Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sabah”ın işığı, serb futbolçunun etirafı, “Partizan” üçün master-klass...
Azərbaycan futbolunda ümidin yeni ünvanı 

“Sabah” futbol klubu Azərbaycan çempionatının ötən mövsümünədək ancaq akademiyası, uşaq futboluna verdiyi töhfələrlə öyünürdü. Bunun müqabilində əsas komandada məşqçilər, futbolçular əlcək kimi dəyişdirilir, di gəl ki, qarşıya qoyulan hədəflərə çatmaq mümkün olmurdu. Əsası 2017-ci ildə qoyulan, 2018-ci ildən isə elitada çıxış edən “Sabah”ın sabaha ümidi Murad Musayevin təyinatından sonra yarandı. Özbək kökləri olan Musayev 2021-ci ildə komandanın “sükanı arxası”na keçən kimi Azərbaycanda yaxşı işlər görə biləcəyinin mesajını verdi. Zaman klub rəhbərliyi, futbol ictimaiyyəti, mətbuat və azarkeşlərin ona güvəninin əsassız olmadığını göstərdi.

2022/2023 mövsümündə Bakı təmsilçisi özünü yaxşı tərəfdən göstərdi və mövsümü “Neftçi”dən öndə, “Qarabağ”dan geridə - 2-ci pillədə bitirdi. Gümüş medallara sahib çıxan Musayevli “Sabah” 6 illik tarixində ilk dəfə avrokuboklarda - UEFA Konfrans Liqasında oynamaq hüququ qazandı. Avropa arenasında debüt etməsinə baxmayaraq, paytaxt klubunun ilk mərhələdə RFS-i (Latviya) mübarizədən kənarlaşdıracağına inam böyük idi. Etimadı doğruldan “Sabah” həm səfərdə (2:0), həm də evdə (2:1) rəqibini üstələməyi bacardı. Püşk növbəti mərhələdə bakılıların qarşısına Serbiyanın adlı-sanlı klubu “Partizan”ı çıxartdı. Avrokubok təcrübəsi ilə öyünən Belqrad təmsilçisinin “Sabah”ı asanlıqla üstələyəcəyi proqnozlaşdırılırdı. Düzdür, mərhələni adlayan tərəf “Partizan” oldu. Halbuki “Sabah” debüt ilində Konfrans Liqasının “play-off” mərhələsinə keçməyə çox yaxın və layiq idi.

Bakıdakı görüşdə “Partizan”a master-klass keçən “Sabah”ı narazı sala biləcək yeganə məqam rəqib qapısına daha çox qol vurmaq şansı olduğu halda, 2 qolla kifayətlənməsi idi. Əslində, 2:0 hesablı qələbə cavab oyunu öncəsi əla nəticə sayılır. Lakin Belqradda baş tutan ikinci qarşılaşmada “Sabah” üstünlüyünü qoruya bilmədi. Azərbaycan təmsilçisi səfərdə qol şanslarını boşa verincə, matçın əsas vaxtı “Partizan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşdı. Ümumi hesab 2:2 olduğundan, əlavə vaxta ehtiyac duyuldu. Burada qol olmayınca qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası baş tutdu, şansı üzünə gülən isə serblər oldu...

“Sabah” avrokuboklarda mübarizəni dayandırsa da, debütdəcə 1 mərhələ keçə və “Partizan” kimi tanınmış komandanı Bakıda məğlub edə bildiyinə görə, futbol ictimaiyyəti və azarkeşlər tərəfindən alqışlandı, tərifləndi, haqqında müsbət fikirlər səsləndirildi. “Qarabağ” və “Neftçi” azarkeşləri də “Sabah”ın çıxışını yüksək qiymətləndirdilər.

“Uğurlu layihə olacağı o vaxtdan görünürdü”

6 il əvvəl əsası qoyulan və mübarizəyə birinci diviziondan başlayan “Sabah”ın yaxın gələcəkdə güclü komandaya çevriləcəyinə inananlar çox deyildi. Komandanın ilk baş məşqçisi olmuş Arif Əsədov isə həmin vaxtdan klubun gələcəkdə iddialı olacağına şübhə etmirmiş. old.pressklub.az-a müsahibə verən Əsədov “Sabah”ın təməlinin qoyulduğu dönəmi yada salıb: “Klub yarandığı gündən iddialı olmasaydı, mən birinci divizionda işləməzdim. Çünki həmin vaxtadək baş məşqçi kimi “Neftçi”də çempionluq yaşamışdım, aşağı yaş qrupu üzrə milli komandada işləmişdim. Bu baxımdan birinci divizionda çalışmaq heç ağlımdan keçmirdi. Məni dəvət etdilər, Təhsil Nazirliyində görüşümüz oldu. O vaxtkı təhsil naziri Mikayıl Cabbarovla, klubun rəhbərləri ilə söhbətdə “Sabah”ın gələcəyi ilə bağlı uzunmüddətli strategiyanın olduğunu bildirdilər. Tez bir zamanda komandanı formalaşdırıb, birinci divizionda çıxış etdik. “Sabah”ın uğurlu layihə olacağı o vaxtdan görünürdü. Rəhbərliyin gördüyü işlər göz qabağındadır”.

“O, qələbə üçün alışıb-yanır”

Futbolda uğur qazanmaq üçün ən vacib şərtlərdən biri düzgün məşqçi seçimidir. Təsadüfi deyil ki, “Sabah” onu Premyer Liqada uğura daşıyan məşqçini tapanadək bir neçə mütəxəssislə - Elşad Əhmədov, Jelko Sopiç, Visente Qomes və Ramin Quliyevlə yolları ayırmalı olub. Arif Əsədovun fikrincə, hazırkı çalışdırıcı Murad Musayevin ən böyük özəlliyi qələbə üçün alışıb-yanmasıdır və bunun sayəsində uğurlu iş görməkdədir: “Baş məşqçi komandanı özünə və özünü komandaya uyğunlaşdırırsa, uğurlar qaçılmaz olur. “Sabah”ı Premyer Liqada bir neçə məşqçi çalışdırdı, amma istənilən nəticəni verə bilmədilər. Murad Musayev gənc, müasir futbolu yaxşı bilən mütəxəssisdir. O, qələbə üçün alışıb-yanır. Və bu xüsusiyyətini ilk günlərdən futbolçulara da ötürdü. “Sabah”ın əvvəlki məşqçilərində isə bu, görünmürdü. Murada qədər də komandada keyfiyyətli futbolçular olurdu, amma uğur üçün “gözləri yanmırdı”. Muradın ötən mövsüm çempionatda bir neçə dəfə qırmızı vərəqə aldığının şahidi olduq. Bu da onun çılğınlığı, uğur qazanmaq istəyi ilə bağlı idi. Təbii ki, rəhbərliyin güvəni də uğurda böyük rol oynayır. Bu balans komandanı yavaş-yavaş uğura çatdırır. Məhz bunların sayəsində “Sabah” ötən mövsüm Azərbaycan çempionatında ikinci yeri tutdu, avrokuboklarda debüt ilindəcə bir mərhələ keçdi. İkinci mərhələni də keçə bilərdi, təəssüf ki, şansı əldən verdi”.

“Təcrübə çatmadı...”

Həqiqətən, təəssüf... Və belə məqamda ortaya bir sual çıxır: ““Sabah” ilk oyundan sonra hesabda yaxşı üstünlük əldə etdiyi halda, niyə “Partizan”ı keçə bilmədi?”. Komanda oyun planında rəqibdən geri qalmadı, fiziki cəhətdən 120 dəqiqəlik mübarizəyə tam hazır olduğunu göstərdi. Bəs onda “Partizan” səddində ilişməyimizi nəyə bağlamaq olar? Əsədov da bu fikirdədir ki, “Sabah”ın avrokuboklarda ilk ilindəki çıxışını uğurlu saymaq olar. Ona görə, “Partizan”ı mübarizədən kənarlaşdıra bilməməyin əsas səbəbi avrokubok təcrübəsizliyidir: “Püşkatmadan sonra “Partizan” favorit sayılırdı. Amma “Sabah” evdəki möhtəşəm oyunla bütün fikirləri özünə tərəfə yönəltdi. İlk oyunda qeydə alınan 2:0 mərhələ keçmək üçün çox yaxşı hesab idi. Buna baxmayaraq, rəqibin ad-sanı, təcrübəsi sonda öz sözünü dedi. Cavab görüşündə “Sabah”da təcrübə çatmadı. Rəqib belə oyunlarda daha təcrübəlidir. “Partizan” avrokuboklarda tarixi ərzində bir neçə dəfə bu cür situasiya ilə üzləşib. Səfərdə 2, hətta 3 top fərqi ilə uduzduqları oyunlar olub, amma evdə həmin nəticəni kompensasiya edərək, qalib gələ biliblər. “Sabah” üçün də bu təhlükə var idi. Təəssüflər olsun ki, komandamız həmin təhlükədən yan keçə bilmədi. Amma mərhələ adlaya bilməsə də, “Sabah” oyun baxımından rəqibindən daha üstün idi. Penaltilər seriyası bəxt amili ilə bağlıdır”.

Aleksey Kaşuk... “Sabah”ın Azərbaycan ikincisi olmasında mühüm rol oynayan futbolçulardan biri... Cinah reydləri, mərkəzə doğru çəkildikdən sonra vurduğu zərbələr ilə göz oxşayırdı. “Sabah” nə qədər çalışsa da, Donetsk “Şaxtyor”undan icarəyə götürdüyü 23 yaşlı yarımmüdafiəçini heyətində saxlaya bilmədi. Zatən Azərbaycan çempionatında 16 qol vurduqdan və 10 assist etdikdən sonra Ukrayna klubunun onu geri qaytaracağı gün kimi aydın idi. Elə də oldu. Təəssüf...

Konfrans Liqasına Kaşuksuz başlayan, onun yerini doldurmaq üçün yeni futbolçular transfer edən “Sabah” növbəti zərbəni Coy-Lens Mikelsdən aldı. O Mikelsdən ki, ötən mövsüm çempionatda 17 qol vuraraq komandasının ən məhsuldar futbolçusu olmuşdu. Özü də çox vacib məqamda - “Partizan”la ilk oyundan öncə ərəblərin sərfəli təklifinə “hə” deməyi üstün tutdu. Mikelsin yoxluğunda gücümüz Belqrad klubunu ancaq Bakıda üstələməyə çatdı.

Bəli, Murad Musayev həmkarı Qurban Qurbanov kimi öz oyun sistemini artıq oturdub. Sistemi oturtmaq o deməkdir ki, istənilən futbolçunun gedişindən asılı olmayaraq, komanda öz oyununu sərgiləyə bilir. “Sabah” Kaşuk kimi, Mikelsin də yerini dolduracaq. Sadəcə, belə bir məqamda iki vacib futbolçusunu itirmək bakılıları geri saldı. Onlar olsaydılar, ən azından “Partizan” “Sabah”ın daha güclü müqavimətinə məruz qalacaqdı...

“Mikels “Partizan”la oyundan öncə getməsəydi...”

Həmsöhbətimiz Arif Əsədov qeyd edir ki, keyfiyyətli futbolçuların çoxluğu komandanın oyun keyfiyyətini artırır. O da razıdır ki, “Sabah” üçün dəyərli oyunçular olan Kaşuk və Mikels komandanı arxalarınca apara bilirdilər: “Onlar “Sabah”a çox xeyir veriblər. Amma futbol belədir: kimlərsə gedir, kimlərsə gəlir və gedənlərin yerini doldurur. Təbii ki, gəliş-gedişlər komandaya mənfi təsir göstərir. Çünki yeni gələnlərin komandaya adaptasiyası zaman alır. Kaşuk və Mikelsin ayrılığı “Sabah”a istər-istəməz təsir etdi. Əgər hər ikisi olsaydı, xüsusən də, Mikels “Partizan”la oyundan öncə son anda getməsəydi, bəlkə də “Sabah” növbəti mərhələyə keçərdi. Ancaq əsas komandanın oyun üslubudur. Yeni transferlər gedənlərin yerini çempionatın gedişində tam dolduracaq və “Sabah” uğurlu çıxışını davam etdirəcək”.

“Bu il çempionluğa oynamaq olar”

“Sabah” azarkeşlərinin, “Sabah”ın sabahına inananların sayı gündən-günə artmaqdadır. Təbii ki, komandadan gözləntilər də böyüyür. “Sabah”ın bu mövsüm Azərbaycan çempionu olacağına, “Qarabağ”ı taxtdan salacağına ümid bəsləyənlər az deyil. Müsahibimiz də komandanın birincilik üçün yetərli gücdə olduğu qənaətindədir: “Artıq “Sabah”ın çempionluq uğrunda mübarizə aparmaq vaxtı çatıb. Çünki keçən il hədəf avrokuboklara vəsiqə qazanmaq idisə, bu il çempionluğa oynamaq olar. “Qarabağ”, “Sabah” və “Neftçi” çempionluğa əsas namizədlərdir. Bu siyahıya “Zirə”ni də əlavə edərdim, çempionatın gedişində onların əsl gücünü biləcəyik”.

“Sabah”ın daha bir üstün tərəfi var - təkcə komanda kimi yox, həm də klub olaraq püxtələşmək! Akademiyası var, skautinq sistemi quraraq bölgələrdən istedadlı uşaqları cəlb edirlər. Bu isə o deməkdir ki, yaxın illərdə “Sabah” həm özünü, həm də digər klublarımızı yetirmələri ilə təmin edəcək. Bu, bir tərəfdən Bakı təmsilçisinin yerli futbolçu seçimini genişləndirəcək və legionerlərdən asılılığını azaldacaq, digər tərəfdən isə yetirmələrinin satışından pul qazandıracaq.

“Baza məsələsi həll edilməlidir”

Millidə Canni de Byazinin köməkçisi olan Əsədov da “Sabah”ın akademiyaya, aşağı yaş qruplarına diqqət yetirdiyini vurğulayıb, klubun yeganə çatışmazlığının baza məsələsi olduğunu bildirib: “Düzgün struktur qurublar, akademiyadan tutmuş əvəzedici heyətədək yaxşı işlər görülür. Təkcə baza ilə bağlı problemləri var. Hazırda əsas komanda Masazırda qərarlaşıb, orada məşq keçirlər. Amma akademiyaları müxtəlif yerlərdədir. Klubun daha sürətlə inkişaf etməsi üçün vacib amillərdən biri bazadır. “Sabah” daha çox inkişaf istəyirsə, ilk növbədə baza məsələsini həll etməlidir. Bunu da etdikdən sonra Azərbaycan futboluna daha çox xeyir verə bilər. Klubun hər il öz yetirməsi çıxsa, bu ənənə yaransa, hər dəfə xaricdən baha qiymətə oyunçu almağa ehtiyac qalmaz”.

“Baxan kimi məşqçi işi görünür”

“Sabah” haqqında əcnəbilər də yüksək fikirdədirlər. Vaxtilə Azərbaycanda millisində oynamış, ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarının formasını geyinmiş Branimir Subaşiç də “Sabah”ı bəyənənlər sırasındadır. Sabiq serbiyalı hücumçu Belqradda keçirilən “Partizan” - “Sabah” matçından öncə Bakı təmsilçisinin rəhbərliyi ilə görüşüb. O, old.pressklub.az-a müsahibəsində komandamızı tərifləyib: ““Sabah” məni yaxşı mənada təəccübləndirdi. Əla təşkilatlanmış komandadır. Həm rəhbərlik, həm də futbolçular haqqında müsbət sözlər deyə bilərəm. “Sabah”ın oyunu çox xoşuma gəldi. Baxan kimi məşqçi işi görünür. Baş məşqçinin öz oyun üslubu var və bunu komandaya aşılaya bilib”.

““Sabah” mərhələ adlamağa daha layiq idi”

“Banya” “Sabah”ın “Partizan”la müqayisədə daha yaxşı oynadığını, sadəcə, bəxtinin gətirmədiyini qeyd edib: “Şans həmin gün “Sabah”ın tərəfində deyildi. Amma oyuna qalsa, mərhələ keçən tərəf olmalıydılar. Bunu tam məsuliyyətimlə deyirəm ki, “Sabah” mərhələ adlamağa daha layiq idi. Kombinasiyalı hücumlar qururdular, qol vəziyyətləri yaradırdılar. Onlardan heç olmasa birini qola çevirmək lazım idi. Belə olsaydı, tamam başqa nəticə qeydə alınacaqdı. Bəzi epizodlarda “Partizan”ın bəxti gətirdi. “Sabah” əsl Avropa futbolu nümayiş etdirir. Onların Konfrans Liqasında mübarizəni dayandırmasına təəssüfləndim”.

1-2 güclü futbolçu alınmalıdır”

Maraqlıdır ki, “Partizan”la Bakıdakı qarşılaşmanı izləyən serb tanışları Subaşiçə zəng edərək həyəcan təbili çalıblar. Onlar Azərbaycan komandasını çox bəyəndiklərini və cavab görüşündə “Partizan”ın mərhələ adlamaq şansının olmadığını deyiblər. “Banya”nın fikrincə, “Sabah” daha 1-2 yeni transfer etsə, cari mövsümdə çempionluq mübarizəsi apara bilər: “Belqraddakı matçda sağ cinah müdafiəçisi Amin Seydiyevin oyunu çox xoşuma gəldi. “Sabah”ın çempion olmaq şansı var. Çünki yaxşı komandadır. Amma “Qarabağ”, “Neftçi” və “Zirə” ilə sonadək çempionluq mübarizəsi aparmaq üçün daha 1-2 güclü futbolçu almalıdır”.

Rizvan BABAYEV