Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda sülhyaratmada Türkiyənin gerçək rolu

Müəllif: Seymur Həzi

Azərbaycan silahlı qüvvələrinin 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra ortaya çıxan sülh (atəşkəs) bəyanatının bir sıra məqamları qaranlıq, daha doğrusu, açıq qalmaqdadır.  Bu sənədə əsasən Azərbaycanın işğal altında olan Xankəndi, Xocavənd və Xocalı  inzibati vahidlərini özündə ehtiva edən bölgəyə Rusiya sülhməramlıları yerləşdiriləcək. Bundan öncə isə Ağdam, Kəlbəcər və Laçın rayonlarının boşaldılaraq Azərbaycana qaytarılması, eyni zamanda Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla, bütün işğal zonasından erməni sialhlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Əsas suallardan biri isə bu prosesdə Türkiyə Respublikasının hansı statusda və necə iştirak edəcəyidir. Bu mövzuda açıqlamalar ziddiyyətli məqamları ortaya çıxarmaqdadır.

Rusiya nə deyir?

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Peskov jurnalistlərin Türkiyənin iştirakına dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Qarabağda deyil, Azərbaycanın əzəli torpaqları olan tərəfdə mövqe tutacaq. Bu açıqlamadan aydın görünür ki, Rusiya Türkiyə ilə birgə sülhyaratmanı deyil, ən yaxşı halda qarşı tərəfin prosesdə “qarovul” statusunda xidmətini nəzərdə tutur. Bu zaman Azərbaycanın ərazi bütövlüyü məsələsi yenə sual altına düşmüş olur. Çünki Peskov öz açıqlaması ilə “Azərbaycan” və “Qarabağ” tərəfləri anlayışını yaratmış olub və Türkiyənin yalnız bir tərəfdə fəal olacağına işarə vurub. Eyni ifadələr Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın aşıqlamalarında da yer alıb. Doğrudur, sonradan o, sözlərinə düzəliş verib, amma istənilən halda, Azərbaycan diplomatiyası məsələyə diqqətlə yanaşmalı, Rusiya rəsmilərinin belə “səhvləri” normaya çevirməsinə yol verməməlidir.

Türkiyə deyir ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Rusiya bölgədə hansı anlayışla olacaqsa, Türkiyə də eyni anlayışla olacaq. O, başqa bir açıqlamasında Rusiya və Türkiyə arasındakı anlaşma münasibətilə Azərbaycan xalqını və dövlət başçısı İlham Əliyevi təbrik edib: “Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq. Müqavilənin imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi, biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik”.

Ərdoğanın bəyanatları Peskovun dediyindən fərqli vəziyyət barədə təsəvvür yaradır. Türkiyə özünü Rusiya ilə eyni statusda görür. Biz sözügedən sənədin tam mətnini görə bilmədiyimiz üçün dəqiq təhlil apara bilmirik. Ancaq bütün hallarda Türkiyənin regionda olmasının üstünlüklərini nəzərdən keçirmək mümkündür:

  1. Türkiyənin istənilən şəkildə bu sülhün təminatçılarından biri kimi Rusiya ilə müqaviləyə girməsi ən azından Kremlin öhdəliklər məsələsinə daha həssas yanaşacağına inam yaradır. Bu, o deməkdir ki, sülh bəyanatında göstərlən qrafik üzrə Ağdam, Kəlbəcər və Laçının geri qaytarılmasında Türkiyənin təminatı mühüm rol oynayacaq. Belə qənaətə gələrəkən, biz Mövlud Çavuşoğlunun açıqlamasına istinad edə bilərik. O söyləyib ki, Ermənistan Azərbaycanın bütün torpaqlarından çıxmalıdır, əks təqdirdə, nə baş verəcəyini bilir.
  2. Azərbaycanda Rusiyanın bölgəyə gəlişindən narahatlıq artmaqdadır. Həmin tendensiyanın qarşısını alan faktorlardan biri kimi, Türkiyənin Rusiya ilə bir mərkəzdə hərəkətini göstərə bilərik. Üstəlik, bu, Rusiyanın indiki mövqelərindən daha artığına iddia etməsinə həm hərbi, həm də siyasi maneə sayıla bilər.

Göründüyü kimi, bütün hallarda Türkiyənin bölgədə olması bizim üçün mühüm əhəmiyyətə malikdir. Başqa tərəfdən isə, bu razılaşmalar gələcək üçün də əhəmiyyətlidir. İstənilən yeni vəziyyətdə Türkiyənin də müqavilə üzrə tanınmış statusla bölgədə mövcud olması Azərbaycan üçün əlavə üstünlükdür.