Logo
news content
User
Kateqoriyalar

Analitika

Qızıl üstündə xarabalıq – Vejnəli

Müəllif: Seymur Kazımov

“Cəmi 21 evdən ibarət olan kənddə daş üstündə daş qalmayıb, ağacların da çoxu quruyub...”

Zakir Allahverdiyev viran qoyulmuş, var-dövləti oğurlanıb daşınan Zəngilanın Vejnəli kəndindən danışır (Vejnəlidən

baxa bilərsiniz – red.). Bu kiçik kənd özünün qızıl yatağı ilə məşhurdur, 57 yaşlı Allahverdiyev də vaxtilə həmin yataqda fəhlə işləyib:

“Məktəbi qurtaran kimi, 1981-də, Vejnəli qızıl yatağında işə başladım. İki ildən sonra əsgərliyə getdim, amma 1985-də yenidən bura qayıtdım. Kanallar qazırdıq, ayrı-ayrı zonalarda süxurlardan nümunələr götürüb, tərkibi öyrənilmək üçün laboratoriyaya göndərirdik”.

Cəbrayıldan Vejnəliyə uzun yol var. Əvvəl Zəngilanın pirləri və ocaqları ilə məşhur Məmmədbəyli kəndi başlanır. Çıxdığımız düz yol rayon mərkəzinə aparır, bizsə körpünün üstündən keçib Mincivan qəsəbəsinə dönürük, Baharlı, Dəlləkli, adı xəritəyə də düşməmiş Qarqulu kəndlərini, Bartaz stansiyasını və bir vaxtlar şahsevənlərin saldığı köhnə Əmirxanlını da arxada qoyuruq. Buradan bir yol Araz çayı qırağındakı Ağbəndə gedir, biz dağlara tərəf, Vejnəliyə üz tuturuq.

Vejnəli yatağı 1959-1962-ci illərdə kəşf edilib. 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə burada fasilələrlə geoloji axtarış və kəşfiyyat işləri aparılıb, 1984-cü ildə isə yataq Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq, Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib.

Zakir Allahverdiyev deyir ki, işğal vaxtı burada hələ istehsal yox idi:

“Ötən əsrin 80-ci illərində əraziyə baxış keçirildi və qərara gəldilər ki, kəndin ərazisində zavod tikilsin. Planda onun bir qədər aralıdakı körpünün yanında tikilməsi, süxurların yuyulması üçün Araz çayının suyundan istifadə olunması nəzərdə tutulurdu. Avadanlıqlar Leninqraddan (indiki Sankt-Peterburq – red.) gətiriləcəkdi. İndiki zavodu isə işğaldan sonra ermənilər kəndlilərin otlaq sahəsində salıblar, yuma əməliyyatı üçün dağlardakı bulaqların suyundan istifadə ediblər. Zavodun arxasındakı dağlara kimi basdırılmış dirəklərə işığı Cəbrayıldan çəkiblər”.

Hazırda Bakıdakı şirkətlərdən birində texnik vəzifəsində çalışan Zakir Allahverdiyev Vejnəlidəki qızıl yatağında işləmək arzusunda olduğunu deyir.

Ermənistan ordusu işğal etdiyi Vejnəlidə yatağın adını Tondirget qoyub. Onun istismarı ilə İsveçrə və Ermənistan vətəndaşı Vartan Sirmakeşin rəhbərlik etdiyi “Gold star” şirkəti məşğul olub. Erməni mətbuatında bu zavod barədə xeyli materiala rast gəlmək mümkündür. 2014-cü ilin oktyabrında tanınmamış Dağlıq Qarabağın rəhbərliyi Zəngilandakı qızıl zavodunu ziyarət edib və xeyriyyəçi Vartan Sirmakeşə təşəkkürünü bildirib. Diasporun ən fəal nümayəndələrindən biri olan Sirmakeş Fransanın Marsel şəhərində Ermənistanın fəxri konsuludur. Bundan əlavə, o, məşhur “Franck Muller Group” saat şirkətinin həmtəsisçisidir.

Vartan Sirmakeş qatı antitürk mövqeyi ilə tanınır. Hətta saat şirkətinin rəsmi saytında da onun 1956-cı ildə Konstantinopolda (İstanbulda yox, məhz Kanstantinopolda – red.) doğulduğu yazılıb. Azərbaycan dövləti əleyhinə yönələn açıq çağırışlar, dövlət sərhədini qanunsuz olaraq keçmə və qanunsuz sahibkarlıq maddələri ilə təqsirli bilinən Sirmakeş barəsində Bakının Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, 2015-ci ildə beynəlxalq axtarışa verilib...

Nəhayət, 2020-ci il oktyabrın 20-də işğaldan azad olunmuş Zəngilana səfərimizin son nöqtəsinə Vejnəli qızıl zavoduna çatırıq. Məqsədimiz oradan sizin üçün fotoreportaj hazırlamaqdır (şəkillər aşağıda – red).