Logo
news content
User
Kateqoriyalar

Analitika

Rüfət Quliyev: “Orta sinifin formalaşması prezidentin prioritetidir”

Prezident İlham Əliyev “Azərbayan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlərin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Ölkənin sosial-iqtisadi inkişafına dair 5 prioritet müəyyənləşib:

  • Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat;
  • Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  • Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  • İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  • Təmiz ətraf mühit və “yaşıl artım”.
Qarşıya qoyulan hədəfləri Milli Məclisin üzvü Rüfət Quliyevlə müzakirə etdik.
  • Rüfət bəy, gəlin, hər bir bəndin detalları ilə bağlı danışaq. Nədir dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət?
  • İlk növbədə onu qeyd etmək istəyirəm ki, inkluziv sözü bir termin kimi artıq iqtisadi kateqoriyaya deyil, sosial-iqtisadi kateqoriyaya daxil olub. Bu, son 10-15 ilin məhsuludur. BMT-nin ekspertləri bunu təbliğ edir və bütün ölkələrə məsləhət görürlər ki, inklüziv inkişafı sistemli formada həyata keçirsinlər. Bu, nələrdən ibarətdir? İstənilən cəmiyyətdə (varlı, kasıb, fərqi yoxdur) yaranan qazanc, yeni məhsulun bölgüsünə gəlib çıxanda mexanizm elə qurulmuşdu ki, onun daha böyük bir hissəsi cəmiyyətin varlı seqmentinin, varlı insanlarının əlinə düşürdü. Orta və kasıb təbəqənin payına isə daha az düşürdü. Yəni cəmiyyətdə müəyyən məhsul əldə olunur və onun ədalətli bölgüsündən söhbət gedir. Son 10-15 il ərzində bu, yeni bir kateqoriyadır. Məhz o ölkə daha dayanıqlı olur ki, orada orta sinif tam olaraq formalaşıb. Orta sinif formalaşanda o zaman cəmiyyətin inkişafı da, iqtisadiyyatın inikişafı da daha rahat gedir. Möhtərəm cənab prezident də həmin prioritetlərin içərisində buna daha çox önəm verib. Burada bizim orta sinifi formalaşdırıb, başa çatdırmağımızdan söhbət gedir. Azərbaycanda formalaşan orta sinif olmalıdır və bu da çox dayanıqlı bir təbəqə olacaq.
  • Növbəti 10 ildə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti qurmaq üçün hansı islahatlar həyata keçirilməlidir və nəyin əsasında bu cür cəmiyyət formalaşdıra bilərik?
  • Biz artıq bu mərhələyə başlamışıq. Bunun bir aləti kiçik və orta sahibkarlığın inkişafıdır. Biz bu barədə dəfələrlə müzakirələr aparmışıq. Mən dəfələrlə qeyd etmişəm ki, dünya iqtisadiyyatında (Yaponiyadan tutmuş, Avropa ölkələri, Amerikaya qədər) iqtisadiyyatın konstruksiyası bilavasitə kiçik və orta sahibkarlıqdır. Məsələn, Yaponiyada 70-75 faiz, Almaniyada 99 faiz işləyən insanlar kiçik və orta sahibkarlıq sahəsində çalışırlar. Yəni onların hamısı sahibkar deyil. Dünyanın ən aparıcı ölkələrində 6 faizdən 14 faizə qədər insanlar sahibkardır. Onların özləri sahibkardır, ailə üzvləri, muzdlu işçiləri, fermerləri və var. Burada inklüziv və sosial ədalət birləşir. Əgər biz həmin proqramı sürətlə həyata keçirə bilsək, çox yaxşı olacaq. Cənab prezident də qeyd edir ki, biz bu işlərə başlamışıq, lakin həmin proqramın tempindən narazıyıq. Elə etmək lazımdır ki, sürət çox olsun. O zaman həmin inklüziv bölgü öz yerini tutacaq.
  • İstiqamətlərdən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Əlbəttə ki, bir insana yatırım ediləndə burada ilk ağla gələn məsələ təhsil olur. Bu istiqamətdə hansı tədbirlər görüləcək?
  • Bilirsiniz, pandemiya bütün bəşəriyyəti sarsıtdı. Bəşəriyyət üçün böyük bir imtahan oldu. Azərbaycanda bu islahatlar başlayıb, gedir və sürətlə gedəcək. Əgər bir il bundan əvvəl kimsə desəydi ki, biz orta ümumi təhsil müəssisələri və ya universitetlərdə distant təhsil verəcəyik, bəlkə də inanmazdıq. Məndən soruşulsa, bir professor kimi deyərdim ki, tələbə ilə müəllim arasında tam ünsiyyət, təmas olmalıdır. Bu da vacibdir. Amma tələbə bu gün Hindistanda yaşayır, amma təhsilini distant şəkildə Amerika və ya İngiltərədə alır. Cənab prezident prioritetlər arasında bu istiqamətə də xüsusi önəm verib. Hətta prezidentin belə bir deyimi var idi: biz qara qızılı insan kapitalına tezliklə çevirməliyik. Yəni biz özümüzü tamamilə elə bir mərhələyə hazırlamalıyıq ki, bizdə aparıcı mütəxəssislər yetişsin. Bəli, bu gün bir çox ixtisaslar üzrə tələbələr dünyanın bir çox ölkələrinə təhsil almağa göndərilirlər. Oradan çox peşəkar və təcrübəli vətəndaşlarımız qayıdıblar. Məsələn, ölkəmizdəki səhiyyə sistemində ön yerlərdə Türkiyə universitetlərini bitirmiş həkimlərdir. Biz gələcəyə artıq sürətli addımlarla irəliləyirik. Ona görə də cənab prezident məsələləri mərhələ-mərhələ qoyur və tələb edir ki, bunun üçün şərait yaradılsın. Şəraitlə birgə gərək hər kəs məsuliyyətli olsun.
  • Bu hədəflərə vaxtında və tez çatmaq üçün nələr etmək lazımdır? Qurum və məmurların davranışı bu hədəflərə tez bir zamanda çatmağa kifayət edirmi?
  • Mən düşünürəm ki, nə birinci, nə də axırıncı dəfə deyil ki, cənab prezident bir çox məmurları tənqid edir. Məmur burda da, Afrikada da, Amerikada da məmurdur. Biz düşünməməliyik ki, məmurlar arasında fərq var. Biz hər zaman bir şeyi unuduruq: ölkəmizin neçə yaşı var? Biz özümüzü Yaponiya, Avropa, Amerika ilə müqayisə edirik. Axı, onların yüzillərlə müstəqillik tarixi var. Onlar uzun illər bazar iqtisadiyyatında yaşayıblar. Bizdə də həmin islahatlar gedir. Cənab prezident kadr islahatlarına da başladı. Hər il, hər ay yeni bir kadr təyin olunur. Cənab prezident nəhəng şirkətləri belə tənqid edəndə sual etdi ki, nə vaxta kimi siz dövlət büdcəsindən vəsait götürüb, işlərinizi quracaqsınız? Həmin şirkətlərin cəmini hesablasaq, Azərbaycan iqtisadiyyatının 60-70 faizidir. Onların özləri gərək pul qazanıb, ortaya qoysunlar. Layihələri özləri maliyyələşdirməli, özləri qabağa getməlidirlər. Hər dəfə gəlib qapını döyüb, büdcədən vəsait istəmək olmaz. Prezident həm də dedi ki, həmin şirkətlər effektiv işləməlidir. Bu effektiv sözü bütün iqtisadiyyata necə aid edilirsə, şirkətlərə də aid edilməlidir. Bu gün Qarabağa gedib, nəsə tikib-yaratmağa ehtiyac yoxdur. Əvvəlcə inrastruktur yaradılmalı, yollar çəkilməlidir. İnsanların böyük qayıdışı başlamalıdır. Bütün bunlardan sonra oturub düşünmək olar ki, nələri tikmək və artırmaq olar. Cənab prezidentin praqmatik sosial-iqtisadi siyasəti var. Praqmatizim ondan ibarətdir ki, işlər mərhələ-mərhələ həyata keçirilməlidir.
  • Sonda təmiz ətraf mühit və “yaşıl artım” istiqamətindəki işlərə də toxunaq.
  • Bu istiqamətin insanlara çox maraqlı olacağını düşünürəm. Bu, maraqlı bir tendesiyadır. “Yaşıl artım”, iqtisadiyyatda “yaşıl yol”la getmək məcazi mənadır. Bu gün iqtiadiyyatın inkişafında artıq alternativ yollar axtarmaq lazımdır. Biz yer kürəsində olan bütün resursları istismar edə bilmərik. Biz gərək elə bir iqtisadiyyat quraq ki, həm ekoloji problemlər olmasın, həm də resursların vəhşi formada istismarına gətirib çıxarmasın. Gələcək “yaşıl iqtisadiyyat”ındır.
Ülviyyə Şahin