Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı?
Ekspert: Hakimiyyətə Rusiyapərəst qüvvələr gəlsə, münasibətlərdə münaqişə elementi güclənəcək
08 May 2026
“Ermənistanın baş naziri Nikol Paşinyan kifayət qədər məntiqli fikir səsləndirib”. Bunu mayın 6-da parlamentin iclasında “Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanuna dəyişiklik və əlavələri, eləcə də əlaqəli qanunlara düzəlişləri nəzərdə tutan qanun layihələri paketinin müzakirəsi zamanı qurumun rəhbəri Kristine Qriqoryan bildirib. O, müxalif “Ermənistan” blokundan olan deputat Armenui Küreqyanın sualını cavablandırıb.
Müxalif deputat xüsusilə Ermənistan baş nazirinin qarşıdan gələn seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının konstitusion çoxluq əldə etməyəcəyi təqdirdə, sentyabr ayında fəlakətli müharibənin başlayacağı barədə bəyanatını xatırladıb və soruşub: “Bu bəyanat Xarici Kəşfiyyat Xidmətinin təqdim etdiyi müəyyən məlumatlar əsasında verilib, yoxsa xidmət bundan xəbərsiz olub? Əgər xəbərsiz olubsa, o zaman siz bu bəyanatın hansı əsasla səsləndirildiyini araşdırmağa çalışmısınızmı, onu yoxlamaq və ya müvafiq faktı təsbit etmək üçün hansısa operativ-kəşfiyyat məlumatları əldə etmək cəhdləri olubmu və ümumiyyətlə, bizə qarşı həmin müharibəni hansı ölkə başlaya bilər?”
Qriqoryan cavabında hökumət başçısının sözlərini izah etməyə çalışıb. “Əgər seçkiqabağı yarış zamanı bir-biri ilə rəqabət aparan siyasi qüvvələr sülh arxitekturasının təməl prinsiplərini şübhə altına almağa başlayırlarsa, bu o deməkdir ki, gələcəkdə sülh dağıla bilər. Baş nazirin sözlərini məhz bu məntiqlə anlamaq lazımdır”, – qurum rəhbəri bildirib.
Küreqyan isə Xarici Kəşfiyyat Xidmətinin rəhbərini dinlədikdən sonra öz mövqeyini və müşahidələrini səsləndirib. “Aydın oldu ki, Xidmətin əlində belə məlumat yoxdur. Bu, sadəcə baş nazirin növbəti siyasi bəyanatı idi. Biz bilirik ki, bu cür açıqlamalar onlara sərf edən vaxtda və formada edilir. Deməli, bu bəyanatların altında heç bir məntiqi əsas yoxdur”, – deputat vurğulayıb.
Əgər hipotetik olaraq qarşıdan gələn seçkilərdə “Vətəndaş Müqaviləsi” parlamentdə çoxluq əldə etməsə və nəticədə Paşinyan baş nazir postunu tərk etsə, hakimiyyətə hazırda müxalifətdə olan, Rusiyaya yaxın qüvvələrin koalisiyası gələ bilər. Belə olan halda, Moskva ilə birbaşa əlaqəli bu qüvvələrin hakimiyyəti dövründə Ermənistanı nə gözləyir? Onlar Azərbaycanla sülh müqaviləsinin imzalanması kursunu davam etdirəcəklərmi? Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə çalışacaqlarmı? Yoxsa əksinə, Ermənistan və Azərbaycanı yenidən müharibə həddinə gətirə biləcək addımlar atacaqlar? Belə bir ssenari yaxın gələcək üçün nə dərəcədə realdır?
Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bilirsiniz, yəqin mən də Ermənistanın xarici kəşfiyyat rəhbəri kimi görünəcəyəm. Niyə? Çünki mən də ehtimallarımı belə bir ehtimal üzərində qururam: əgər revanşist qüvvələr hakimiyyətə gəlsələr, onların Paşinyanın həyata keçirdiyi kursu davam etdirmələri çətin görünür. Əgər onlar bu kursu davam etdirməsələr və ya bu prosesi müxtəlif yollarla ləngitsələr, təbii ki, Türkiyə, Ermənistan və Azərbaycan arasında münasibətlərdə münaqişə elementi güclənəcək. Nəticədə bu, müxtəlif gərginlik ocaqlarının artmasına və onların bir böyük qarşıdurmada birləşməsinə gətirib çıxara bilər. Belə bir perspektiv tamamilə mümkündür”, – analitik bildirib.
Onun sözlərinə görə, Ermənistandakı bu radikal müxalif qüvvələr yaxın zamanda Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycana münasibətdə kifayət qədər sərt və qərəzli ifadələr ehtiva edən qətnamələri dəstəkləyirlər. “Onlar həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tənqidi yanaşan erməni diasporundakı dairələrin fəaliyyətini də müdafiə edirlər. Buna görə də bu məntiqdən çıxış etsək, ən azı maraqlar toqquşması yaranacaq və Vaşinqtonda paraflanmış sülh sazişinin müddəalarının həyata keçirilməsi ləngiyəcək. Bu isə Azərbaycanın sərt və ciddi narazılığına səbəb olacaq və nəticədə qarşıdurmaya gətirib çıxaracaq. Hadisələr təxminən bu məntiqlə inkişaf edə bilər. Məncə, Paşinyan tamamilə haqsız deyil.
Əgər müxalifət liderlərinin, xüsusilə də Vaşinqton razılaşmalarının müddəalarını şübhə altına alan Koçaryanın ritorikasını nəzərə alsaq, bu açıqlamaların Azərbaycanda müsbət reaksiya doğurmayacağı aydındır. Üstəlik, Koçaryanın özü də Bakı üçün ciddi qıcıqlandırıcı fiqur kimi çıxış edəcək. Buna görə də, məntiq başadüşüləndir. Baxmayaraq ki, hazırda Azərbaycanla mümkün müharibə və ya qarşıdurmanın hazırlandığını təsdiqləyən konkret məlumatlar yoxdur. Ən azı Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri belə faktlar təqdim etməyibsə, deməli, bu cür konkret sübutlar mövcud deyil”, – Vəlizadə hesab edir.
Rauf Orucov