Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya üçün başlanğıc:

Müəllif: Seymur Həzi

Bu sətirlər qələmə alınarkən xatırladım ki, bu gün, yəni 31 yanvarda Rusiyada  Navalnı tərəfdarlarının ikinci mitinqləri böyük azərbaycanlı Məhəmməd Əmin Rəsulzadənin doğum gününə təsadüf edir. “İnsanlara hürriyyət, millətlərə istiqlal” devizini hələ 20-ci yüzilliyin əvvəllərində özünə çıraq tutan  idealist respublikaçı Rəsulzadə o zaman Xalq Cümhuriyyəti parlamentindəki çıxışında rus xalqı ilə Rusiya imperialist dairələrinə olan münasibətində fərqi aydınlaşdırır: “Bilirsiniz ki, bizim Rusiya xalqına qarşı heç bir ədavətimiz yoxdur. Bizim narazı olduğumuz Rusiya – imperialist, rəsmi Rusiyadır”.

Eyni fikirləri 20-ci əsrin sonlarında özünü Rəsulzadə yolunda elan etmiş Əbülfəz Elçibəy, İsa Qəmbər, Əli Kərimli dəfələrlə müxtəlif formalarda səsləndiriblər. Hətta Azərbaycanda uzun müddət Moskvaya bilavasitə bağlı olmuş Heydər Əliyevin də Qarabağ münaqişəsi kontekstində Kremli sərt tənqid edən çıxışları var. 44 günlük müharibə ərzində isə İlham Əliyev Rusiyanı hədəfə alan çıxışlar edib.

Bütün bunları xatırlatmaqda məqsədim odur ki, özünü Azərbaycan dövlətinə rəsmi və ya faktiki bağlı bilən hər kəs siyasi fəaliyyəti dövründə Moskvanı ən azı konkret vəziyyətlərlə əlaqədar tənqid etmək məcburiyyətində qalır. Beləliklə, biz Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən bunu daha çox rəsmi Bakı - rəsmi Moskva münasibətləri kontekstində başa düşmək lazımdır.

Rusiyada demokratiya cücərirmi? 

“Demokratiya” siyasi anlayış, proses və idarəetmə mexanizmi kimi başqa-başqa şərhlərə məruz qalır. Biz Rusiyada Navalnının zəhərlənmısi və həbsi ilə başlayan prosesi “demokratikləşmə” adlandıra bilərikmi?

Bu sualın cavabı ona keçmiş SSRİ dövlətinin hansı yönündən baxmağımızdan asılı olaraq, mübahisəlidir. Məsələn, Qərb tərəfdən baxanda, Rusiya tam avtoritar bir ölkədir, əksər şərq respublikalarına  nisbətdə isə yarımazad cəmiyyətdir. Bu qiymətləndirmənin meyarını beynəlxalq təşkilatların hesabat və rəyləri, eyni zamanda bizim müşahidələrimiz əsasında aparılmış müqayisələr təşkil edir. Bütün hallarda – istər avtoritar olsun, istər yarımazad – Rusiya artıq durduğu yerdə qərar tuta bilmir. Orada proses başlayıb. Onu “demokratikləşmə”, “demokratikləşməyə keçid”, “süni etiraz”, “xalq etirazları”, “Putinin ifşası”, “Qərbin oyunu” və. s adlandırmaq və hər bir adlandırma üzrə xeyli arqument gətirmək mümkündür. Amma heç bir arqument faktın mahiyyətinə təsir edə bilmir. Bu isə rus xalqının özünün də rəsmi Moskvadan ciddi narazı olduğu faktıdır. Hökumət etiraz mitinqlərinin miqyasını azaltmaq üçün metroları bağlamaq və marşrut avtobuslarının istiqamətlərini dəyişmək yoluna əl atırsa, deməli, xalqın “arzuolunmaz” ünvana gedəcəyini bilir. Bu, bizə həyat təcrübəmizdən məlumdur.

Navalnı haqqında rezume

Biz Navalnı haqqında çox şey bilirik. Amma onu daha yaxşı Rusiya hökuməti tanıyır və qiymətləndirir. Navalnının bir bloger kimi araşdırmalar apardığı, dəfələrlə təqib edildiyi, hökumətin korrupsiya əməllərini ifşa etdiyi bəllidir. Müxalifətçinin sonuncu işi isə Putin və Kreml tərəfindən təkzib edilən “Putin üçün saray” adlı araşdırmasıdır. Biz Navalnının zəhərlənməsi işində bu araşdırmanın rolunun nədən ibarət olduğunu dəqiq söyləyə bilmərik. Amma çəkilişlərin yayda aparıldığını nəzərə alsaq, deyə bilərik ki, hökumətin həmin araşdırmadan xəbər tutması və rəqibi susdurmağın yollarını axtarması ehtimalı son illərin hadisələri fonunda heç də fantastik görünmür.

Rusiya hara gedir?

Putinin sonuncu referendumunu şərh edərkən yazmışdıq ki, “Boz çar” bundan sonra istənilən büdrəmədən ciddi təsirlənəcək. Milyonlarla vətəndaşın sosial-iqtisadi gərginlik içində yaşadığı və pandemiya ilə savaşda tək buraxıldığı bir dövrdən siyasi fürsət kimi istifadə edərək, qanunu öz ölçülərinə uyğunlaşdırmaq – Putinin artıq xeyli zəif düşdüyünün  göstəricisi idi. Onun zəifliyinin əsas naşanəsini Putinin arzuolunmazlığı barədə fikirlərin Rusiyada yayğın əhval-ruhiyyə doğurmasında görmək olurdu. Putin də vəziyyəti yaxşı bildiyindən, xalqı qolubağlı vəziyyətdə yaxalamışdı. İndi isə biz revanşı görürük. Onun nə zaman hansı nəticə verəcəyini zaman göstərəcək, amma dəqiq demək olar ki, Putin bundan sonra nə əvvəlki nüfuzunu, nə də soyuqqanlılığını bərpa edə biləcək.  31 yanvar mitinqinin necə alınmasından asılı olmayaraq, bu tədbir uzun zaman yerində saymış kütlənin ya ciddi etirazlar istiqamətində bir addımı, ya da addım atmaq cəhdi olacaq.  Putin isə ya demokratiyaya doğru geri çəkiləcək, ya da “yarım azadlıq”lardan imtina edib, diktaturaya doğru irəliləyəcək...