilər? Azərbaycanın Moskvanın çox güclü təzyiqi altında olması ilə. Xüsusilə də, Rusiyanın faktiki olaraq Suriyadan, Yaxın Şərqdən çıxarılmasından sonra. Bu, Moskvanın Yaxın Şərqdəki təsirini itirməsi deməkdir. Bu səbəbdən Zəngəzur dəhlizi Rusiya üçün əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.
Bunu təsdiqini görmək üçün İran və Rusiya arasında hərbi əməkdaşlığın sürətlə inkişafına baxmaq. Rusiya İrana Su-35 qırıcı təyyarələri tədarük edir. Bu, Rusiyanın ən yeni təyyarələrindən biridir. Hətta Su-57 qırıcılarının da tədarükü mümkündür – ən azı, artıq bir belə təyyarənin İran ərazisində görüldüyü iddia edilir. Bildirilir ki, guya həmin təyyarə hərbi sərgidən qayıdarkən sadəcə İranda yanacaq doldurmaq üçün eniş edib. Lakin bu izah çox inandırıcı səslənmir.
Digər tərəfdən, Donald Tramp İsrailə dərin tunelləri, kommunikasiya xətlərini və s. dağıtmaq üçün nəzərdə tutulmuş ağır bombaların verilməsinə qoyulan qadağanı aradan qaldırdı. Bütün bunlar birbaşa İranın nüvə proqramı ilə bağlıdır. Yəni, Yaxın Şərqdə gərginliyin kəskin artmasının şahidi oluruq”, - deyə araşdırmaçı bildirir.
O xəbərdarlıq edir ki, bütün diqqət Ukraynaya yönəlsə də, Yaxın Şərqdə artıq böyük müharibəyə aparan proseslər gedir.
“Rusiya isə bu regiondan təcrid olunub və oraya yenidən daxil olmaq üçün yollar axtarır. Bu səbəbdən də bütün gücü ilə Zəngəzur dəhlizini öz nəzarətinə keçirmək istəyir. Halbuki Ermənistan bu dəhlizin yalnız Türkiyə, Azərbaycan və Ermənistan arasında istifadə olunmasını təklif edir. Bu isə dəhlizin statusunu prinsipial şəkildə dəyişir və Rusiyanın təsəvvür etdiyi modeldən fərqlənir.
Fikrimcə, bu kontekstdə Rusiya Azərbaycana çox ciddi təzyiq göstərir. Buna görə də, Azərbaycan, Türkiyə və Ermənistan arasında gedən prosesdən maksimum dərəcədə uzaq dayanmağa çalışması istisna deyil.
Türkiyə və Ermənistan artıq sərhədlərin açılacağı ilə bağlı razılığa gəliblər. Növbəti addım isə Türkiyənin Ermənistan ərazisindən keçməklə Xəzər hövzəsinə çıxışı olacaq – bu isə Rusiyanın planlarına uyğun gəlmir. Bu mənada, Azərbaycanın Türkiyə və Ermənistan arasında sərhədlərin açılması perspektivinə çox böyük sevinclə yanaşılmadığını istisna etmirəm. Düzdür, Ermənistan bizə düşmən ölkədir, amma erməni parlamentində səsləndirilən fikirlərin müəyyən əsası var”, - deyə Oruclu qeyd edib.
Rauf Orucov