Putinlə Paşinyan arasında "boşanma" davası
Rusiya rəhbərinin referendum çağırışına İrəvandan sərt reaksiyalar gəldi
12 May 2026
Ermənistanın xarici siyasət kursu Moskva ilə İrəvan arasında açıq qarşıdurma predmetinə çevrilib. Rusiya Prezidenti Vladimir Putinin Ermənistanı Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyə çağırmasından sonra Baş nazir Nikol Paşinyandan sərt və ironik cavab gəlib.
Ermənistan mediası yazır ki, tərəflər arasında yaranan gərginlik artıq "diplomatik etiket" çərçivəsindən çıxaraq, qarşılıqlı ittihamlar müstəvisinə keçib.
Rusiya lideri Vladimir Putin Ermənistanın Aİ-yə yaxınlaşma cəhdlərinin "xüsusi araşdırma" tələb etdiyini bildirərək, rəsmi İrəvana ultimatum xarakterli təklif irəli sürüb. Putin Ermənistanın iqtisadi tərəfdaş kimi qəti mövqe nümayiş etdirməli olduğunu vurğulayıb: "Yaxşı olar ki, Ermənistan vətəndaşları referendum yolu ilə öz seçimlərini etsinlər. Ermənistan Aİ-ni seçərsə, biz buna hörmətlə yanaşar və qarşılıqlı faydalı, “yumşaq və intellektual boşanma” yoluna gedərik".
Ermənistan Baş naziri Nikol Paşinyan isə jurnalistlərə açıqlamasında Putinin "boşanma" bənzətməsinə etiraz edib. O, dövlətlərarası münasibətlərin ailə institutu ilə müqayisə edilməsini yanlış adlandırıb: "Mən “boşanma” ifadəsi ilə razı deyiləm. Biz bəzən dövlətlərarası münasibətləri nikahla səhv salırıq. Ermənistan hələ ki, Aİİ-nin tamhüquqlu üzvüdür və bütün qərarların qəbulunda iştirak edir. Hələlik referendum keçirmək üçün bir zərurət görmürük".
Paşinyan həmçinin əlavə edib ki, Ermənistanın Rusiyanın maraqlarına zərər vurmaq niyyəti yoxdur, lakin ölkə öz dövlət maraqlarını rəhbər tutaraq həm Moskva, həm də Brüssel ilə münasibətləri inkişaf etdirəcək.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Putinin açıqlamalarına ən kəskin reaksiya verən siyasətçilərdəndir. Simonyan, Ermənistanın hər hansı bir hərbi bloka (NATO nəzərdə tutulur) daxil olmaq niyyətində olmadığını bildirsə də, Rusiyanın Ermənistandakı bazasının çıxarılması məsələsinin artıq müzakirə mövzusu olduğunu gizlətməyib. O, Dağlıq Qarabağ məsələsini Ermənistan üçün bir "tələ" adlandıraraq, ölkənin artıq öz müstəqil yolunu seçdiyini vurğulayıb.
Xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan isə rəsmi İrəvanın mövqeyini daha "yumşaq" ifadə etməyə çalışıb. Səfəryan, Rusiya ilə münasibətlərdə böhran olduğunu inkar edib: "Bunu böhran adlandırmazdım. Uzun tariximiz var, bəzi spesifik problemlər yaranıb və biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edirik".
Müxalif "Güclü Ermənistan" Partiyası isə Paşinyanı ölkəni fəlakətə sürükləməkdə ittiham edir. Onlar hesab edirlər ki, Putinin xəbərdarlığı realdır və Ukrayna ssenarisinin Ermənistanda təkrarlanması riski var.
Gərginliyin digər səbəbi isə Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Moskva əleyhinə səsləndirdiyi bəyanatlar olub. Zelenski Rusiya rəhbərliyini "şəhərlərində dronların uçmasından qorxmaqda" ittiham edib.
Rusiya Xarici İşlər Nazirliyi Zelenskinin İrəvanda hərbi şerlər səsləndirməsinə və Paşinyan hakimiyyətinin buna susmasına görə Ermənistan səfirini nazirliyə çağıraraq ona kəskin etirazını bildirib. Paşinyan isə buna cavab olaraq deyib: "Mən hər kəsin bəyanatına reaksiya vermək və ya senzura tətbiq etmək məcburiyyətində deyiləm".
Diqqətçəkən daha bir məqam isə Paşinyanın mayın 28-29-da Astanada keçiriləcək Aİİ Ali Şurasının iclasında iştirak etməyəcəyini açıqlamasıdır. O, bu qərarını seçki kampaniyası və məzuniyyətdə olması ilə əsaslandırıb. Sammitdə Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
Görünən odur ki, Ermənistanın "iki stulda oturmaq" siyasəti Moskva üçün artıq qəbuledilməz həddə çatıb. Paşinyanın sammitdən yayınması və Putinin "boşanma" təklifi iki müttəfiq arasındakı uçurumun daha da dərinləşdiyini göstərir.
Politoloqlar isə Putinin referendum təklifini Paşinyan hökumətinə qarşı qurulmuş "geosiyasi tələ" kimi qiymətləndirirlər.
Karnegi Fondundan eksperti Tomas de Vaal qeyd edir ki, əhalinin əksəriyyəti (təxminən 56%) həm Rusiya, həm də Qərblə yaxşı münasibətlərin tərəfdarıdır. Onun fikrincə, Paşinyanın strategiyası Rusiyadan tam "boşanmaq" yox, asılılığı addım-addım azaltmaqdır. Lakin Putinin referendum təklifi bu prosesi sürətləndirərək cəmiyyəti parçalamağa xidmət edir.
Ekspert Aleksey Qunya isə hesab edir ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti erməni cəmiyyətindəki çatları daha da dərinləşdirib. Putinin referendum təklifi isə bu bölünməni rəsmiləşdirmək cəhdidir. "Qara bazar" və iqtisadi asılılıq fonunda Ermənistanın kəskin seçim etməsi iqtisadiyyat üçün dağıdıcı ola bilər.
Siyasi şərhçi Hovannes Zolyanın fikrincə, Aİ-yə yaxınlaşma artıq sadəcə seçki ritorikası deyil, dövlətin real strategiyasına çevrilib. Lakin iqtisadi göstəricilər Ermənistanın hələ də Rusiyadan kritik dərəcədə asılı (illik 7 milyard dollar) olduğunu göstərir.
Demək olar ki, bütün erməni ekspertlər Putinin açıqlamasındakı bir detala diqqət çəkirlər: Rusiya liderinin Ukraynadakı hadisələrin də məhz Avropa inteqrasiyası ilə başladığını xatırlatması. Erməni ekspert mühitində bu, açıq hədə-qorxu kimi qəbul edilir. Referendumun keçirilməsi Rusiyaya Ermənistana qarşı iqtisadi və ya hərbi sanksiyalar tətbiq etmək üçün "hüquqi bəhanə" verə bilər.
Beləliklə, İrəvanda hakimiyyət referendumdan qaçmağa, müxalifət isə Rusiyanı qıcıqlandırmamağa çalışır. Ekspertlər isə xəbərdarlıq edirlər ki, iyun seçkiləri Ermənistan üçün sadəcə parlament seçkisi deyil, həm də "ölüm-dirim" seçimi olacaq.
Turqut