Logo
news content
User
Kateqoriyalar

Analitika

Pensiya və ünvanlı yardım alanların sayı kəskin azalır

Azərbaycanda əhalinin sayı artsa da, büdcədən pensiya alanların sayı azalır. Bu paradoks elə Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarından görünür. Məsələn, bu ilin birinci yarısında (iyulun 1-nə qədər) Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 12,1 faizini təşkil edir. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. DSK-nın məlumatında qeyd olunur ki, ötən ilin iyulun 1-nə olan vəziyyətə görə, bu rəqəm 1 milyon 257,4 min nəfərə bərabər olub. Yəni ölkədə pensiyaçıların sayı bir ildə 43 mindən çox azalıb. 

Ümumiyyətlə, son 4 ildə Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328,4 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,7 faizini təşkil edib. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. 

2018-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 320,4 min nəfərə düşüb. 2019-cu il iyulun 1-də isə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edib. Beləliklə, son 3 il 6 ayda pensiya alanların sayında 104,3 min nəfər azalma qeydə alınıb.

Pensiya ilə bərabər, ünvanlı sosial yardım alanların sayında da kəskin azalma var. DSK-nın məlumatına görə, 2020-ci ilin birinci yarısında 84 min 600 aztəminatlı ailənin 351 min 800 üzvü ünvanlı sosial yardım alıb. 2021-ci ilin iyulun 1-nə olan nəticələrə görə isə ölkədə 62 min aztəminatlı ailənin 264 min 100 üzvü bu yardımdan faydalana bilir.

Beləliklə, 2021-ci ilin 6 ayında ünvanlı sosial yardım alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min nəfər az olub. Nəticədə ilin birinci yarısında sosial müdafiə və sosial təminat xərclərinda əhəmiyyətli azalma qeydə alınıb. Maliyyə Nazirliyinin məlumatına görə, son 6 ayda bu istiqamətdə 1 milyard 664,5 milyon manat xərclənib. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz və ya 16 milyon manat azdır. 

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır. Hazırda ölkədə minimum pensiya 200 manat, orta aylıq pensiya 361 manatdır.

Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı tələb olunur. Bunlardan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat sosial müavinət verilir. 28800 manat pensiya kapitalı isə belə müəyyənləşir: hazırda minimum məbləğ 200 manatdır. Minimum pensiya kapitalı bu qaydada müəyyənləşdirilir: 12 il 144 ay deməkdir. 144 ayı vururlar 200 manata, nəticədə 28 min 800 manat alınır. Sabah minimal pensiya 250 manat olsa, lazım olan minimum kapital 36 min olacaq, o zaman pensiya daha əlçatmaz hala gələ bilər...

MDB Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə hər 1000 nəfərə düşən pensiyaçıların sayı Azərbaycanda 127 nəfər, Qazaxıstanda 157 nəfər, Ermənistanda 158 nəfər, Ukraynada 258, Moldovada 262 nəfər, Belarusda 267 nəfər, Rusiyada 297 nəfərdir. 

Ölkədə pensiya və müavinət alanların sayının əhalinin say nisbətinə tərs mütənasib olaraq azalmasının səbəblərinə gəlincə, burada müxtəlif səbəblər var. İqtisadçı Toğrul Maşallı "Press Klub"a bildirdi ki, pensiya almaq getikcə çətinləşir, çünki şərtlər ağırlaşdırılır: 

"Hər il vəfat edən təqaüdçülərin sayı sürətlə artır, amma təqaüdə çıxanların sayı qat-qat azdır. Eyni zamanda, Azərbaycanda pensiya yaşı insanların orta ömür yaşı ilə müqayisədə kifayət qədər yüksəkdir. Bu da hazırkı mənzərənin yaranmasını şərtləndirir".

Turqut