Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya hərbçilərinin ölkəyə buraxılması Konstitusiyaya uyğundurmu?

Azərbaycanda gündəmin əsas müzakirə mövzusu Rusiya hərbi qüvvələrinin sülhməramlı adı altında Dağlıq Qarabağda yerləşdirilməsidir. Hər hansı ictimai müzakirəyə çıxarılmadan bu barədə qəflətən qərar verilməsi birmənalı qarşılanmayıb. Hətta qərarı Konstitusiyaya zidd hesab edənlər də var.

Rusiya hərbi kontingentinin Azərbaycanda yerləşdirilməsi barədə razılaşmanı “Press Klub”a şərh edən vəkil Fuad Ağayev bildirdi ki, bu məsələdə xalq referendum yolu ilə qərar verməydi. Vəkil Azərbaycan Konstitusiyasının xalqın suverenliyindən bəhs edən 2-ci maddəsini yada saldı. Orada yazılıb ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

“Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”, - Konstitusiyanın 2-ci maddəsində belə yazılıb.

F.Ağayevin sözlərinə görə, xarici dövlətin silahlı qüvvələrinin Azərbaycan ərazisinə buraxılması ölkənin suverenliyinin məhdudlaşdırılmasıdır. Suverenliyin məhdudlaşdırılması isə referendum qaydasında həll olunası məsələdir:

“Konstitusiya konkret hansısa dövlətin qoşunlarının Azərbaycana yerləşdirilməsi kimi məsələləri nizamlamır. Amma Konstitusiyada Azərbaycan Respublikasının suverenliyindən, suverenliyin Azərbaycan xalqının iradəsi ilə müəyyənləşməsindən bəhs olunur. Konstitusiyanın 2-ci maddəsinin təhlili, ruhu onu deməyə əsas verir ki, xarici ölkənin silahlı qüvvələrinin Azərbaycanda yerləşdirilməsi xalqın iradəsi əsasında həllini tapmalı məsələdir. Referendum olmadan suverenliyin bu dərəcədə məhdudlaşdırılması əsas qanunumuza ziddir. Görünən budur ki, Rusiya sülhməramlılarının tələsik yerləşdirilməsi məsələsində nəinki xalqın, heç mövqeyi bəlli olan Milli Məclisin də rəyinə ehtiyac duyulmadı”.

F.Ağayev ay yarımlıq müharibənin nəticələrini yekunlaşdıran birgə bəyanatın imzalanmasını prezident Vladimir Putinin şəxsində Rusiyanın qələbəsi hesab edir. Onun fikrincə, Cənubi Qafqaz son illərdə Rusiyanın geosiyasi maraqlarının orbitindən tədricən kənarlaşırdı:

“Çoxvektorlu xarici siyasət yürüdən və iqtisadi cəhətdən müstəqil olan Azərbaycan Rusiyadan uzaqlaşırdı. Ermənistanda narıncı inqilab nəticəsində yeni parlament seçildi və hökumətə ilk növbədə Avropa Birliyi və NATO-nun timsalında Qərblə yaxınlaşma kursu götürən Nikol Paşinyan rəhbərlik etməyə başladı. Gürcüstan Rusiyanın birbaşa təcavüzü nəticəsində Abxaziya və Cənubi Osetiyanı itirməsi ilə Saakaşvilinin gedişindən sonra da barışmadı. İndi isə vəziyyət kökündən dəyişdi. Azərbaycan öz ərazisinə Rusiya hərbi kontingentinin gətirilməsinə razılıq verdi, Gürcüstan ssenarisini təkrarlamaq üçün real şərait yaratdı. Azərbaycan Dağlıq Qarabağda və ətrafında suverenliyini məhdudlaşdırmağa könüllü şəkildə barışıb. Azərbaycanı 28 il əvvəl tərk etmiş Rusiya Silahlı Qüvvələrinin ordumuzun işğal altında olan məntəqələrin əhəmiyyətli hissəsini azad etməsi fonunda ölkəmizə qayıdacağını təsəvvür etmək belə çətin idi”.

Vəkil hesab edir ki, Rusiya bu bəyanatla Ermənistana yardım etdi. Onun fikrincə, Paşinyan bundan sonra vəzifədə qalsa belə, əvvəlki kimi qərbyönümlü siyasət apara bilməyəcək, Putin xəttinin icraçısına çevriləcək.

90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalında Rusiyanın rolunu xatırladan F.Ağayev qeyd etdi ki, Rusiya sülhməramlıları üçün müəyyənləşdirilən 5 illik müddət də çoxdur:

“Laçın dəhlizi boyunca yeni hərəkət marşrutunun razılaşdırılması üçün 3 il nəzərdə tutulub. Ermənistan razılaşmasa, nə olacaq? Marşrut əvvəlki kimi qalacaq. Bunu Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının həyata keçirilməsi adlandıra bilərikmi? Bəs, dövlət sərhədində nəzarət necə olacaq? Dağlıq Qarabağda ermənilər tərksilah ediləcəkmi? Suallar çoxdur”.

Gülər