Qarabağdakı Rusiya ordusu Azərbaycandan hücum gözləyir?
30 Avqust 2021
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində Laçın dəhlizində sülhməramlıların keçirdiyi hərbi təlimlərdən görüntülər yayıb. Rus əsgərləri dron hücumlarından müdafiə olunmağı məşq edirlər. Sual yaranır: Rusiya sülhməramlılarına zərbə dronları ilə kim hücum edə bilər? Ermənilərdə bu tip dronlar yoxdur, olsa belə, aydındır ki, Rusiya onları təhlükə mənbəyi kimi görmür. Zərbə dronları bölgədə yalnız Azərbaycan Ordusunun arsenalında mövcuddur. Belə çıxır ki, Rusiya komandanlığı Azərbaycan Ordusunu potensial təhlükə kimi görür. Bu tip təlimlər yeni deyil. Bundan öncə də Qarabağdakı Rusiya əsgərləri onların blok-postlarına hücumlardan, eləcə də minaatan hücumlarından müdafiə üsullarını sınaqdan keçirmişdilər. Sülhməramlılar, həmçinin, Qarabağda yerli erməni uşaqlarına və yeniyetmələrinə hərbi hazırlıq məşğələləri keçir, onları müxtəlif hərbi oyunlara cəlb edirlər.
Müdafiə Nazirliyində keçirlən müşavirə və general Zakir Həsənovun dedikləri Azərbaycanın bütün bunlardan narahatlıq duyduğunu göstərir. Artıq 10 aya yaxındır üçtərəfli Bəyanatın bəzi müddəaları yerinə yetirilmir, Azərbaycanın suverenliyi tapdanır. Üstəlik, həm Qarabağda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən, həm də sərhədboyu Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Sonuncu provokasiya Ağdərədə Azərbaycan hərbi qulluqçusunun əsir götürülməsi və onun görüntülərinin mediaya ötürülməsidir. Sanki Qarabağda erməni tərəfi ilə Azərbaycan arasında müharibədən əvvəlki vəziyyətin bərpa olunmasına cəhd göstərilir. Rusiya Müdafiə Nazirliyinin bölgəni "Dağlıq Qarabağ" adı ilə müstəqil ərazi vahidi kimi təqdim etməsi, erməni silahlılarını da "Dağlıq Qarabağın silahlı birləşmələri” adlandırması bu siyasətin tərkib hissəsidir. Amma Zakir Həsənovun bəyanatı Azərbaycan rəhbərliyinin belə bir vəziyyətlə barışmadığını göstərir. Nazir prezidentin tapşırığı ilə qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, yəni ordunun antiterror əməliyyatlarına hazırlanması barədə açıqlama verirsə, deməli, qarşıda genişmiqyaslı toqquşmaların olması istisna deyil. Əsas məsələ odur ki, Bakı birmənalı şəkildə ərazidə oyuncaq "dövlət quruculuğu"nu qəbul etmək niyyətində deyil.
General Zakir Həsənov bu məsələdə Azərbaycanın Türkiyəyə güvəndiyinə də işarə edib. O, Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisini 30 avqust – Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib: “Əminəm ki, qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcək”.Xidməti müşavirədə isə nazir qeywd edib ki, Azərbaycan Ordusunda aparılan islahatlar bundan sonra da davam etdiriləcək. Xatırladaq ki, müharibədən sonra prezident İlham Əliyev Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin kiçik modelinin formalaşdırılacağını bəyan etmişdi. Hazırda türkiyəli mütəxəssislərin köməyi ilə bu istiqamətdə iş aparılır. Elə Müdafiə Nazirliyində aparılan struktur və kadr dəyişiklikləri də ordunun ehtiyatla da olsa, Türkiyə (NATO) modeli əsasında hazırlandığından xəbər verir. Azərbaycanda ilk dəfə Quru Qoşunları yaradılıb və ordu korpusları ona tabe etdirilib. Bundan başqa, ordunun təchizatının Türkiyə və İsrailin müasir silah sistemləri ilə zənginləşdirilməsi prosesi də davam etdirilir. Azərbaycan artıq Rusiyadan iri partiyalarla silah almır, 44 günlük müharibədə uğurla sınaqdan çıxarılmış pilotsuz uçuş aparatlarına, zərbə dronlarına, digər modern silah növlərinə üstünlük verir.
Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əməkdaşlığın dərinləşməsi şübhəsiz ki, Rusiyada qıcıq doğurur. Bəzi ekspertlər Moskvanın açıq təzyiqlərini həm də Bakını bu münasibətlərin daha da dərinləşdirilməsindən çəkindirmək xarakteri daşıdığını bildirirlər. Amma Zakir Həsənovun açıqlamaları ondan xəbər verir ki, Azərbaycan Rusiyanın bu təzyiqlərinə boyun əymək niyyətində deyil.
Turqut