Logo
news content
User
Kateqoriyalar

Analitika

Peyvənd növbəsindən reportaj

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı 5 milyondan çoxdur. Bunlardan 2 milyonu ikinci dozanı da qəbul edib. Təxminən 2 ay sonra iki doza peyvənd olunanların sayı 5 milyonu ötəcək. Lakin bu rəqəmlərə baxmayaraq, ölkəmizdə son bir ayda koronavirusa gündəlik yoluxma 10 dəfə artıb. Nazirlər Kabineti peyvəndləmə prosesini sürətləndirmək üçün yeni qərarlar qəbul edib. Buna əsasən vaksinasiyada faktiki olaraq, məcburiyyət prinsipi tətbiq olunacaq. 

Bu prosesin necə aparıldığını öz şəxsi təcrübəm əsasında daha yaxından müşahidə edə bildim. Virusa qarşı ən effektiv vaksin hesab olunan “Pfizer” üçün “Yeni Klinika”da canlı növbəyə yazıldım. Xəstəxanaya ilk daxil olduğum anda qarşıma belə bir xəbərdarlıq çıxdı: “Çəkiliş etmək qadağandır!” 

Qəribədir, vaksinasiyanın populyarlaşdırılması və təbliği üçün jurnalistlərin bu prosesi yazması, lentə alması, hərtərəfli işıqlandırması zəruri olduğu halda, bu qadağanın məntiqi nədir? Klinika əməkdaşı bunun rəhbəliyin tapşırığı olduğunu söyləməklə kifayətləndi və mənə əlində hazır olan nömrələrdən birini uzatdı. Növbəm 218-ci idi. Mən növbəni əldə edənə qədər artıq 160 nəfər peyvənd olunmuşdu.

Çəkilişin nə üçün qadağan olduğunu yuxarı orqan - TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxışdan öyrəndik. Elnarə xanım bunun üçün bir gün öncədən rəsmi icazə alınmalı olduğunu vurğuladı...

Təxminən 45-50 dəqiqə sonra növbəm çatdı və içəri daxil oldum. Həkim növbəsi çatan vətəndaşlardan sadəcə, hansısa xəstəliyinin olub-olmadığnı soruşurdu. Əgər hansısa vətəndaşın nədənsə şikayəti yox idisə, qeydiyyat şöbəsinə yaxınlaşaraq 5 dəqiqə içərisində peyvənd olunub, çıxırdı. Mən həkimə təzyiqimin aşağı olduğunu bildirdim və bunun problem olub-olmayacağını soruşdum, o isə bu cür təzyiqin qadınlarda normal hal olduğunu bildirdi və hər ehtimala qarşı saturasiyamı da yoxladı.

Bundan sonra qeydiyyat şöbəsində qeydiyyata alınaraq peyvənd otağına yaxınlaşdım. Peyvənd olundum və yenidən COVİD-19 pasportu üçün növbəyə düzüldük.

COVİD-19 pasportunu əldə etdikdən sonra istirahət otağına getməyi məsləhət görsələr də, mən təşəkkür edərək işlərimin dalınca yollandım...

Sonda bir daha xatırlatmağı zəruri sayıram ki, peyvəndlərlə əlaqədar bəzi tərəddüdlər olsa da, yeganə effektiv yol peyvənd olunmaqdır və bunun alternativi hələ ki yoxdur. Peyvəndlənək, qaydalara əməl edək, özümüzü, yaxınlarımızı qoruyaq və bu bəlanın bitməsini gözləyək…

Ülviyyə Şahin