Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qız qalası” yardım kampaniyası aparır

Qarabağ savaşı dövründə sosial medianın Azərbaycan seqmenti çox aktiv oldu. İlk dəfə idi ki, biz informasiya cəbhəsində qarşı tərəfdən nəinki geri qalmadıq, hətta onları üstələdik. Bu missiyanı təmənnasız, sırf patriotik hisslərlə yerinə yetirən mötəbər mənbələr sosial şəbəkələrdə qısa müddətdə məşhurlaşdı. Belə səhifələrdən biri də “Telegram”dakı “MaidenTower” (Qız qalası) kanalıdır.

Müharibə başa çatdı, lakin “MaidenTower” öz işini davam etdirir. Onlar indi də müharibə iştirakçılarına - qazilərə yardım üşün kampaniya aparırlar. Səhifədə bu məqsədlə bank hesabı və əlaqə nömrəsi qeyd olunub. Bu barədə ətraflı məlumat öyrənmək üçün layihənin rəhbəri Sadatqulu Quliyev ilə əlaqə saxladıq.

Quliyev bildirdi ki, o, bir qrup əməkdaşlarla birlikdə “Maiden Tower” kanalını idarə edir:

“Hazırda kanalın kifayət qədər izləyicisi var. Təxminən 36 min abunəçiyə sahib bir kanalın idarəçisiyəm. Mənə çox tez-tez müharibədə yaralananlar və şəhidlərin ailələri barədə məlumat yazıb, həmin insanlara kömək lazım olduğunu qeyd edirdilər. Əlbəttə, bizə göndərilən SMS-lərin sayı hədsiz çoxdur. Biz bütün bunların hamısına baxır və necə kömək edə bilərik deyə düşünürdük ki, Seymur Zəkəriyev adlı şəxs (onun kim olduğunu bilmirəm) mənə “Facebook”dan yazdı. O, ikinci Qarabağ savaşı qazisi Elçin Səmədova diqqət yetirməyimizi xahiş etdi. Həmin mesaj mənə 25 noyabr tarixində gəlmişdi, Seymur mənə yazdı ki, qazimiz ailəsi ilə birgə vaqonda yaşayır. Seymur həmin ailənin vəziyyətini və yaşadığı şəraiti əks etdirən videonu göndərəndə mənə çox pis təsir etdi. Ona görə də kollektivimlə bunun texniki tərəfini məsləhətləşməyə başladıq. Qərar verdik ki, Elçin üçün vəsait toplamağa başlamalıyıq. Daha sonra Elçinin anası və qardaşı ilə əlaqə qurduq və onun üçün vəsait toplamaq qərarına gəldik. Bir həftə ərzində 30 min manat vəsait yığıldı. Kanalımızda bununla bağlı məlumat verdik”.

Quliyevin sözlərinə görə, Elçin üçün yığılan vəsaitlə bağlı paylaşımdan sonra kanala yeni bir mesaj gəlib:

“Bu vaxt daha bir mesaj gəldi ki, Kənan Daşdıyev adlı 18 yaşlı qaziyə də kömək lazımdır. Onu da qeyd edim ki, həmin vəsaitin yığılmasında kanalımızın abunəçiləri böyük rol oynadı. Hətta karta 11 rubl köçürən də olmuşdu və həmin şəxs gücünün buna çatdığını bildirmişdi. Abunəçilərdən hesaba yüz min rubl köçürənlər də var idi. Yəni hamı gücü çatdığı qədər kömək etməyə çalışırdı. Hər dəfə də qeyd edirdik ki, pullar bizim yox, məhz onlarındır. Abunəçilərə bu məbləğin hər iki qazi – Elçin Səmədov və Kənan Daşdıyev arasında bölünməsini təklif etdik. Niyə məhz ikisi arasında bölünməsini təklif etdik? Çünki həmin vəsait yığılana qədər Elçin Səmədov üçün artıq bir çox köməkliklər olundu, Elçin və ailəsi mənzillə təmin edildi. Elçinin müalicəsini şəxsən öz üzərinə götürən insanlar oldu. Məhz bunları nəzərə alaraq vəsaitin bölünməsi təklifini irəli sürdüm və abunəçilərim də bununla razılaşdı. Həmin vəsaiti yarı-yarı bölməklə vermək istədik, ilk olaraq Elçin Səmədov, daha sonra isə Kənan Daşdıyevin hesabına göndərdik”.

S.Quliyev bundan sonra daha bir mesaj aldıqlarını söylədi. Mesajda Şuşa əməliyyatında yaralı-yaralı qalaya qalxan qazidən bəhs olunurdu. Həmin qazinin adı Nəriman Qəribovdur. “Kartda səkkiz yüz rubl qalmışdı. Amma yenidən vəsaitin yığımına başladıq. Bu dəfə də yığım yüksək səviyyədə oldu. Yığılan vəsaitin bir qismini Nəriman Qəribovun həyat yoldaşının adına göndərdik. Bununla bağlı bütün məlumatları kanalımızın səhifəsində yerləşdirdik. Vəsaitin yığılması hələ də davam edir və daha kimlərin ehtiyacı olduğunu araşdırırıq. Təbii ki, belə bir dönəmdə dələduzlar da ola bilər. Ona görə, hər şeyi ətraflı araşdırırıq”, - deyə S.Quliyev qeyd etdi.

Kanal rəhbəri yaxın günlərdə vəsait yığılması üçün yenidən elan verəcəklərini dedi:

“Hesab edirəm ki, bu, bizim borcumuzdur. Ona görə ki, bu insanlar tarix yazıblar, işğalda olan torpaqlarımızı azad ediblər. Gücümüz çatan qədər onlara lazım olan bütün köməyi göstərməyə canla-başla davam edəcəyik”.

Növbəti həmsöhbətimiz isə Sadat Quliyevin adını çəkdiyi Seymur Zəkəriyev oldu.

“Qazeta” jurnalının baş redaktoru olan S. Zəkəriyev bildirdi ki, qazimiz Elçin Səmədovun videosu ona çox pis təsir edib:

“Elçinin videosuna sakit baxmaq mümkün deyildi. Qazini elə vəziyyətdə görəndə dünya başıma fırlandı. Dərhal həmin videonu sosial şəbəkələrdə paylaşdım. Düzdür, hamı o videonu paylaşırdı, amma real bir iş görmək lazım idi, yalnız paylaşmaqla kifayətlənmək olmazdı. Ağlıma Sadat gəldi. Çünki bundan əvvəl də Sadat Quliyevin “Qız Qalası” adlı kanalında ehtiyacı olan bir çox insanlar üçün vəsait toplanırdı və onun auditoriyası böyükdür. Ona görə də, ona yazmaq qərarına gəldim. Allah Sadatdan razı olsun. Yazan kimi, elə onun kanalında xəbər çıxdı və kifayət qədər də vəsait yığıldı”.

Qəlpə yarası almış Elçin Səmədovun anası Vüsalə Səmədova “Press Klub” vasitəsilə “Maiden Tower” kanalının rəhbərliyinə öz təşəkkürünü bildirdi:

“Deyildiyi kimi, məbləğ qazilərimiz arasında bölüşdürülüb, çeklər və ərzaq çeklərini hələ də saxlayıram. Bu dönəmdə xalqımızın dəstəyi bizə çox kömək oldu. Allah hamınızın canını sağ etsin, millətimiz var olsun!”

Növbəti qazimiz Kənan Daşdıyevin atası Sarvan Daşdıyev də göstərilən təşəbbüs üçün dərin təşəkkürünü ifadə etdi:

“Göndərilən vəsaitlə bir sıra xərcləri ödəyə bildik. Həmvətənlərimizin dəstəyi bizi çox qürurlandırdı, var olsunlar!”

Ülviyyə Şahin