Qlobal yenidənqurma: Amerikanın yeni strategiyasında Bakı əsas dayağa çevrilir
Ekspert: ABŞ Rusiya və İranın geri çəkildiyi məkanda Azərbaycana söykənir
12 Fevral 2026
Avrasiya məkanında dərin və kritik geosiyasi yenidənqurma fonunda – Rusiyanın əvvəlki təsir rıçaqlarını itirdiyi, ABŞ və digər qlobal oyunçuların isə iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və diplomatik təşəbbüslər vasitəsilə mövqelərini möhkəmləndirmək imkanı qazandığı bir şəraitdə – Azərbaycan ön xəttə çıxaraq Avrasiya və Hind-Sakit okean regionları arasında strateji körpüyə çevrilir.
Bu barədə Amerikanın “Forbes” nüfuzlu maliyyə-iqtisadi jurnalının analitik məqaləsində bildirilir.
Məqalə müəllifləri qeyd edirlər ki, baş verən proseslər Şərqi Avropa və Qara dənizdən başlayaraq Türkiyə, Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və Cənubi Asiya vasitəsilə Ərəb dənizinədək uzanan yeni geo-iqtisadi məkan formalaşdırır.
“Tarixən bu geniş quru massivi yunan, fars, Roma, Bizans, ərəb, türk, monqol və Rusiya imperiyaları arasında rəqabət meydanı olub. Bu gün formalaşan trans-Avrasiya şəbəkəsində Azərbaycan Avropa, Avrasiya və Hind-Sakit okean iqtisadi sistemi və təhlükəsizlik arxitekturasını birləşdirən strateji körpü kimi əsas rol oynayır. Bu baxımdan ABŞ-ın Bakı ilə qarşılıqlı əlaqələrinin dərinləşdirilməsi regionda dəyişən güc balansına təsir göstərmək üçün kritik rıçaqa çevrilib”, – məqalədə vurğulanır.
Analitiklər həmçinin bildirirlər ki, Azərbaycana münasibətdə “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəliş aktuallığını itirib və ləğv olunmalıdır. Onların fikrincə, bəzi Amerika dairələrinin bu düzəlişin saxlanması üçün göstərdiyi səylər rəsmi İrəvanın xarici siyasət kursu ilə ziddiyyət təşkil edərək, “diaspor tərəfindən yönləndirilən partiya lobbiçiliyinin davamlılığı” ilə izah olunur.
“Bu cür yanaşma ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını sarsıdır – Vaşinqton üçün strateji dividendlər vəd edən TRIPP layihəsini risk altına qoyur”, – məqalədə qeyd olunur.
“Forbes” xatırladır ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfəri Ermənistan vasitəsilə Azərbaycanın Naxçıvan eksklavı ilə əlaqəsini təmin edəcək “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun inkişafını sürətləndirməyə xidmət edir.
“Vensin turnesi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin (3–4 fevral) və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin (5–6 fevral) Pakistanla strateji əlaqələrin gücləndirilməsi, ticarətin genişləndirilməsi və Mərkəzi Asiyanı Pakistan limanları və qlobal bazarlarla birləşdirən tranzit marşrutlarının inkişafı məqsədilə keçirdikləri görüşlərdən sonra baş tutub.
Rusiyanın geri çəkilməsi, Çinin həddindən artıq genişlənməsi və İranın qeyri-sabitliyi fonunda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın iştirakı ilə koordinasiya olunan təşəbbüslər Avrasiyada güc dinamikasını yenidən formalaşdırır və ABŞ-ın öhdəliklərin yenidən bölüşdürülməsinə və müttəfiqlik mexanizmlərinin korrektəsinə yönəlmiş yanaşmasını möhkəmləndirir. Formalaşmaqda olan bu arxitektura çərçivəsində Azərbaycan Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Hind-Sakit okean regionu arasında əsas birləşdirici halqa rolunu oynayır”, – materialda bildirilir.
Amerikanın məşhur nəşrində belə bir məqalənin dərc olunması nə deməkdir? Azərbaycana bu qədər diqqət yetirilməsinin səbəbi nədir? ABŞ rəhbərliyinin qarşıdakı illərdə ölkəmizlə bağlı plan və hesablamaları nədən ibarət ola bilər?
Müstəqil politoloq Xaqani Cəfərli Pressklub.az-a açıqlamasında bu suallarla bağlı fikirlərini bölüşüb.

O bildirib ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayarkən gücə əsaslanan dünya nizamı formalaşdırmağa çalışırdı.
“Lakin Ukraynada verdiyi ağır itkilər nəticəsində “gücə əsaslanan dünya nizamı” Rusiyanın özünə qarşı işləməyə başladı və Avrasiyanın geosiyasi düzənini kəskin şəkildə dəyişdirdi. Qərbin analitik mərkəzlərində hazırda dominant fikir ondan ibarətdir ki, ABŞ Rusiya və İranın geri çəkildiyi regionlarda irəliləməlidir. Son günlər Amerika mətbuatında bu ideyanı əks etdirən məqalələr dərc olunub.
istefada olan polkovnik Ues Martinin ABŞ Müdafiə Nazirliyinin nəşri olan “The Stars and Stripes” qəzetində “Tehran geri çəkiləndə, Vaşinqton irəliləməlidir” başlıqlı məqaləsi yayımlanıb. Məqalədə Şərq–Qərb enerji marşrutları və Şimal–Cənub tranzit dəhlizlərinin, xüsusilə də Avropadan Asiyaya uzanan Orta Dəhlizin kəsişməsində yerləşən Azərbaycanın strateji əhəmiyyəti vurğulanır. Polkovnik Martin qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın Naxçıvanla birləşdirilməsi layihəsinə qarşı çıxmaqla ABŞ siyasətinə müqavimət göstərir və bu mövqe İranın “qırmızı xətləri” ilə üst-üstə düşür. Məqalədə Azərbaycan hökumətinə birbaşa dəstəyi məhdudlaşdıran və hərbi texnika satışını qadağan edən “‘Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvi təklif olunur”, – ekspert bildirib.
Onun fikrincə, “Forbes” jurnalında dərc olunan məqalə də Vaşinqtonda üstünlük təşkil edən, ABŞ-ın Rusiya və İranın geri çəkildiyi regionlarda mövqelərini gücləndirməli olduğu konsepsiyanın məhsuludur.
“Vaşinqtona və ümumilikdə dünyanın aparıcı siyasi mərkəzlərinə aydındır ki, birqütblü dünya nizamını dağıtmaq və keçmiş imperiya məkanında öz təsir dairəsini yaratmaq məqsədilə Ukraynaya qarşı müharibəyə başlayan Rusiya fəlakətli nəticə ilə üzləşib.
ABŞ-ın liderlik etdiyi birqütblü dünya modeli, faktiki olaraq, yalnız ABŞ-ın dominantlıq etdiyi yeni birqütblü sistemlə əvəzlənir. Ötən yay İrana qarşı, bu ilin əvvəlində Venesuelaya qarşı və nəhayət, Rusiya neftini daşıyan “kölgə donanması”na qarşı müxtəlif dənizlərdə keçirilən əməliyyatlar 2022-ci il fevralın 24-nə kimi təsəvvür belə olunmurdu.
Lakin Vaşinqton və digər aparıcı siyasi mərkəzlər anlayırlar ki, proses bununla bitmir. Rusiya və İran hər gün bir qədər də zəifləyir. Bu isə ABŞ üçün yeni imkanlar yaradır. Yeni imkanlar isə yeni müttəfiqlərlə və yeni siyasi strategiya əsasında reallaşdırılmalıdır. Azərbaycana artan diqqət də məhz bununla bağlıdır və bu diqqət qarşıdakı dövrdə daha da güclənəcək”, – Cəfərli qeyd edib.
Rauf Orucov