Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya yeni müharibə hazırlığında: 1.5 milyonluq ordu hara yönələcək?
Baltik və Finlandiya sərhədində ordu toplayır, istehkamlar qurur

Ukraynaya hərbi təcavüzdən sonra onilliklər boyu saxladıqları neytrallıq siyasətinə son qoyaraq NATO-ya üzv olan Finlandiya və İsveç, Rusiyadan gələn hərbi təhdidləri yaxından izləyir. Şimali Avropa və Baltikyanı ölkələr Kremlin yeni hərbi planlarına qarşı hazırlıqları gücləndirərkən, hərbi ekspertlər regionun gələcək təhlükəsizlik arxitekturasını qiymətləndirirlər.

Bu barədə "Nastoyaşee Vremya" telekanalının araşdırmasında geniş təhlil təqdim olunub.

Məlumata görə, Finlandiyanın cəmi 50 min əhalisi olan Mikkel şəhərində NATO-nun Şimali Avropadakı Quru Qoşunları Komandanlığının Qərargahı yerləşdirilib. Ekspertlər bu seçimin təsadüfi olmadığını və ciddi simvolik məna daşıdığını vurğulayırlar. İkinci Dünya müharibəsi zamanı Finlandiya ordusunun baş komandanı Mannerheymin qərargahı məhz burada yerləşib. Digər tərəfdən, şəhər strateji baxımdan Rusiyanın Sankt-Peterburq şəhərindən cəmi 300 kilometr, Kareliya bərzəxindən isə 100 kilometr məsafədə yerləşir və bu, NATO-nun şimal cinahında operativ çevikliyi təmin edir.

Yuri Lavikaynen: "Finlandiyanın müharibə dövrü ordusu 300 min nəfərdir"

Rusiyanın Leninqrad Hərbi Dairəsini yenidən bərpa etməsi və sərhəd bölgələrinə hərbi qüvvə yığması peyk görüntüləri ilə də təsdiqlənib. Yeni kazarmalar, sursat anbarları və ağır hərbi texnika cəmləşməsi Rusiyaya bu istiqamətdə 115 minə qədər hərbi qulluqçu yerləşdirməyə imkan verir. Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Yuri Lavikaynen mövcud hərbi balansı belə şərh edir: "Biz NATO-ya üzvlük müraciəti edərkən Rusiyanın sərhəddə hərbi infrastrukturunu gücləndirəcəyini onsuz da gözləyirdik. Rusiya rəsmiləri bunu açıq şəkildə bəyan etmişdilər. Lakin burada bir məqamı fərqləndirmək lazımdır: adi hərbi tikinti ilə Ukrayna ssenarisi kimi real hücum hazırlığı fərqli şeylərdir. Hazırda Finlandiya üçün birbaşa işğal gözlənilmir, amma təhlükəsizlik siyasəti hər bir ssenariyə hazır olmağı tələb edir".

Ekspert Finlandiya ordusunun Baltikyanı ölkələrdən əsas üstünlüyünü də vurğulayıb: "Finlandiyanın çox yüksək döyüş qabiliyyətli müdafiə qüvvələri var. Rusiyanın sərhədə 80-100 min hərbçi yığmaq potensialına qarşı Finlandiyanın müharibə dövrü üçün ordusunun sayı 300 min nəfərdir. Ona görə də Rusiyanın bu qüvvəsi genişmiqyaslı hücum üçün yetərli deyil, yalnız məhdud əməliyyatlara bəs edə bilər".

Baltik məkanında gərginlik: Rusiya "5-ci maddə"nin sərhədlərini yoxlayır

Finlandiyadan fərqli olaraq, Baltikyanı ölkələrdə (Litva, Latviya, Estoniya) təhlükə daha həyəcanlı dillə ifadə olunur. Litvanın Polkovniklər Assosiasiyasının həmtəsisçisi Vaidotas Malinionis Rusiyanın hərbi təfəkkürünün köklərinə diqqət çəkir: "Rusiya SSRİ-dən miras qalmış ideyaları izləyir. Sovet hərbi doktrinası da Qərblə qarşıdurmaya və hərbi potensialı Qərb ölkələrinə qarşı yönəltməyə əsaslanırdı. Bu mənada yeni heç nə yoxdur".

Malinionis hesab edir ki, Rusiya NATO ilə birbaşa açıq müharibəyə hazır olmasa da, Alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini sınağa çəkmək üçün "boz zonada" manevrlər edir: "Onlar NATO-nun dözümlülüyünü yoxlamaq istəyirlər. Real hücum üçün kifayət qədər qüvvələri olmasa da, 5-ci maddənin astanasında balanslaşdırılmış təxribatları artıracaqlar. Hava məkanının dronlarla pozulması, GPS siqnallarının boğulması, dənizin dibi ilə gedən kabellərin sıradan çıxarılması və sabotajlar bu strategiyanın tərkib hissəsidir".

Latviya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının keçmiş rəisi Karlis Kresliş isə Kremlin Ukrayna müharibəsindən əvvəlki ritorikasını xatırladaraq ehtiyatlı olmağa çağırır: "Onlar bazalar tikir, infrastruktur qururlar. Bu, təbii ki, bizi narahat etməlidir. Çünki Rusiya Ukraynaya hücumdan əvvəl də 'yox, biz heç vaxt hücum etməyəcəyik' deyirdi, amma qoşunları sərhədə yığıb sonda müharibəyə başladılar".

NATO-nun əks-strategiyası: Kalininqrad və Sankt-Peterburq amili

Yaranmış təhdidlərə cavab olaraq NATO ölkələri artıq "çəkindirmə" siyasətindən aktiv müdafiə planlamasına keçiblər. Almaniya Hərbi Hava Qüvvələri rəhbərliyinin son bəyanatları və regiondakı hərbi güclənmə bunu sübut edir.

Hərbi ekspert Yuri Fyodorov Kremlin bu hərbi aktivliyinin Rusiyanın özü üçün yaradacağı riskləri belə izah edir: "Rusiyada unudurlar ki, Sankt-Peterburq Finlandiya sərhədindən cəmi 100 kilometr məsafədədir. Böyük müharibə başlayacağı təqdirdə, Rusiyanın bu addımlarına cavab olaraq həm Kalininqrad vilayəti, həm də Sankt-Peterburq qaçılmaz olaraq NATO-nun aviasiya, raket və artilleriya zərbələrinin birbaşa hədəfinə çevriləcək".

Vaidotas Malinionis isə coğrafi baxımdan təcrid olunmuş Kalininqrad anklavının Rusiyanın ən zəif nöqtəsi olduğunu bildirir: "Rusiya NATO ölkələrini ayıran Suvalki dəhlizi istiqamətində hər hansı hərbi avantüraya rəvac verərsə, onun Kalininqradı əlində saxlamaq imkanları sıfıra bərabər olacaq. Rusiya bu ərazini dərhal itirə bilər".

Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPA) baş elmi işçisi Pavel Luzin qeyd edir ki, hazırda NATO ölkələrinin, xüsusilə də Finlandiyanın "F-35" qırıcıları alması və Baltikdə kontingentin genişləndirilməsi planları gizli saxlanılmır: "Bu planların açıq şəkildə müzakirə olunması və səsləndirilməsi birmənalı olaraq Rusiyanı dayandırmaq və çəkindirmək məqsədi daşıyır".

Bununla belə, Yuri Fyodorov sonda ən kritik sualı gündəmə gətirir: "Rusiya ordusunun sayını 1,5 milyon nəfərə çatdırmağı planlaşdırır. Əsas sual budur: Ukraynadakı müharibə bitdikdən və ya atəşkəs əldə olunduqdan sonra bu nəhəng hərbi qüvvə hara yönəldiləcək? Qərb məhz bu gələcək ssenariyə qarşı indidən sipər hazırlayır".

Turqut