Logo
news content
User
Kateqoriyalar

Analitika

Qəzetlərə dövlət yardımı üçün yeni layihə 

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib. Müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Həftədə bir nömrəsi Agentlik tərəfindən maliyyələşdiriləcək qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdiriləcək qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstəriləcək. 

Layihənin şərtlərinin sadə dildə izahına ehtiyac var. Belə fikirlər yayılıb ki, qəzetlərə dövlət tərəfindən ayrılan vəsait azalacaq. Bu məlumatlar nə dərəcədə doğrudur? Ümumiyyətlə, informasiya-kommunikasiya texologiyalarının hazırkı inkişaf dövründə qəzetlərin çap variantını davam etdirməyə ehtiyac varmı?

“Press Klub”un sorğusunu cavablandıran Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva dövlət yardımının azaldılacağı barədə fikirlərin həqiqətə uyğun olmadığını söylədi:

“Çap mediası üçün ayrılan maliyyə yardımı, əlavə olaraq qəzetlərin eyni adlı veb-saytlarına maliyyə dəstəyi, eyni zamanda bonusların tətbiqi göstərir ki, məbləğ azalmayıb, əksinə, artıb”.

S.Şəfiyeva bildirdi ki, Azərbaycan qəzetçiliyi maarifləndirici, intellektual təhlil funksiyasını yerinə yetirən, informasiyanı ötürən və arxivləşdirən önəmli vasitədir:

“Buna görə də qəzet ənənələri davam etdiriləcək, amma bununla yanaşı, dövrün tələblərinə uyğun olaraq qəzetlərin elektron formatının yaradılmasının təşviqi istiqamətində də işlər görülür”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal isə bütün dünyada olduğu kimi, Azərbaycanda da çap mediasının məhdudlaşdırılması tərəfdarı olduğunu vurğuladı:

“Reallıq ondan ibarətdir ki, Azərbaycanda və dünyada print mediaya maraq azalıb. İnsanların əlində mobil telefonlar var və həmin telefonlarla saniyələr ərzində istədikləri informasiyanı əldə edirlər. Yəni artıq informasiya texnologiyaları o həddə inkişaf edib ki, bizim bir gün sonra çapdan çıxacaq qəzeti gözləməyə nə vaxtımız var, nə də həvəsimiz. Print media janr və üslublarını dəyişdirməlidir, yəni daha çox köhnəlməyən materiallara üstünlük verərək mövcudluğunu bu cür saxlaya bilər”.

A.Camalın sözlərinə görə, xəbərçilik nöqteyi-nəzərindən print media köhnəlmiş hesab oluna bilər:

“Azərbaycanın on milyon əhalisi var. On milyon əhali üçün bu qədər qəzetə lüzum görmürəm. Təbii ki, buna baxılmalıdır. Ölkədə dörd-beş qəzetin olması kifayətdir. Bura dövlət və müstəqil qəzetləri də aid edirəm. Media daha çox onlayn müstəviyə keçməlidir. Düşünürəm ki, mediamız kifayət qədər inkişaf edir”.

Aynur Camal Medianın İnkişafı Agentliyinin onlayn media üçün müsabiqə elan etməsini təqdirəlayiq hesab edir:

“Biz illərdir, bunu deyirdik. Çünki əvvəllər KİVDF yalnız print medianı maliyyələşdirirdi və mediayaya ayrılan vəsaitlər də əksər hallarda havaya sovrulurdu, ortada bir nəticə yox idi. Həmin vəsaitlə nə maraqlı qəzet çıxarılırdı, nə oxucu cəlb olunurdu, nə də tiraj artırdı. Təbii ki, yaxşı qəzetlər də var. “Yeni Müsavat” qəzetini misal çəkə bilərəm. Bu baxımdan onlayn mediaya maddi dəstəyin verilməsi kifayət qədər sevindiricidir. Bu, bizim inkişafımız üçün nəzərdə tutulub. Onlayn medianın daha da inkişaf etməsi üçün hər zaman dəstəyə ehtiyacımız var. Mediaya nə qədər maliyyə ayrılırsa ayrılsın, yenə də azdır. Çünki media elə bir sahədir ki, artıq saniyələrlə inkişaf edir. Təbii ki, vaxtaşırı maddi-texniki baza yenilənməlidir. Dünyada bu sahə çox sürətlə dəyişir. Bizim də dünya ilə ayaqlaşmaq, müasir tendensiyaları öz işimizdə realizə etmək üçün maliyyəyə çox böyük ehtiyacımız var. Bu səbəbdən də layihəni yüksək qiymətləndirir və onlara uğurlar arzulayırıq”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” - “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı qəzetlərin fəaliyyət göstərməsinin tərəfdarıdır:

“Amma qəzetlərin öz-özünü maliyyələşdirməsi üçün şərait yaradılmalıdır. Yəni qəzetlərə ya vəsait vermək, ya verilən vəsaitləri azaldıb-artırmaq problemin həlli yolu deyil. Əsas məsələ şərait yaratmaq və ilkin mərhələdə qəzetlərə maddi yardım göstərməkdir. Şərait yaratmaq və konkret çox qısa zamanda qəzetlərə yardım göstərmək lazımdır, bu şərtlə ki, qəzetlər özlərini  dolandıra bilsin. Şərait yaradılmasa, heç nə həll olunmayacaq.

Bir çoxları belə düşünür ki, qəzetlərin kağız versiyasından imtina etmək lazımdır. Bu, çox yanlış fikirdir. Dünyanın heç bir yerində kağız versiyası bağlanmayıb. Tirajların azalması təbiidir. Bu, teatr və kino kimi bir şeydir. Kino gələndə dedilər ki, teatr öləcək, amma bir məsələni unutdular ki, kino aktyorlarının böyük əksəriyyəti teatrdan çıxıb. Yəni aktyor olmadan kinoya çəkilmək mümkün deyil. Kino da öz-özlüyündən əmələ gəlmir. Ona görə də, istər digital, istər 3D-4 D olsun, onun içərisində bir şey yoxdursa, heç bir mənası yoxdur. Məzmun olmalıdır. Məzmun olmayanda istəyirlərsə əyinlərinə skafandr geyinib, Veneradan reportaj aparsınlar, xeyri yoxdur”.

Ülviyyə Şahin