Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya pomidorumuzu niyə bəyənmədi?

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan alma və pomidor idxalını qadağan edib. Qurum qərarını həmin məhsullarda zərərvericilərin aşkarlanması ilə izah edərək bildirib ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib. Söhbət bu məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir.

Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisində həmin zərərvericilərin yayılmasının qarşısının alınması məqsədilə “Rosselxoznadzor” 10 dekabr, 2020-ci il tarixindən etibarən Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, – deyə təşkilat bəyan edib. Qadağanın müvəqqəti xarakter daşıdığı vurğulanır.

Azərbaycan Qida Təhlükəsziliyi Agentliyindən bildirilib ki, bu məsələ ətrafında araşdırma aparılır və başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, Rusiya bazarına pomidor və almanın buraxılmaması Azərbaycana təzyiq vasitəsidir. Ekspert qeyd edib ki, Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Onun sözlərinə görə, bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur:

“Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların Rusiyaya ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor ixrac edib”.

İbadoğlu deyib ki, Rusiya bazarına pomidor ixracı il ərzində Azərbaycana 150 milyon ABŞ dollarından çox gəlir gətirir:

“Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var. Çünki Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiya istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi-sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını Qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli “Press Klub”a şərhində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əvvəllər də Azərbaycana müəyyən iradlar bildirdiyini xatırlatdı:

“Belə hallar da olub ki, məhsullar ya sərhəddən geri qaytarılıb, yaxud göndərildiyi vilayətlərdə, şəhərlərdə məhv edilib. Özü də bu, təkcə Rusiya tərəfindən edilmir”.

Mütəxəssisin sözlərinə görə, əvvəllər Rusiyada belə hallara müəyyən qədər göz yumurdularsa, indi çox ciddi yoxlamalar həyata keçirirlər. Çünki qonşu ölkədə kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsi xeyli yüksəlib.

Məhərrəmli onu da əlavə etdi ki, son illər Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların həcmi azalıb:

“Fındıq, alma, xurma və s. meyvələrin ixracında azalmanı buna misal göstərmək olar. Burada səbəblərdən biri standartlara əməl olunması tələbidirsə, ikinci səbəb istehsalın aşağı düşməsidir. Görünür, bizim fermerlər bu zərərvericilərə qarşı vaxtlı-vaxtında tədbirlər həyata keçirə bilmirlər. Ölkəyə gətirilən pestisidlərin keyfiyyəti aşağıdır, biz bu barədə dəfələrlə demişik. Hökumət qurumlarını da xəbərdar etmişik ki, pestisidləri ölkəyə gətirən dövlət şirkətləri yararsız məhsullara üstünlük verirlər. Fermerlər onlardan dəfələrlə istifadə etməyə məcbur olurlar. Nəticədə zərərvericilərin kökünü kəsmək mümkün olmur və belə arzuolunmaz hallara gətirib çıxarır”.

Kənd təsərrüfatı ekspertinin sözlərinə görə, Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər qoya biləcəyi gözlənilən idi və bu barədə hökumətə xəbərdarlıq ediblər:

“Bu da onunla bağlıdır ki, Rusiyada uzun müddətdir müasir texnologiyaların köməyi ilə istixanalar kompleksləri tikilir və yüksək məhsuldarlıq əldə olunur. İstixana bitkilərində 24 saat fotosintez prosesi gedir ki, bu da yüksək məhsuldarlıq əldə olunmasına şərait yaradır. Pomidorla yanaşı, Rusiyada alma bağlarının da həcmi genişləndirilir və ölkə artıq bu iki məhsul üzrə öz ehtiyaclarını təmin etməyə yaxındır. Nar idxalına niyə qadağa qoymurlar? Çünki onun istehsalını təşkil edə bilmirər. Hətta bu məhsulda zərərvericilər olsa da, onun gətirilməsini qadağan etmirlər”.

Məhərrəmli idxal qadağası barədə qərarda siyasi çalarların olmasını da istisna etmədiyini söylədi.

Turqut