Logo
news content
User
Kateqoriyalar

Analitika

Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması
Hamı Azərbaycanın nə verəcəyini gözləyirdi, amma...

Gözləntilərin əksinə, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşü “sakit” keçdi. Bu, hazırda regionda baş verən hadisələrin fonunda bir qədər qəribə görünə bilər: Rusiya sülhməramlıları Qarabağı tərk edir, Ermənistanla Azərbaycan Rusiyanın iştirakı olmadan sərhədlərin delimitasiyasına başlayır, sülh danışıqlarında ciddi irəliləyişlər gözlənilir. Amma Putin-Əliyev danışıqlarının jurnalistlərin iştirakı ilə keçirilən hissəsində bunlar barədə heç nə deyilmir.


Bakıda, İrəvanda və Qərbdə “Rusiya Azərbaycanda hərbi varlığına niyə son qoydu” sualına cavab axtarılarkən İlham Əliyev və Putinin gündəmində birinci sırada başqa mövzular vardı. 


Əsas gözlənti Rusiya hərbçilərinin Qarabağı tərk etməsinin qarşılığında Putinin Azərbaycandan nə qoparacağı idi. Görüşdən əvvəl Kremldən verilən açıqlamada bildirilmişdi ki, Əliyevin səfəri V. Putinin dəvəti ilə gerçəkləşib. “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda qeyd olunub.


İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə giriş nitqində bildirib ki, Rusiya Qafqazda regional təhlükəsizlik və daha geniş coğrafiya baxımından fundamental ölkədir: "İki ildən çoxdur, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını nəzərdə tutan əsas siyasi sənəd olan Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Danışıqların gündəliyində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi, habelə regional təhlükəsizlik məsələləri var. Biz şadıq ki, onlar həll olunur. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından əsas ölkədir. Və bizim ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz etimad, əməkdaşlıq, qarşılıqlı anlaşma tədbirlərinin möhkəmləndirilməsini və bütün məsələlərin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar daxilində həllini hədəfləmişik".


Vladimir Putin ilə Baykal-Amur Magistralının (BAM) veteran inşaatçıları ilə birgə görüşdə isə İlham Əliyev "Şimal-Cənub" dəhlizi çərçivəsində növbəti layihəni açıqlayıb. Prezident Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolunun olduğunu xatırladıb: 


"Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. Biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək. Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq".


Rusiya Prezidenti isə ikitərəfli münasibətlərin inkişafından danışıb və qarşılıqlı ticarət dövriyyəsinin artdığını və 4 milyard dolları keçdiyini xatırladıb:


Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 6 milyard təşkil edir. Şübhəsiz, regionda təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən vəziyyət haqqında da danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssas məsələlərdir. Biz Sizinlə onların hər biri haqqında danışacağıq”.


Beləliklə, prezidentlərin əsas gündəmi iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, yeni nəqliyyat dəhlizlərinin işlənməsi və genişləndirilməsi olub. Hazırda Qərbin ağır sanksiyaları altında olan Rusiya üçün əsas prioritetlər bunlardır. Prezident İlham Əliyevin Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mövqeyi də Rusiyanı təmin edir.  


Azərbaycan xarici siyasətdə ikitərəfli münasibətlərə üstünlük verir və bu xətt Rusiya ilə əlaqələrdə qorunub saxlanılır. Bu kontekstdə sülhməramlıların Qarabağdan çıxarılması “Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasını şərtləndirə bilər” gözləntisi özünü doğrultmadı. Bu gün Prezident ADA-da bildirib ki, Azərbaycanın belə bir planları yoxdur: "Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik..."


Rusiya üçün Cənub sərhədlərinin təhlükəsizliyi çox vacibdir və o cümlədən Qafqazda maraqlarından imtina etməyib. Moskva Ermənistanda və Gürcüstanda hərbi-siyasi varlığını saxlamaq üçün bütün imkanlarından istifadə edir və Qərblə rəqabət aparır. Azərbaycana gəlincə, Moskva görüşündən çıxan nəticə odur ki, Kremlin Bakı ilə bağlı belə qayğıları yoxdur. Çünki Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiya planları mövcud deyil. Hətta Türkiyə ilə münasibətlərdə belə, ilk növbədə öz maraqlarını qorumağı bacarır. Məsələn İsrail-HƏMAS müharibəsində Azərbaycanın mövqeyi qardaş ölkədən xeyli fərqləndi. 


Rusiya üçün Azərbaycan proqnozlaşdırılan ölkədir, indiki həssas dönəmdə onların prioritetləri bir-birinə ziddi deyil, əksinə qarşılıqlı maraqları var. Görünən odur ki, liderlərin şəxsi münasibəti, onlar arasında qarşılıqlı etimad bütün məsələlərin müzakirəsində, problemlərin həllində öz sözünü deyir. Sülhməramlıların Qarabağdan çıxması, Ermənistanla sərhədlərin Rusiyanın iştirakı olmadan delimitasiya prosesinə başlanılmasına da Bakı-Moskva anlaşmasının tərkib hissəsi kimi baxmaq lazımdır.

Turqut