Logo
news content
User
Kateqoriyalar

Analitika

“Rəfael Cəbrayılov dələduz olsaydı, üç dəfə deputat seçilə bilməzdi”
Mərhum deputatın xanımı qaynını ittiham edir: “Elşən Cəbrayılov öz qardaşından gizli şəkildə pul və əmlak mənimsəyib, amma istintaq onun əməllərini araşdırmayıb”

Mərhum deputat Rəfael Cəbrayılovun həyat yoldaşı Aidə Cəbrayılova ərinin müflisləşməsi və həbs olunmasına görə qaynını ittiham edir. Elşən Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Aidə Cəbrayılova mərhum həyat yoldaşı haqqında cinayət işinə baxılan məhkəmədə dekabrın 2-də bu barədə vəsatət qaldırıb.

Rəfael Cəbrayılov haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Həyat yoldaşının ölümündən sonra Aidə Cəbrayılova məhkəmədə onun hüquqi varisi qismində tanınıb.

A.Cəbrayılova məhkəmədə bildirib ki, həyat yoldaşı dələduzluq etməyib, ona bu barədə verilmiş ittiham əsassızdır: “Rəfael Cəbrayılov üç çağırış Milli Məclisin deputatı olub. Əgər yalançı, dələduz olsaydı, üç dəfə deputat seçilə bilməzdi”.

Onun sözlərinə görə, Elşən Cəbrayılovun təsisçi və direktor olduğu, lakin qardaşı ilə birlikdə idarə etdiyi “Dərhal” MMC-nin tikdiyi binalardan 2011-2012-ci illərdə 1243 mənzil Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinə güzəştli qiymətlərlə satılıb. Həmin mənzillər məcburi köçkünlərin istifadəsinə verilib. Bundan başqa, şirkət 2016-cı ildə Heydər Əliyev Fonduna kömək məqsədilə 50 mənzil verib. Həmin mənzilləri də Fond məcburi köçkünlərə paylayıb. “Lakin 2015-2016-cı illərdə ölkədə baş verən devalvasiya şirkətin, o cümlədən bankların fəaliyyətinə ciddi problemlər yaratdı. Bu səbəbdən Rəfael Cəbrayılov ayrı-ayrı şəxslərdən yüksək faizlə pul götürmək məcburiyyətində qaldı. Götürdüyü pulları da mənimsəməyib, hamısını böhrandan çıxmaq üçün şirkətin inkişafına xərcləyib”, - deyə Aidə Cəbrayılova bildirib.

Mərhum həyat yoldaşının vaxtilə prokurorluqda işlədiyini xatırladan A.Cəbrayılova onun keçmiş həmkarlarından şikayətlənib. O bildirib ki, Rəfael Cəbrayılovun işi üzrə istintaqda ciddi qanun pozuntularına yol verilib: “Obyektiv, hərtərəfli istintaq aparılmadı. Onun verdiyi vəsatətləri araşdırmadan rədd elədilər. Bütün səylərini cinayətin əsas iştirakçılarından biri olan Elşən Cəbrayılovu məsuliyyətdən kənarda saxlamağa yönəltdilər”.

Xanımı deyir ki, mərhum deputat istintaqın sonunda cinayət işinin materialları ilə tanış olanda 18 vərəqlik vəsatət verib, bəzi istintaq hərəkətlərinin aparılmasını istəyib. Məsələn, zərərçəkmiş qismində tanınan şəxslərdən Təranə Fətəliyevaya aldığı borcun müqabilində verdiyi əmlakın dəyərləndirilməsi və nəzərə alınmasını istəyib. Bundan başqa, Təranə Əliyevanın 2015-ci ildə manatla verdiyi borcu devalvasiyadan sonra dollarla verilmiş kimi təqdim etməsini istintaq nəzərə almayıb: 

“Bu zərərçəkmiş ondan verdiyi pulun məbləğindən daha artıq dəyərdə əmlak alıb. Amma istintaq bunu nəzərə almayıb. Üstəlik, bu barədə vəsatət də rədd olunub. Daha bir zərərçəkmiş - Məlahət Qurbanovaya borcun tam ödənilməsi, hətta artıq verilmiş məbləğin qaytarılması barədə Nərimanov rayon Məhkəməsinə müraciət olunub. İstintaq orqanı bu məsələni də yoxlamayıb. Vəsatətin rədd edilməsi barədə qərar isə heç nə ilə əsaslandırılmayıb, bir cümlə ilə yazılıb ki, rədd edilsin. Halbuki şəxsin təqsirsizliyinə dəlalət edən bütün halları yoxlamaq müstəntiqin vəzifə borcu idi”.

Xanımı bildirir ki, Rəfael Cəbrayılov özü də ifadələrində maliyyə problemlərinin yaranmasında səbəbkarlardan biri kimi qardaşı Elşən Cəbrayılovun adını çəkib. Lakin onun bu barədə dəlilləri yoxlanılmayıb: 

“Əksinə, bizə məlum olmayan səbəblərdən Elşən Cəbrayılovun əməlləri ört-basdır edilib. Elşən Cəbrayılov müəssisənin təsisçisi və direktoru kimi fəaliyyət göstərdiyi dövrdə öz qardaşından gizli şəkildə pul və əmlak mənimsəyib. Onun üzündən qardaşı ağır maddi vəziyyətə düşüb. Özü isə bu gün Azərbaycanda, Türkiyədə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. İş materiallarından aydın görünür ki, zərərçəkmişlər Vidadi Məmmədov, Bəşir Məmmədov, Sülhiyyə Məmmədova, Təranə Fətəliyeva və başqalarına mənzillərin, qeyri-yaşayış sahələrinin satılması haqda müqavilələri direktor kimi Elşən Cəbrayılov bağlayıb. Sonra isə o müqavilələri pozaraq, həmin əmlakları başqalarına da satıb. Bu qanunsuz satışdan əldə olunan pullar kimə çatıb? İstintaq orqanı bu sualın cavabını niyə tapmayıb? Açıq-aşkar Elşən Cəbrayılov məsuliyyətdən kənarda saxlanıb”.

Rəfael Cəbrayılov ifadəsində qardaşının 7 milyon manat vergidən yayındığını göstərib, lakin bu hal da araşdırılmayıb. “Rəfael Cəbrayılov ifadəsində də, vəsatətində də göstərib ki, Elşən vergi orqanlarının əməkdaşlarıyla əlaqəyə girib, 7 milyon manat vergini ödəməkdən yayınıb. Lakin bu fakt korrupsiyaya qarşı mübarizə aparmalı olan orqan tərəfindən araşdırılmayıb”, - deyə mərhumun xanımı söyləyib.

Zərərçəkmiş qismində tanınanlardan biri də Cəbrayılovların tikinti şirkətindən qeyri-yaşayış sahəsi almış, lakin aldığı əmlak başqasına satılmış Sülhiyyə Məmmədovadır. Onun nümayəndəsi Kamandar Nəsibov da hesab edir ki, bu cinayət işinin istintaqa qaytarılması mütləqdir. Vəkilin sözlərinə görə, bu cinayətlərdə başqa bir keçmiş prokurorluq işçisinin də əli var: "Bu məsələdə Rəfael Cəbrayılovla yanaşı, qardaşı və bir nəfər sabiq prokurorluq işçisi də günahkardır. Üçü birləşib ediblər. Hər üçü də istintaqa cəlb edilməlidir. Əgər cinayət işinə xitam verilsə, Elşən üçün bayram olacaq..."

Hakimlər cinayət işinin istintaqa qaytarmağa ehtiyac görməyiblər. Aidə Cəbrayılovanın vəsatəti təmin olunmayıb.

Məhkəmə araşdırmaları dekabrın 16-da davam edəcək.

Qeyd edək ki, Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunurdu. Keçmiş deputatın işi üzrə ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, bir sıra məhkəmə qalmaqallarında adı hallanan lombard sahibi Məlahət Qurbanova və digərlərinin adları var. 2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. 2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar verib. O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb. Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Məhkəmədə ittihama münasibət bildirən Rəfael Cəbrayılov özünü təqsirli bilmədiyini, heç kimə qarşı dələduzluq etmədiyini demişdi. O, həbsinə görə qardaşını günahlandırırdı.

Gülər