Putin və müharibə: O, əslində nələr baş verdiyini anlayır?
Rusiya lideri kazinoda bütün pullarını uduzmuş, amma yenə də itkilərini geri qaytaracağına inanan qumarbazı xatırladır
10 İyun 2026
Rusiyada ictimai təbliğatda yeni üsula əl atmağa başlayıb. Son vaxtlar müxtəlif nəşrlərdə dərc olunan materiallarda “xüsusi hərbi əməliyyat”dakı (Ukrayna ilə müharibədə - red.) hazırkı çıxılmaz vəziyyət qələbə kimi təqdim edilir. Hətta məğlubiyyətin belə Rusiyanın xeyrinə nəticələnəcəyi iddia olunur. “The Washington Post” isə Avropa rəsmilərinə və analitiklərə istinadən yazır ki, son dövrlərdə səslənən gurultulu təhdidlər – həm Qərb ölkələrini Kiyevdəki səfirliklərini bağlamağa çağıran aqressiv ritorika, həm də Ukrayna şəhərlərinə qarşı getdikcə daha kütləvi və amansız xarakter alan raket-dron hücumları – Vaşinqton və Kiyevi yenidən danışıqlar masasına qaytarmaq cəhdi ola bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyinə yaxın olan rusiyalı universitet professoru isə (Qərb jurnalistləri adətən bununla Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda diplomatlara məsləhət verən mənbələri nəzərdə tuturlar) “The Washington Post”a bildirib ki, Rusiyanın son təhdidləri və bombardmanları “Ukrayna dronları və raketlərinin zərbə coğrafiyasının genişlənməsinə”, eləcə də cəbhədə irəliləyiş tempinin zəifləməsinə reaksiyadır. Onun sözlərinə görə, görünür, Putin hələ də Donbasın qalan hissəsini “bir neçə ay ərzində” ələ keçirə biləcəyini düşünür və məhz bundan sonra münaqişənin dayandırılması ilə bağlı danışıqları bərpa etməyi planlaşdırır. Lakin professor cəbhədəki vəziyyətlə bağlı əlavə edib: “Biz bunu görmürük. Əgər əlavə səylər göstərilməzsə, yalnız durğunluqdan danışmaq olar”.
Avropalı rəsmilər isə anonimlik şərti ilə “The Washington Post”a bildiriblər ki, döyüş meydanında analoji irəliləyişin olmaması, amma ritorikada və uzaqmənzilli zərbələrdə müşahidə olunan eskalasiya Rusiyanın həm müharibədə, həm də iqtisadiyyatda üzləşdiyi artan çətinliklərin nəticəsidir. Bu, Moskvanın öz şərtləri ilə razılaşma əldə etmək məqsədilə sülh danışıqlarının bərpasına nail olmaq cəhdi kimi qiymətləndirilə bilər. Eyni fikri Estoniya Xarici İşlər Nazirliyinin kansleri Yonatan Vseviov da X platformasında yazıb: “Putinin vaxtın onun xeyrinə işlədiyi və Qərbin gec-tez danışıqlar masasında Moskvanın döyüş meydanında əldə edə bilmədiyini ona təklif edəcəyi barədə illüziya dağıldıqca, Kreml gərginliyi artırır... Qərbi son dəfə danışıq tələsinə salmağa çalışır”.
Kremlə yaxın ekspertlər ictimai rəyi tədricən belə bir qənaətə yönəltməyə başlayıblar ki, müharibənin hazırkı təmas xətti (cəbhə xətti) boyunca dayandırılması artıq qələbə kimi qiymətləndirilə bilər. Məsələn, Ali İqtisadiyyat Məktəbinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşin bu barədə “Çuqun reallıq” adlı məqaləsində yazır. Məqalə “Rusiya qlobal siyasətdə” jurnalında dərc olunub. Bu nəşrə uzun illərdir ki, Fyodor Lukyanov rəhbərlik edir. O, həmçinin Valday Klubu çərçivəsində Putinin iştirak etdiyi sessiyalara moderatorluq edir. Nəşrin redaksiya şurasına, digərləri ilə yanaşı, Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakov daxildir. Şuraya isə Avropaya preventiv nüvə zərbəsi endirilməsini təklif etmiş Sergey Karaqanov sədrlik edir.
Kaşin yazır ki, hazırda müharibə eyni gücə malik tərəflər arasında gedir və tarixən belə müharibələr “son dərəcə nadir hallarda tərəflərdən birinin tam məhv edilməsi ilə nəticələnib”. Onun fikrincə, belə hallarda müharibənin məqsədlərinin yenidən nəzərdən keçirilməsi zəruridir: “Burada təəccüblü heç nə yoxdur, bu faktın özü uğursuzluq demək deyil”.
Ukrayna şəhərlərində zərbələrin yalnız hərbi obyektlərə və istehsal müəssisələrinə yönəldiyini iddia edən Rusiya Müdafiə Nazirliyindən fərqli olaraq, Kaşin utanmadan vəziyyəti daha açıq şəkildə təsvir edir: “Rusiya zərbələri... mövcud imkanların maksimum səviyyəsində həyata keçirilir. Onlar Ukraynaya nəhəng iqtisadi zərər vurur... Kiyevdə çoxmənzilli yaşayış binalarının təxminən 20 faizi bu və ya digər dərəcədə zərər görüb, Ukraynanın enerji sistemi, nəqliyyat infrastrukturu və sənayesinin əhəmiyyətli hissəsi məhv edilib. Qış aylarında enerji obyektlərinə endirilən zərbələr nəticəsində minlərlə yaşayış binası istiliksiz qalıb”.
Lakin Kaşinin qənaətinə görə, nə bunlar, nə də Rusiya hakimiyyətinin Ukraynadakı “qərar qəbuletmə mərkəzlərini” məhv etməklə hədələməsi müharibədə qələbə qazanmağa imkan verməyəcək.
“Yaxın gələcəkdə Ukraynadakı müharibədə dalana dirənmiş vəziyyətin qalxacağını gözləmək üçün əsaslarımız yoxdur”, – o vurğulayır.
Onun fikrincə, hətta nüvə silahından istifadə olunsa belə, nəticə eyni olacaq: münaqişənin dayandırılması barədə razılaşma ya nüvə silahı tətbiq edilmədən, ya da onun tətbiqindən sonra əldə ediləcək. Hər iki halda nəticə hazırkı təmas xətti üzrə münaqişənin dondurulması olacaq.
Buna görə də Kaşin danışıqların əvvəllər Putin tərəfindən irəli sürülmüş şərtlər əsasında aparılmasını təklif edir:
“Ankoric razılaşmaları çərçivəsində (ələ keçirilmiş) ərazilərin Rusiyanın nəzarətində qalmasının rəsmiləşdirilməsi, Ukraynanın hərbi bloklarda iştirakına qadağa qoyulması, onun ərazisində xarici qoşunların yerləşdirilməsinin istisna edilməsi və Ukrayna silahlı qüvvələri üçün müəyyən məhdudiyyətlərin tətbiqi bizim üçün yaxşı nəticə və tamhüquqlu hərbi qələbə olardı”.
Kaşin israr edir ki, “əgər səfərbər olsaq, gücümüzü toplasaq və bütün qüvvəmizlə zərbə endirsək, Ukrayna cəbhəsini tez bir zamanda çökdürə bilərik” kimi fikirlərdən imtina etmək və onları unutmaq lazımdır.
“Xəyali məqsədlər naminə resurslarımızı Mala Tokmaçka yaxınlığında sonsuz şəkildə yandırmaq bizim maraqlarımıza uyğun deyil”, – o vurğulayır.
Oxşar məzmunlu daha bir məqalə bu yaxınlarda “Moskovski Komsomolets” qəzetində dərc olunub, amma tez biz zamanda silinib. Məqalədə iddia edilir ki, məhz “uduzulmuş müharibələr və alçaldıcı atəşkəslər müntəzəm olaraq yeni sıçrayışlara, islahatlara və nə qədər qəribə görünsə də, yeni qələbələrə gətirib çıxarıb”. Nümunə kimi, xüsusilə, Qızıl Orda ilə münasibətlər, Krım müharibəsiə, Rusiya–Yaponiya müharibəsi və digər müharibələrdəki məğlubiyyətlər göstərilir. Guya ki, bu müharibələrdən sonra “Rusiya həddini aşmış elitaları cilovlamaq və insanlara daha çox azadlıq vermək üçün dəfələrlə eyni xilasedici yolu seçib”.
Cəbhədə dalana dirənən Rusiya arxa cəbhədə getdikcə daha çox iqtisadi durğunluğa qərq olur. Hərbi xərclərin artması və büdcə gəlirlərinin azalması fiskal kəsirin böyüməsinə gətirib çıxarır. Bu amillər ikirəqəmli faiz dərəcələri ilə birlikdə hökumətin dövlət borcuna xidmət xərclərini pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 249 faiz artırıb. Bu göstərici hətta müharibə xərclərinin artımından da (213 faiz) yüksəkdir.
Maliyyə Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri artıq Putinə hərbi xərclərin azaldılmasını təklif ediblər. Onların fikrincə, əks halda büdcə kəsiri təhlükəli həddə çata bilər.
Rusiya və Avrasiyanın araşdırılması üzrə Berlin Karneqi Mərkəzinin aparıcı elmi əməkdaşı Tatyana Stanovaya isə deyir: “Rusiyanın hərbi üstünlüyü əriməyə başlayır, Ukrayna zərbələrinin coğrafiyasını və intensivliyini genişləndirir, ABŞ isə danışıqlarda fasilə götürüb. Bütün bunlar işlərin Putinin istədiyi kimi getmədiyi təəssüratını yaradır”.
Onun fikrincə, belə şəraitdə eskalasiya vəziyyətə reaksiya verməyin yeganə yoludur, çünki vəziyyəti artıq nəzarətdə saxlamaq mümkün deyil.
Avropalı rəsmilərsən biri isə “The Washington Post”a bildirib ki, Moskva münaqişənin eskalasiyası təhlükəsindən istifadə edərək ABŞ-ni sülh danışıqlarını bərpa etməyə sövq etməyə çalışa bilər. Kremlin hesablamalarına görə, belə danışıqlar zamanı Donald Tramp administrasiyası Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasına nail olmaq üçün Volodimir Zelenskiyə təzyiq göstərə bilər.
Lakin müharibədə təşəbbüsü tədricən ələ almağa başlayan Ukrayna buna getməyəcək. Tatyana Stanovaya bu məsələdə qəti mövqedədir: “Bu baş verməyəcək. Mən bunu təsəvvür belə edə bilmirəm”.
Maraqlıdır, Rusiyanın mövcud rəhbərliyi hərbi əməliyyatların dondurulmasına, yəni təmas xətti boyunca müvəqqəti atəşkəsə razı ola bilərmi? Və bu, sonradan uzunmüddətli sakitlik mərhələsinə çevriləcəkmi? Başqa sözlə, münaqişə tam həlli olunmasa da, heç olmasa insanların həyatına son qoyan müharibənin dayanması mümkündürmü?
Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər cavab veriblər.
Rusiyalı politoloq, sosioloq, iqtisad elmləri doktoru, Chatham House (Kral Beynəlxalq Münasibətlər İnstitutu) nəzdindəki Rusiya və Avrasiya proqramının assosiativ tədqiqatçısı Vladislav İnozemtsev qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə təşəbbüsü ələ keçirdiklərinə görə, hazırda vəziyyət Kreml üçün kifayət qədər mürəkkəb görünür.

“Ukrayna qüvvələri Rusiyanın arxa cəbhəsinə genişmiqyaslı zərbələr endirirlər. Son bir il ərzində ekspertlər neft emalı zavodlarına endirilən zərbələrin əhəmiyyətsiz olduğunu desələr də, əslində onlar son dərəcə ağrılı nəticələr verib. Ümumilikdə, illərlə mövqe müharibəsi apararaq dönüş nöqtəsi gözləmək böyük hərbi səhvdir. Hazırkı mərhələdə Rusiyanın hər hansı vasitə ilə cəbhədə ciddi irəliləyiş əldə edə biləcəyinə dair heç bir ilkin şərt yoxdur və Ukrayna da öz ərazilərini təhvil vermək niyyətində deyil.
Belə bir vəziyyətdə Kremlə yalnız ictimai rəyi mövcud təmas xətti boyunca barışığa hazırlamaq qalır. Rusiya cəmiyyətində buna qarşı ciddi müqavimət yoxdur: müharibənin başa çatdığı, Donbasın “azad edildiyi” və insanların “qorunduğu” elan edilsə, cəmiyyət bunu böyük yüngüllüklə qarşılayacaq. Münaqişənin bitməsini hamı gözləyir – həm sadə vətəndaşlar, həm biznes, həm də məmurlar. Əsas maneə şəxsən Vladimir Putindir. O, müharibəni dayandırmaq istəmir, çünki hərbi rəhbərlik faktiki məğlubiyyəti ondan gizlədərək onu yanlış məlumatlarla təmin edir.
Saxta məlumatlara əsaslanan Putin hələ də hücum imkanlarına və Ukraynaya təzyiq rıçaqlarına malik olduğuna inanır. Bu dalandan çıxış yalnız o halda mümkündür ki, hərbçilər ən azı son bir il ərzində yaydıqları yalanları etiraf etsinlər. Ehtimal ki, vəziyyət Putin üçün tam aydınlaşana qədər müharibə daha bir neçə ay, bəlkə də yarım il davam edəcək.
İqtisadiyyat ötən illə müqayisədə daha pis vəziyyətdə olsa da, iqtisadi çətinliklər müharibənin dayandırılmasının səbəbi olmayacaq. Həlledici söz güc strukturlarının – ordunun və Federal Təhlükəsizlik Xidmətinin nümayəndələrinin əlindədir. Məhz onlar prezidenti müharibəni bitirməyin zəruriliyinə inandırmalıdırlar. Çünki iqtisadçıların, maliyyə nazirinin və ya Mərkəzi Bank rəhbərinin arqumentləri ona təsir göstərməyəcək”, – Vladislav İnozemtsev əmindir.
Ukraynalı analitik, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk isə bildirib ki, həqiqətən də, Rusiyanın hərbi yolla hər hansı məqsədinə nail olması tamamilə qeyri-real təsir bağışlayır.

“Qalır əsas sual: Putin özü bunu nə dərəcədə anlayır?
Bir tərəfdən, onun ictimaiyyət qarşısındakı ritorikası reallığa qətiyyən uyğun gəlmir. Digər tərəfdən, onun Roman Abramoviçi danışıqlar missiyası ilə Ukraynaya göndərməyə qərar verməsi göstərir ki, əslində o, müharibədən özü üçün minimum itki və problemlərlə çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
Aydındır ki, o, müəyyən şeyləri anlayır. Hazırda onun bütün ritorikası yalnız “qalibiyyət ruhlu” xarakter daşıyır və bu, yəqin ki, vəziyyəti qeyri-adekvat qiymətləndirməsindən deyil, ona nəzarət etmək və Rusiya elitalarına təsir göstərmək cəhdindən irəli gəlir. O, onlara problemlərin olmadığını, hər şeyin nəzarət altında olduğunu və “hamını məğlub edəcəklərini” çatdırmağa çalışır. Əslində isə ola bilsin ki, buna özü də tam əmin deyil.
Bundan başqa, beynəlxalq oyunçuların, xüsusilə də ABŞ-nin mövqeyində ciddi dəyişikliklər baş verib. Son dövrlərdə Tramp administrasiyasındakı bir çox şəxslər əvvəlkindən fərqli fikirlər səsləndirməyə başlayıblar. Məsələn, Marko Rubio artıq Ukraynanın güzəştlərə getməli və ya kompromis axtarmalı olduğunu demir. O, bildirir ki, bu müharibə ümumilikdə Rusiya üçün fəlakətə çevrilib, Moskva öz imkanlarını tamamilə yanlış qiymətləndirib, Ukrayna isə öz potensialını artırır.
Rusiya artıq ABŞ administrasiyasının “bütün hallarda qalib gələcək” inancına arxalana bilmir. Deməli, müharibəni sadəcə Ukraynaya təzyiq göstərməklə başa çatdırmaq mümkün deyil.
Rusiyanın hərbi yolla öz məqsədlərinə nail ola bilməyəcəyi anlayışı getdikcə qlobal konsensusa çevrilir. Cəbhədə vəziyyət daha çox paritet xarakteri daşıyır, bəzi istiqamətlərdə isə Ukraynanın üstünlüyü hiss olunmağa başlayır. Rusiya üçün ümumi vəziyyət yalnız pisləşəcək və Rusiya rəhbərliyi bunu nəzərə almaya bilməz. Putinə müəyyən amillər təzyiq göstərir. Bir il əvvəl ABŞ ona çox sərfəli şərtlərlə sülh təklif etmişdi: işğal olunmuş ərazilər üzərində nəzarətin rəsmiləşdirilməsi, sanksiyaların demək olar tam ləğvi, həmçinin Rusiyanın yenidən “Böyük səkkizlik” və dünya liderləri dairəsinə qaytarılması.
Həmin vaxt o, Ukraynanın NATO-ya üzv olmayacağına dair təminatlar və digər xarici siyasət üstünlükləri əldə edə, bütün bunları da qələbə kimi təqdim edə bilərdi. O zaman ABŞ administrasiyası Putinin qələbəsinə inanırdı və buna getməyə hazır idi.
İndi isə vəziyyət tamamilə fərqlidir və o, bir daha heç vaxt belə əlverişli şərtlər əldə etməyəcək. Görünür, Putini hərəkətə gətirən əsas motivlərdən biri də özünü növbəti dəfə yanılmadığına inandırmaq istəyidir. Halbuki, onun ilk strateji səhvi elə Rusiya üçün ağır və mənasız olan bu müharibəni başlamaq olmuşdu.
Müharibədən ən əlverişli şəkildə çıxmaq imkanı olduğu halda, o, yenə də öz imkanlarını olduğundan artıq qiymətləndirdi və bu fürsəti əldən verdi. Putin öz səhvlərini nə özünə, nə də ictimaiyyətə açıq şəkildə etiraf edə bilmir. Rusiya siyasi ənənəsində lider istənilən cinayəti törədə bilər, amma “uğursuz” və ya bəxtsiz görünə bilməz. Onu saxlayan əsas amil də budur. O, müharibədən çıxmaq barədə ciddi düşünür, lakin bu çıxışın şəxsi qələbəsi kimi təqdim olunmasına son dərəcə böyük önəm verir.
Məhz buna görə də, Roman Abramoviçi danışıqlar missiyası ilə Kiyevə göndərir ki, Zelenskiyə Putinin uğuru kimi təqdim edilə biləcək müəyyən addımlar təklif etsin. Lakin Zelenski buna hazır deyil və danışıqlar faktını ictimailəşdirərək Rusiya liderinə xoşagəlməz bir “şillə” vurdu. Bu vəziyyətdə Putin kazinoda bütün pullarını uduzmuş, amma yenə də itkilərini geri qaytaracağına inanan qumarbazı xatırladır. O, məğlubiyyətini qəbul edə bilmir və buna görə də mərcləri artırmağa çalışır.
Ukraynaya qarşı terror xarakterli təhdidlər də bu “qumarbaz strategiyasının” bir hissəsidir: əgər cəbhədə qalib gəlmək mümkün deyilsə, o zaman mülki əhaliyə qarşı terror vasitəsilə güzəştlərə məcbur etmək lazımdır. Bu isə Putinin müharibəni real şəkildə dondurmasına mane olur. Hazırda əsas məsələ artıq ərazilərə nəzarət deyil, Rusiyanın Ukraynaya suverenliyinin məhdudlaşdırılmasını qəbul etdirmək cəhdləridir (ordunun məhdudlaşdırılması, xarici qoşunların ölkə ərazisində yerləşdirilməsinə qadağa və s.). Ukrayna üçün isə bu, tamamilə qəbuledilməzdir.
2022-ci ildən bəri vəziyyət köklü şəkildə dəyişib: Ukrayna müdafiə yardımı alan ölkədən silah və müasir hərbi texnologiyalar ixrac edən tərəfə çevrilir. Ukrayna üçün Qərb ölkələri və Fars körfəzi dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi həyati əhəmiyyət daşıyır. Buna görə də müdafiə sektorunun məhdudlaşdırılmasına heç vaxt razı olmayacaq. Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də ölkənin gələcək iqtisadi modeli məsələsidir.
Bundan sonrakı bütün müzakirələr məhz bu müstəviyə keçəcək və hər şey Ukraynanın Rusiya terroruna nə dərəcədə effektiv müqavimət göstərə bilməsindən asılı olacaq. Əgər Ukrayna hücumları dəf etməyi və öz zərbə imkanlarını artırmağı bacarsa, Putin reallığı qəbul etməyə məcbur olacaq. Bunun nə vaxt baş verəcəyini isə proqnozlaşdırmaq çətindir”, – Oleşuk hesab edir.
Rusiyalı siyasi analitik, After Empire portalının baş redaktoru Olqa Kurnosova deyir ki, əgər məsələ Vladimir Putinin şəxsiyyəti ilə bağlı olmasaydı, Rusiya elitasının digər nümayəndələrinin hamısı müharibənin mövcud təmas xətti üzrə dayandırılmasına tam hazır olardılar.

“Lakin Sankt-Peterburq İqtisadi Forumunda bir daha gördüyümüz kimi, Putin növbəti dəfə danışıqlar aparmaqdan və atəşkəsə getməkdən imtina etdi. O, hakimiyyətdə qaldığı müddətdə buna ümid etmək çətindir. Bəlkə də onu dayanmağa məcbur edə biləcək yeganə şəxs Si Cinpindir. Bu, danışıqların növbəti mərhələsinə keçməyə imkan verən yaxşı üsul ola bilərdi.
Həmin forumda məlum oldu ki, Roman Abramoviç mümkün atəşkəs şərtlərini müzakirə etmək üçün Zelenskinin yanına gedib. Putin Zelenskinin Abramoviçi özü dəvət etdiyini iddia etsə də, daha inandırıcı görünən versiya budur ki, məhz Putin onu mümkün şərtləri öyrənmək üçün göndərib və sonra həmişəki kimi hər şeyi alt-üst edib. Hətta hazırda təbliğat kanalları və hərbi müxbirlər də yazırlar ki, döyüş əməliyyatlarının dayandırılması Rusiya üçün ən yaxşı ssenari olardı, çünki insanların mənasız şəkildə məhv edilməsi davam edir.
Putini rasional davranmağa daha nəyin məcbur edə biləcəyini demək çətindir. Ola bilsin ki, ciddi iqtisadi sarsıntı. Elvira Nabiullinanın hətta foruma gəlməməsi belə, dərin problemlərin mövcudluğunu bir daha təsdiqləyir: Rusiya iqtisadiyyatı ya artıq uçuruma yuvarlanır, ya da buna çox yaxındır.
Putin öz xəyallarında Stalinin Finlandiyaya qəbul etdirdiyi şərtləri təkrarlamağı arzulayır. Amma Putin Stalin deyil, Ukrayna da Finlandiya deyil. İkinci Dünya müharibəsi zamanı Finlandiya sovet nəhəngi ilə təkbətək qalmışdı, halbuki bu gün Ukrayna Avropanın böyük hissəsi ilə birlikdə dayanır.
Bu amil son dərəcə vacibdir və vəziyyəti köklü şəkildə dəyişir. Ukrayna Finlandiyanın vaxtilə qəbul etdiyi kimi alçaldıcı şərtlərlə razılaşmayacaq: siyasi qüvvələrinin inkişafına sərt məhdudiyyətlər, antisovet partiyalarının qadağan olunması və ordunun fəaliyyətinə ciddi limitlər. Bu şərtlər Sovet İttifaqı zəifləməyə başlayana qədər qüvvədə qaldı. Nəticədə Finlandiya həmin müqavilədən xilas oldu, NATO-ya girdi və göstərdi ki, “bayquşu qlobusun üstünə oturtmaq” və özünü Stalin rolunda görmək cəhdləri heç bir nəticə vermir.
Sonda mən yalnız Kremlin elitasına “Valkiriya əməliyyatı” filminə kollektiv baxış təşkil etməyi məsləhət görə bilərəm – bəlkə o zaman onların ağlına hansısa sağlam fikirlər gələr”, – Kurnosova yekunlaşdırıb.
Rauf Orucov