Qaz vurub qazan doldurmaq mümkün olmayacaq?
Sən səninki olduğunu özün sübut etməlisən!
05 Fevral 2026
Avropa İttifaqı Şurasının “Aİ-nin Rəsmi Jurnalı”nda dərc olunmuş qərarına əsasən, Türkiyə və Azərbaycan Aİ-yə Bolqarıstan sərhədində yerləşən kompressor stansiyalarından biri vasitəsilə nəql olunan qazın Rusiya mənşəli olmadığını sübut etməli olacaqlar. Buna Rusiya qazının tədarükünə tam və məhdudiyyətsiz qadağa tətbiq edilməsi səbəb olub.
Qazın təhvil nöqtəsi olan “Strandja – 1/Malkoçlar” Türkiyə ilə Bolqarıstan sərhədində yerləşir. Avropa Qazötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatına görə, 2025-ci ildə bu məntəqə vasitəsilə Bolqarıstan istiqamətində 1,9 milyard kubmetr qaz ötürülüb. Onun yaxınlığında “Strandja-2/Malkoçlar” adlı daha bir kompressor stansiyası yerləşir ki, bu da Rusiyadan “Türk axını” qaz kəmərinin dəniz hissəsinin qurudakı davamıdır.
Avropa Parlamenti və Aİ Şurasının 2026/261 saylı reqlamentində qeyd olunur: “Strandja-1” birləşmə məntəqəsi Avropa İttifaqını təkcə Azərbaycan və ya Türkiyədən deyil, həm də Rusiya Federasiyasından əhəmiyyətli həcmdə qaz nəql edən boru kəməri sistemi ilə birləşdirir. Buna görə də istehsalçı ölkənin Rusiya Federasiyası olmadığını təsdiqləyən birmənalı sübutların təqdim edilməsi tələb olunmalı və səlahiyyətli orqanlara yoxlama aparmaq üçün kifayət qədər vaxt verilməlidir”.
Sənədə əsasən, “əgər istehsalçı ölkə qazın Aİ-nin gömrük ərazisinə daxil olmasından sonra 7 iş günü ərzində qazın Rusiya Federasiyasına aid olmadığını təsdiqləyən birmənalı sübutları səlahiyyətli orqanlara təqdim etməzsə”, həmin məntəqə vasitəsilə Aİ-yə idxal olunan qaz avtomatik olaraq Rusiya mənşəli hesab ediləcək.
Oxşar mexanizm Aİ boru kəməri sistemini Rusiya qazının əhəmiyyətli həcmdə keçdiyi digər kompressor stansiyaları ilə birləşdirən məntəqələrə də şamil olunacaq.
Yanvarın 26-da Aİ Şurası 2027-ci il 1 yanvar tarixindən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG), 2027-ci il 30 sentyabr tarixindən isə boru kəməri qazına tam qadağanı təsdiqləyib. Reqlament 2 fevral 2026-cı il tarixindən qüvvəyə minib.
Beləliklə, əvvəllər Rusiya qazının ixracı üçün istifadə olunmuş marşrutlarla (məsələn, “Türk axını” vasitəsilə) daxil olan qaz, əksini sübut edən “birmənalı dəlillər” təqdim edilmədiyi təqdirdə, birmənalı olaraq Rusiya qazı hesab ediləcək.
Qaydaların pozulması şirkətlər üçün 40 milyon avroyadək cərimə və ya qlobal illik dövriyyənin 3,5 faizinədək sanksiya riski yaradır.
Bu tədbir Rusiya yanacağının üçüncü ölkələrdə “yenidən etiketlənməsinin” qarşısını almağa yönəlib və Aİ-nin 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina planının tərkib hissəsidir.
Bu kontekstdə sual yaranır: Azərbaycan Aİ-yə öz qazını Rusiya qazı adı altında təqdim etmədiyini və gələcəkdə də etməyəcəyini sübut etmək üçün kifayət qədər imkana malikdirmi? Ümumiyyətlə, Brüsseldə Azərbaycan və Türkiyə ilə bağlı belə şübhələrin yaranmasının səbəbi nə ola bilər?
Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyovun fikrincə, hər dəfə qaz ötürülən zaman onun Azərbaycan mənşəli olduğunu və ən başlıcası, Rusiya qazı olmadığını ayrıca sübut etməyə ehtiyac qalmaması üçün müəyyən texniki həllər tətbiq olunmalıdır və bunu reallaşdırmaq mümkündür.
-3.jpg)
“Türkiyə qazı müxtəlif mənbələrdən alır: Azərbaycan qazı ilə yanaşı, Əlcəzair və ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG), Türkiyənin öz hasilatı və İran qazı. Bir vaxtlar müxtəlif mənbələrdən gələn qazın vahid habda toplanması, “Rusiya” və ya “İran” mənşəyini itirməsi və Türkiyənin vasitəçilik xidməti ilə Avropa bazarına çıxarılması nəzərdə tutulurdu. Lakin Avropa İttifaqı bu təşəbbüsə mənfi cavab verdi.
O zaman məsələni həll etmək üçün Bolqarıstan sərhədindəki qəbul qurğusunda qaz axınlarını texniki baxımdan elə ayırmaq lazımdır ki, ora yalnız müqavilə əsasında alınmış Azərbaycan qazı daxil olsun. Bunun üçün ciddi texniki çətinliklər yoxdur. Yəni, müxtəlif qazların qarışdırılaraq Aİ-yə Türkiyə markası altında satılması ideyasından imtina edilməlidir. Əvəzində Türkiyə Rusiya qazının bütün həcmini (qiymət sərfəli olarsa) özündə saxlaya, müqavilə üzrə nəzərdə tutulan Azərbaycan qazını və ya ABŞ-dan gətirilən LNG-ni Avropaya yönləndirə bilər”, – ekspert ehtimal edir.
Onun sözlərinə görə, belə bir həll Avropaya əlavə həcmdə qaz göndərilməsini təmin edə bilər: hazırda Türkiyənin daxili istehlakında istifadə olunan təxminən 5–6 milyard kubmetr Azərbaycan qazı əlverişli qiymət şəraitində Avropa bazarına yönəldilə bilər. “Bənzər sxem artıq Gürcüstanda tətbiq olunur: Gürcüstan özü üçün daha ucuz Rusiya qazı alır, Azərbaycan qazını isə Avropaya göndərir.
Lakin müəyyən risklər də mövcuddur. Türkiyə Avropa ilə gömrük ittifaqındadır. Əgər Türkiyə Rusiya qazından istifadə edilməklə istehsal olunmuş malları Avropa bazarına çıxararsa, həmin məhsullara müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Məsələn, ölkə daxilində istehsal prosesində Rusiya qazından istifadə edilmiş kimya sənayesi məhsulları sanksiya və ya məhdudiyyətlərlə üzləşə bilər. Amma bu məsələnin detalları barədə daha çox ixtisaslaşmış mütəxəssislər danışa bilərlər”, – Musabəyov yekunlaşdırıb.
Rauf Orucov