Logo
news content
User
Kateqoriyalar

Analitika

Qiymət artımı hansı zərurətdən irəli gəldi?

Tarif Şurası tərəfindən benzin və dizel yanacağının qiymətinin artırılması ölkə gündəminin əsas müzakirə mövzusudur. Məlum olduğu kimi, Şura yeni ilin ilk iş günü - 4 yanvar 2021-ci il tarixində, gecə saatlarında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 1 litr üçün 80 qəpik olaraq müəyyənləşdirdi.

Bu qərar hansı zərurətdən irəli gəldi? Tarif Şurasının əsaslandırması nə qədər doğru və məntiqlidir? Qərar xalqın güzəranına necə təsir edəcək? Başqa zəruri istehlak məhsullarının qiymətində də artımlar ola bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında bildirdi ki, bu, gözlənilən addım idi:

“Benzin və dizelin, hətta qazın qiymətlərinin artması qonşu ölkələrdə - Türkiyə, Gürcüstan, Rusiya və Qazaxıstanda, hətta Baltikyanı ölkələrdə də müşahidə edilir. Baxmayaraq ki, dünyada qazın qiyməti müəyyən qədər aşağı düşmüşdü, amma Baltikyanı ölkələrdə aksizlərin qaldırılması ilə qiymətlər artdı”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və təbiidir ki, biz də tədricən dünya standartlarını tətbiq edirik:

"Dünya standartlarını tətbiq edərkən dizel yanacağını və benzini istehsal edən zavodlar da rekonstruksiya edilməlidir. Yeni qurğuların, yeni texnologiyanın istifadə olunması yeni investisiyalar, vəsaitlər deməkdir. Bu da sözsüz ki, yeni məhsulun maya dəyərinə və deməli, qiymətinə də təsir edir”.

Quliyevin sözlərinə görə, yanacağın qiymətinin artmasına bir sıra amillər təsir göstərir:

“Əvvəla, beynəlxalq standartlar var. Ümumiyyətlə, Azərbaycanda ekoloji problemlərə və onların həllinə böyük diqqət ayrılır və buna dövlətin kifayət qədər marağı var. Təbii ki, burada ən qabaqcıl məsələlərdən biri də bu beynəlxalq standartlardır. Benzin və dizel yanacağının beynəlxalq standartlara cavab verməsi bu baxımdan labüddür, vacibdir”.

Deputat tez-tez səslənən “Azərbaycan neft istehal edən ölkə olduğu halda, niyə yanacağın qiyməti artırılır” sualına da cavab verdi:

“Sualın cavabı ondan ibarətdir ki, neftlə benzini qarışdırmaq lazım deyil. Benzin neftin ən yüksək formada emal məhsuludur. Mən texnoloq deyiləm, amma əldə etdiyim məlumatlar əsasında deyə bilərəm ki, neftin benzinə keçməsi üçün yüksək xərc tələb olunur və kifayət qədər avadanlıq olmalıdır. Təbiidir ki, istənilən formada maya dəyəri qalxdıqda bu, birbaşa qiymətlərə təsir edir. Bütün dünyada belədir. Rusiya bizdən dəfələrlə çox neftə sahibdir və ixrac edir. Buna baxmayaraq, Rusiyada da benzin və dizelin qiyməti kifayət qədər yüksəkdir. Biz də bu addımı atmalı idik”.

R.Quliyev koronavuris səbəbi ilə tətbiq olunan lokdaunların da təsirini vurğuladı:

“Bu amil də var. Bütün ölkələrdə Ümumi Daxili Məhsulun və iqtisadiyyatın geriləməsi müşahidə olunur. Dünya iqtisadiyyatı təqribən 12 trilyon dollar geriləyib, hətta Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının proqnozlarına görə, bu itkilərin üzümüzə gələn iki ilin içərisində 28 trilyon dollara qədər artması gözlənilir. 28 trilyon dollar kifayət qədər böyük rəqəmdir və dünya iqtisadiyyatının beşdə birindən də çoxdur. Yəni, təbiidir ki, gedən proseslər dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir edir. Bizim ölkədə də məcburiyyət qarşısında apardığımız lokdaun siyasəti var. Hər gün 5 minə yaxın yeni koronavirusa yoluxan, xəstələnən qeydə alınırdısa, indi bu rəqəm on dəfə azalıb. Yəni müsbət nəticələr var. Amma iqtisadiyyata bunun mənfi təsiri gözlənilirdi. Bu təsirlərdən biri də ondan ibarətdir ki, biz 2021-ci ilin büdcəsində gəlir barəsində də düşünməliyik. Həmin büdcənin hardasa 40 faizə qədəri sosial məsələlərlə əlaqədar nəzərdə tutulub. Ümumiyyətlə, bizim büdcəmiz 20 ilə yaxındır ki, sosial yönümlü büdcədir”.

R.Quliyev bildirdi ki, hökumət inflyasiyanı 3 faiz həddində saxlaya bilib və cari il üçün də 3 faiz həddində proqnozlaşdırılır:

“İqtisadi artım 4 faizə qədər gözlənilir. Valyutamız devalvasiya olunmadı və biz valyutamızı saxlaya bildik. 2021-ci ildə də valyutanın eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Bizdə dövlət borcu da artmadı, təqribən 20-21 faiz civarındadır. Halbuki bütün postsovet məkanında, hətta inkişaf etmiş ölkələrdə də dövlət borcunun səviyyəsi 60-70 faizi keçib. Məsələn, Ukraynada dövlət borcu hardasa 70 faizi ötür. Bütün bunlar hamısı nəyi göstərir? Bütün bunlar Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını göstərir və büdcədə yığılan vəsait şübhəsiz ki, 2021-ci ildə insanların sosial problemlərinin həllinə yönəldiləcək”.

Milli Məclisin digər üzvü Aydın Mirzəzadə Tarif Şurasının qərarını düzgün sayır:

“Bu məsələ barəsində Tarif Şurası kifayət qədər izahat verib”.

Qərarın xalqın güzəranına təsirinə gəldikdə isə deputat deyir ki, bu məsələ hər zaman dövlətin və prezidentin diqqətindədir:

“Bu il üçün qəbul edilən büdcədə bütün bunlar nəzərə alınıb. Yeni iş yerlərinin yaradılması, əmək haqqlarının daim artması, sahibkarlığın inkişafına diqqət Azərbaycan dövlətinin diqqətində olan məsələlərdir. Vaxtaşırı bununla bağlı qərarlar qəbul edilir”.

İqtisadi ekspert Natiq Cəfərli isə deyir ki, bu qərar çox güman ki, keçən il dotasiyaların azadılmasından qaynaqlanır:

“Dövlət büdcəsindən ayrılan dotasiyalar azaldılarkən təbii ki, bunun yerini doldurmaq da lazımdır. Bu da qiymət artımı kimi qeyri-populyar və qeyri-rasional addıma səbəb olur və dövlət dotasiyaların əvəzini vətəndaşın üzərinə qoyur. Ona görə də, düşünürəm ki, bu addımın rasional bir izahı dotasiyaların ləğvi ilə bağlıdır. Çünki indiki dövrdə belə bir addımın atılmasına o qədər də ehtiyac yox idi. Ölkə iqtisadiyyatı pandemiyadan çox ciddi zərər çəkib. Bu qərar inflyasiyanı da sürətləndirəcək. Bu da indiki dövr üçün yaxşı nəticə deyil”.

Ekspert Tarif Şurasının əsaslandırmasının çox gülünc səsləndiyini bildirdi:

“Təbii ki, ekoloji problemlərin həlli çox ciddi məsələdir. Bu, bütün dünyanın problemidir. Amma bunun həllinin başqa yolları da var. Əgər daxili yanma mühərrikində benzin və dizel yanacağından istifadə edilməsini minimuma çatdırmaq istəyiriksə, bunun çox sadə yolları mövcuddur. Dəfələrlə təkliflərimiz olub ki, ölkəyə gətirilən hibrid avtomobillərin rüsumu sıfıra endirilsin, sıfır vergi tətbiq edilsin. Bununla həmin avtomobillərin ölkəyə gətirilməsini təşviq etmək olar. Nəticədə həm ekologiyaya müsbət təsiri olar, həm də ölkənin avtoparkı yenilənər”.

Qərarın əhalinin güzəranına necə təsir edəcəyinə dair sualı cavablandıran iqtisadçı ekspert vurğuladı ki, dizel yanacağının qiymətinin artması aqrar sektorda, logistikada, yükdaşımalarında qiymət artımına səbəb olacaq:

“Hökumət deyir  ki, buna görə fermerlərə müəyyən kompensasiyalar veriləcək. Məncə, kompensasiyalar itkiləri tam ödəyə bilməyəcək. Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edən təkcə fermerlərin əməyi deyil, burada logistikanın da ciddi rolu var. Daşıma xərcləri də artacaq. Bu sahədə isə heç bir kompensasiya nəzərdə tutulmur”.

Ülviyyə Şahin