Logo
news content
User
Kateqoriyalar

Analitika

Qışa kimi sülh: Reallıq, yoxsa arzu?
Ukrayna prezidenti xüsusi göstəriş verib...

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni qış düşməzdən əvvəl dayandırmağa çalışmaq tapşırığı verib. Bu barədə Prezident Ofisinin rəhbəri Kirill Budanov “Təhlükəsizlik Memarlığı” forumunda çıxışı zamanı bildirib. 

Bu, prezidentin tapşırığıdır – bu müharibəni mümkün qədər tez dayandırmağa çalışmaq... Arzuolunandır ki, bu, qışa qədər baş versin. Mən, Prezident Ofisinin rəhbəri kimi, Ukrayna Prezidentinin qarşıya qoyduğu məqsədə nail olmaq üçün əlimdən gələni edəcəyəm. Bu, tamamilə düzgün, vaxtında verilmiş və düşünülmüş məqsəddir”, –  Budanovun qeyd edib.

Budanov əmin edib ki, Ukraynanın hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün kifayət qədər imkanları var. Bununla yanaşı, o, Rusiyanın əldə olunacaq razılaşmalardan imtina edə biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, “döyüş əməliyyatlarının dayandırılması üçün ilkin şərtlərin artıq mövcud olduğuna” dair real əlamətlər var və Prezident Ofisi bu imkanlardan həm diplomatik, həm də praktiki müstəvidə istifadə etmək üçün fəaliyyət göstərəcək.

O, hərbi dayanıqlığın diplomatik səylər və beynəlxalq təzyiqlə uzlaşdırılmasının vacibliyini vurğulayıb. Məqsəd dialoq üçün ilkin şərtlər yaratmaq və təhlükəsizlik zəmanətlərini təmin etməkdir.

Paralel olaraq prezident beynəlxalq KİV-lərə verdiyi müsahibədə bəyan edib ki, Rusiya ilə danışıqlara aparan yol qış başlamazdan əvvəl tapılmalıdır. Lakin belə danışıqların uğuru Moskvaya göstərilən təzyiqdən və tərəfdaşların zəruri təhlükəsizlik zəmanətləri verməyə hazır olmasından asılı olacaq.

“Xalqın xidmətçisi” fraksiyası ilə görüşdən sonra Ali Radanın deputatı Olqa Vasilevskaya-Smaqlük yazıb ki, müzakirələr müharibənin aktiv fazasının başa çatdırılması perspektivlərinə həsr olunub. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri təqdim ediləcəyi təqdirdə, müharibənin noyabr ayına qədər başa çatdırılması imkanı nəzərdən keçirilir.

Analitik mərkəzlərin hesabatları və cəbhədəki qiymətləndirmələr göstərir ki, Ukrayna qoşunları bir sıra istiqamətlərdə tədricən taktiki təşəbbüsü geri qaytarırlar. Xüsusilə, Institute for the Study of War (Müharibə Araşdırmalar İnstitutu) qeyd edib ki, Ukrayna qüvvələri təmas xəttinin bir neçə sektorunda taktiki təşəbbüsü yenidən ələ keçirirlər.

Müdafiə naziri Mixail Fedorovun sözlərinə görə, döyüşçülərin fəaliyyəti, texniki tədbirlər və digər amillər sayəsində Ukrayna Rusiya qüvvələrinin irəliləyişini ləngitməyə və cəbhədə təşəbbüsü qismən öz əlinə almağa nail olur. Qeyd olunan amillər sırasında düşmənin ayrı-ayrı kommunikasiya xətlərinin sıradan çıxarılması və orta mənzilli dronların zərbə potensialının artırılması da var.

Beləliklə, rəsmi bəyanatlar və hərbi siqnallar göstərir ki, qış gəlməzdən əvvəl müharibənin aktiv fazasının mümkün dayandırılması üçün şərait yaratmaq məqsədilə diplomatik, siyasi və müdafiə sahələrində səylər paralel şəkildə davam etdirilir.

Bəs, Rusiya rəhbərliyini ilin sonunadək atəşkəsə razılaşmağa məcbur edə biləcək obyektiv amillər varmı? Bu amillərin mahiyyəti nədən ibarətdir və onlar konkret olaraq hansı formada təzahür edə bilər?

Pressklub.az-ən suallarını cavablandıran Kiyevdə yerləşən Dünya Siyasəti İnstitutunun direktoru, tanınmış ukraynalı politoloq Yevgen Maqdanın fikrincə, Rusiyanın sülh danışıqlarına başlaması üçün obyektiv ilkin şərtlər mövcud deyil.

Çünki artıq 25 ildir hakimiyyətdə olan Putin özünün yaratdığı illüziyalar dünyasında yaşayır. Digər tərəfdən, Donald Tramp da uzun illərdir özünəməxsus dünya baxışına əsaslanan düşüncə tərzi ilə hərəkət edir. Mən onların necə ortaq məxrəcə gələ biləcəyini, bir-biri ilə necə uzlaşa biləcəyini görmürəm. Məncə, bu, sadəcə mümkün olmayan variantdır.

Ona görə də biz hansısa möcüzəyə bel bağlamamalıyıq. Hesab edirəm ki, bu halda möcüzələr olmur. Reallığın qavranılmasını dəyişə biləcək amillər isə bir tərəfdən, hazırda yetərincə ciddi olmayan Amerika sanksiyalarının sərtləşdirilməsi, digər tərəfdən isə zərbələr ola bilər. Yəni Moskvaya zərbələr endirilməyə başlananda nəsə dəyişə bilər”, – Maqda hesab edir.

Rauf Orucov