Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın təzyiqlərinə qarşı Azərbaycan-Türkiyə ittifaqı

Rusiya Azərbaycana təzyiqləri getdikcə artırır.

Müdafiə naziri Sergey Şoyqu iki gün əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətində “Dağlıq Qarabağda terrorçuların olmasından” narahatlığnı ifadə edib. Bu gün isə xarici işlər naziri Sergey Lavrov Moskvanın Bakıya ünvanladıqları təklifi açıq mətnlə səsləndirib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə müzakirə olunan ilkin razılaşmada regiona sülhməramlıların yerləşdirilməsi təklif olunub, ancaq indiki məqamda hərbi müşahidəçilər də yetərlidir. Bu məsələdə son sözü tərəflər  deməlidir”.

Beləliklə, Rusiya öz ordusunu “hərbi müşahidəçi” adı altında bölgəyə göndərmək üçün açıq şəkildə təzyiqlərə başlayıb. İlkin mərhələdə hərbi müşahidəçilər, daha sonra böyük kontingentin Dağlıq Qarabağa gətirilməsindən söhbət gedir. Məlumdur ki, Paşinyan əvvəllər bu təklifə qarşı çıxış edib. Görünür, Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra Rusiya qarşısında geri çəkilməyə məcbur olaraq “böyük qardaş”ın şərtlərini qəbul edib. Kreml indi Azərbaycanı yola gətirmək üçün sistemli təzyiqlərə başlayıb. Müdafiə və xarici işlər nazirlərinin bəyanatlarındakı sinxronluq bundan xəbər verir. Azərbaycan prezidenti İlham Əliyevin bu təklifə münasibəti belədir:

“Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistan və Azərbaycanın razılığı əsasında olmalıdır. Hər kəs anlamalıdır ki, bu gün sülhməramlıların göndərilməsi deyəndə burada Azərbaycan torpaqlarından söhbət gedir və bizim icazəmiz olmadan hansısa ölkə sülhməramlılarını bizim torpaqlarımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və qəbuledilməzdir”.

Rusiyanın narahatlıqlarından biri də Türkiyənin regionda aktiv siyasət yürütməsi və Azərbaycana ciddi dəstəyidir. Moskva açıq şəkildə bəyan edib ki, Ankara münaqişənin həllində vasitəçi ola bilməz. Görünən odur ki, Türkiyə Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumaq üçün hərəkətə keçib. Prezident Ərdoğan, xarici işlər naziri Çavuşoğlu və müdafiə naziri Akar ard-arda açıqlama verərək Moskvanı müdaxilə niyyətindən çəkinməyə dəvət edirlər. Azərbaycan siyasi rəhbərliyi də qətiyyətli mövqe sərgiləyərək mütəfqinin arqumentlərini gücləndirməklə yanaşı, Ankaraya qarşı ittihamları pisləyib. Bu gün prezident İlham Əliyev Türkiyənin “Habertürk” kanalına müsahibəsində deyib:

“Ermənistanın 1-2 milyard dollarlıq hərbi texnikası ordumuz tərəfindən sıradan çıxarılıb.  Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”.

Prezident daha sonra Türkiyənin Azərbaycana tam dəstəyini yüksək qiymətləndirərək Rusiyanın təzyiqlərinə tab gətirmək üçün onun mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”.

Bu bəyanatda olduqca vacib mesajlar var. Onlardan başlıcası Azərbaycan-Türkiyə birliyinin perspektivi barədədir. İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqlik müqaviləsi imzalanmasını, Azərbaycanda bəlkə də Türkiyə hərbi bazalarının yerləşdirilməsini mümkün sayır.

Rusiyanın Türkiyəni Qarabağ masasından kənarda qoymaq cəhdlərinə Bakıdan sərt etiraz var. Prezident ölkənin mövqeyini açıq şəkildə ifadə edib:

“Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz, əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var. Bilirsiniz ki, Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır”.

Turqut