Logo
news content
User
Kateqoriyalar

Analitika

Savaşı görməyən hərbi jurnalistin qeydləri

Müəllif: Seymur Kazımov

(Fotoda Cəbrayıl rayonundan görüntü – foto müəllifindir)

Jurnalistlər bu dəfə müharibənin özünü deyil, onun fəsadlarını lentə aldılar: tam və ya qismən dağıdılmış yaşayış evləri, ticarət obyektləri, həlak olmuş və yaralanmış mülki şəxslər, təhlükəsiz yerlərdəki, sığınacaqlardakı insanlar... Bunlar müharibənin sosial, iqtisadi, psixoloji, maddi və mənəvi ziyanlarını əks etdirən görüntülərdir.

Azərbaycan jurnalistlərinin kadrlarında döyüşən əsgər, onun silahdan istifadəsi, həlak olması, yaralanması, mərminin topa qoyulması, atılması və s. demək olar, yoxdur. Çünki bu kadrların çəkilməsi üçün jurnalistlər önə buraxılmadılar. Gərək ki, səbəb onların təhlükəsizliyini təmin etmək istəyi idi. Ya da bilmədiyimiz başqa səbəblər vardı. Bəlkə də, məqsəd bu idi ki, media yalnız mülki zərərləri çəksin və yaysın. İmtina etmək və ya küsüb getmək kimi fikrimiz də yox idi. Evin dağılması, dinc insanların öldürülməsi, yaralanması hadisədir, jurnalist də hadisə yerində olmalıdır. Missiyamızı yerinə yetirirdik. Amma hərbi jurnalistin vəzifəsi həm də döyüşü görmək və göstərməkdir axı...

44 günlük müharibədə Azərbaycan jurnalistlərinin ən yaxşı halda gedə biləcəyi yer cəbhə kəndləri idi. Bilavasitə hərbi əməliyyatları işıqlandırmaq jurnalistlərə müyəssər olmadı. Rəsmi səviyyədə icazə verilmədi.

Aydın məsələdir ki, 44 gün ərzində cəbhəyanı ərazilərdə işləyən bütün jurnalistlər onsuz da potensial təhlükə ilə üzləşdilər – ən yaxın yaşayış məntəqələrinə, ən uzaq Gəncəyə, Mingəçevirə atılan mərmilərdən də “nəsiblərini ala bilərdilər”. Məqsəd kiminsə əziyyətini kiçiltmək deyil, onun altını cızmaqdır ki, müharibəni işıqlandırmaq üçün yollanan media mənsubları reallıqda müharibənin özünü yox, onun fəsadlarını işıqlandırdılar.

Jurnalistika həm də tarixdir. Gələcəkdə konkret hadisələrin tarixi yazılacaqsa, həmin dövrün jurnalistlərinin yazdıqları, çəkdikləri axtarılacaq. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, ikinci müharibənin media xronikası yoxdur. “Azərbaycanın müharibə tarixi”ni yazmaq üçün indi texniki imkanlar geniş olsa da, bu şans sadəcə, qaçırıldı. Jurnalist bu günü təsvir edir, sabah isə o, tarixə çevrilir. Necə deyərlər, “parlaq gələcək siyasətçilərin, keçmiş tarixçilərin, indiki zaman isə jurnalistlərin işidir”.

Hərbi əməliyyatların işıqlandırılması xüsusi bir sahədir. Azərbaycan müharibə şəraitində olsa da, 30 ilin hamısı gərgin keçməyib. Buna görə də, ekstremal şəraitdə işləyən jurnalistlərin sayının azlığı və peşəkarlıq probleminin mövcudluğu anlaşılandır. Çox kiçik bir qrup var ki, onlar bu təcrübəni ya xarici ölkələrdəki hərbi əməliyyatlar, kəskin qarşıdurmaların işıqlandırılması zamanı qazanıblar, ya da beynəlxalq hərbi reportyorluq təlimlərini bitiriblər. Heç olmasa, bu qrupa müəyyən şərait yaradıla bilərdi.

Hərbi reportyorun müharibəyə sevgi və ya nifrətlə yanaşması anormallıqdır. Müharibə onun üçün işdir, hadisədir, emosiyadır. Jurnalistikanın əsası nə balans, nə obyektivlik, nə də doğru-dürüstlükdür. Bunlar vacib prinsiplərdir, amma özək deyil. Əsas olan maraqdır, hadisəyə, mövzuya maraq! Media mənsubunun işıqlandırdığı mövzuya özünün marağı olmalıdır. Bundan sonra “ictimai maraq”dan danışmaq olar. Hərbi jurnalistikada isə maraq cəbhəni iş yeri kimi görməkdir, ekstremal turizm zonası kimi yox.

Bizim maraq dairəmizə müharibənin özü yox, onun fəsadları düşdü. Müharibədən sonra da ən çox lentə aldığımız kadrlar dağıntılar idi.

Bir dəfə kimsə soruşdu ki, o dağıntıların arasında canlı nələrsə yoxdur? Qubadlıda, Ağdamda xeyli donuz gördüm, onlara çox yazığım gəldi, çünki ac idilər. Dağıntıların arasında ana donuz və onu izləyən balaları yemək axtarırdılar. Çox miskin mənzərə idi. Daş-kəsəyin içində yemək yox idi. Ərazi minalanmış ola bilərdi, ona görə yaxın getməyə qorxurdum. Ümid edirəm ki, o heyvanlar yemək tapdılar və minaya düşmədilər.

Xocavənddə həyətlərin birində it ulartısı eşitdim. Yaxınlaşdıq, zəncirdə idi, çox taqətsiz görünürdü. Zəncirini qıra bilmədik, amma yemək verdik. Gözlədik, doyunca yedi. Onun minaya düşmək təhlükəsi yox idi, yeməyini də vermişdik, əlavə yemək və su da qoyduq. Amma zəncirini qıra bilmədik...