Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya “Qarabağa gətirilmiş terrorçular” nağılını niyə təkrarlayır? 

Bu gün səhər Rusiya Müdafiə Nazirliyindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki açıqlama yayılıb. 

Əvvəlcə bildirilib ki, nazirlik Dağlıq Qarabağda vəziyyətin stabilləşdirilməsi üçün fəal iş görür: 

“Rusiya Müdafiə Nazirliyi öz səlahiyyətləri çərçivəsində Dağlıq Qarabağda vəziyyətin tezliklə stabilləşdirilməsi üzrə Rusiya Federasiyasının təşəbbüslərinin həyata keçirilməsində fəal iştirak edir”.

Qeyd olunub ki, nazir Sergey Şoyqu müxtəlif ölkələrdən olan həmkarları ilə bu məsələ barədə müzakirə aparır: 

“Bu işin əsas məqsədi Dağlıq Qarabağda hərbi əməliyyatların dərhal dayandırılması və bölgədə vəziyyətin normallaşdırılması üçün münaqişə tərəflərinin danışıqlara başlamasıdır”. 

Ümumi sözlərdən ibarət olan ilk açıqlamadan fərqli olaraq, ikincisində Rusiya hərbi idarəsi tərəfsiz davrana bilməyib və “Qarabağa gətirilmiş terrorçular” bayatısını təkrarlayıb. Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi rayonuna Yaxın Şərqdən terrorçu qrupların göndərilməsi barədə informasiyadan narahatdır:

“Dağlıq Qarabağ münaqişəsi rayonuna Yaxın Şərqdən terrorçu qrupların silahlılarının göndərildiyinə dair daxil olan informasiya xüsusi həyəcan doğurur”.    

S.Şoyqu bu narahatlığı Türkiyənin müdafiə naziri Hulusi Akarla 12 oktyabr tarixli telefon danışığında ona çatdırıb. Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi telefon danışığı haqqında elə həmin gün məlumat yayıb. Məlumatda deyilir ki, H.Akar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini, o cümlədən Dağlıq Qarabağı tərk etməsinin vacibliyini S.Şoyqunun nəzərinə çatdırıb. Görünür, bu məlumat Rusiya tərəfini narahat edib və onlar da söhbətin bəzi detalları barədə əlavə məlumat yaymaq ehtiyacı hiss ediblər. 

Rusiya MN-in açıqlamasında Azərbaycanın adı çəkilməsə də, “terrorçular”ın Azərbaycanın tərəfində döyüşdüyünə açıq şəkildə işarə vurulur. Eyni iddia Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin bəyanatında da qeyd olunmuşdu. Moskva Azərbaycan Ordusunun 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarından bəri açıq şəkildə Ermənistanın yanında yer almamağa, özünü tərəfsiz vasitəçi kimi göstərməyə çalışıb. Amma digər tərəfdən, “terrorçular” nağılının davamlı şəkildə gündəmə gətirilməsi Azərbaycanın öz ərazisində işğalçılara qarşı həyata keçirdiyi və beynəlxalq hüquqa tam uyğun olan hərbi əməliyyatların legitimliyini azaltmağa, ona kölgə salmağa xidmət edir. Rusiya (və ya onun hərbi-kəşfiyyat qurumları) bu mövzunu Azərbaycana təzyiq məqsədilə istifadə etməyə çalışır, sanki Bakıya mesaj verilir ki, “bizim maraqlarımıza zidd hərəkət etsəniz, bu məsələdən istifadə edib, daha dərinə gedə bilərik”.

Müəllif: Şahin Cəfərli