Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın arzuları və yaxınlaşan fəlakət
Ermənistan taleyüklü sınaqdan necə çıxacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində – Almaniyanın Xarici Münasibətlər Cəmiyyətində çıxışı zamanı Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Onun əsas tezisləri yaxın perspektivdə reallaşacaq layihələri, qonşu ölkələrlə münasibətlərin gələcəyini əhatə edir. Baş nazir nikbindir, ümumi mənzərəni problemsiz təsvir edir, hesab edir ki, nəqliyyat-logistika xətlərinin tikintisi, sərhədlərin açılması, ticarət əlaqələrinin bərpası və genişləndirilməsi bölgənin rifahını təmin edəcək.

Paşinyan ilk növbədə qeyd edir ki, “TRIPP yolu” layihəsinin, həmçinin Ermənistan–Türkiyə kommunikasiyalarının açılması böyük geoiqtisadi potensial daşıyır. Baş nazirin sözlərinə görə, “TRIPP Route” layihəsi və Ankara ilə İrəvan arasında nəqliyyat əlaqələrinin bərpası Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz bağlantını təmin etməklə Orta Dəhlizin əsas hissələrindən birinə çevrilə bilər.

O, vurğulayıb ki, İrəvan Vaşinqtonla layihənin həyata keçirilməsi ilə bağlı intensiv danışıqlar aparır: “ABŞ-dəki tərəfdaşlarımızla “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsinin ümumi icra şərtləri üzrə aktiv müzakirələr aparırıq”. Paşinyan onu da açıqlayıb ki, “TRIPP Company” adlı erməni-amerikan birgə şirkəti Ermənistanda qeydiyyatdan keçəcək və layihə çərçivəsində dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də optik fiber rabitə xətlərinin infrastrukturunu inşa etmək və inkişaf etdirmək hüququna malik olacaq.

Baş nazirin sözlərinə görə, gələn ildən layihənin real icrası və tikinti mərhələsinə keçid nəzərdə tutulur.

Paşinyan çıxışı zamanı Ermənistan-Türkiyə münasibətlərinə də toxunub və son aylarda ciddi aktivləşmə müşahidə olunduğunu deyib: “Son görüşümüzdən bəri Ermənistan və Türkiyə arasında əlaqələrin aktivləşməsi baş verib. Rəsmi Ankara ilə çox intensiv danışıqlar aparırıq, hətta de-yure diplomatik münasibətlər olmasa belə”. O, Türkiyənin Ermənistanla sərhədi açacağı və diplomatik münasibətləri bərpa edəcəyi barədə ümidvar olduğunu vurğulayıb.

Paşinyanın fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan–Azərbaycan sülhü, “TRIPP yolu”nun işə düşməsi, həmçinin Azərbaycan, Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri, eləcə də Rusiya ilə konstruktiv dialoq region üçün yeni imkanlar açır: “Bütün bu proseslər Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ilə yanaşı, dünyanın ən cəlbedici tranzit marşrutlarından birinə çevirə bilər”.

Baş nazirin fikirləri müharibədən sonra Cənubi Qafqazda ümumi tendensiyanı əks etdirir. Azərbaycanın, Türkiyənin, Avropa İttifaqının regionda yürütdüyü siyasət qısa müddətdə belə müsbət dinamikanın yaranmasına, perspektiv haqqında müsbət düşüncələrə gətirib çıxarıb. Amma çətin mərhələ hələ qabaqdadır, bir sıra vacib məsələlər həllini tapmalıdır ki, Cənubi Qafqaz problemlərini həll edib, yeni inkişaf mərhələsinə qədəm qoysun. Problemlər isə yetərincədir, ən zəif həlqə isə Paşinyanın rəhbərlik etdiyi Ermənistandır. Əlbəttə, Gürcüstanda vəziyyət mürəkkəb olaraq qalır, ölkənin suverenliyi təmin olunmayıb, Azərbaycan üçün yeni çağırışlar var.

Ermənistanda gələn il iyunun 7-də taleyüklü parlament seçkiləri keçiriləcək. Seçkilərdə hakim partiyanın qalib gəlməsi, ya da məğlub olması nəinki ölkənin, eləcə də regionun mənzərəsini dəyişə bilər. Paşinyan komandası üçün kifayət qədər böyük risklər var:

Əvvəla, Rusiyanın dəstəklədiyi keçmiş siyasi elita (Robert Köçəryan, Serj Sərkisyan, Vanetsyan və b. rəhbərlik etdiyi partiyalar) hakimiyyəti ələ keçirmək üçün genişmiqyaslı işlər aparır. Bu qüvvələrin əlində böyük pul kütləsi, media resursları, siyasi təşkilatlar, parlament tribunası var. Üstəlik, cəmiyyətdə, hakimiyyətin təzyiqlərinə baxmayaraq, hələ də nüfuzunu qoruyan kilsə bu qüvvələrə açıq dəstək verir.

İkincisi, Rusiya Köçəryan-Sərkisyan nomenklaturasını hakimiyyətə qaytarmaq üçün böyük resurs xərcləyir. Kremlin təbliğat ruporları keçmiş elitaya açıq dəstək verir, Rusiyadakı erməni diasporu səfərbər edilib, həmçinin erməni cəmiyyətində anti-Paşinyan ovqatını gücləndirmək üçün yumşaq gücün bütün imkanlarından istifadə edilir.

Paşinyanın məğlubiyyəti Rusiya üçün prinsipial məsələdir. Buna nail olarsa, Baş nazirin yuxarıda qeyd olunan nikbin çıxışındakı bütün tezislər alt-üst olur:

Azərbaycanla sülh prosesi təxirə düşür, münasibətlər yenidən münaqişə vəziyyətinə qayıdır;

Türkiyə ilə aparılan diplomatiya yarımçıq dayandırılır;

Avropa İttifaqının İrəvandakı missiyası iflasa uğrayır və ABŞ-nin “TRIPP yolu” layihəsi də eyni faciəni yaşayır.

Nəticədə Cənubi Qafqazda Kremlin arzuladığı münaqişə atmosferi geri qayıdır, Bakı və İrəvana qarşı ənənəvi təzyiq üsulları işə salınır.

Bu perspektiv heç də qeyri-real deyil və Azərbaycanı, Türkiyəni, həm də Qərbi narahat edir. Ona görə seçkilər yaxınlaşdıqca regionun Rusiyasız gələcəyinə inanan qüvvələr də qollarını çırmayıb işə başlayıb. Dekabrın 2-də Ermənistanla Avropa İttifaqı arasında imzalanmış “Aİ–Ermənistan Tərəfdaşlığı üçün Yeni Strateji Gündəliyi” Paşinyan komandasına ciddi dəstəkdir. Sənəddə Ermənistanın Aİ ilə siyasi qarşılıqlı fəaliyyət, iqtisadiyyat, demokratiyanın inkişafı və digər sahələr üzrə strateji gündəliyi öz əksini tapıb. Avropa İttifaqı ölkəyə ciddi maliyyə, siyasi, iqtisadi, humanitar və texniki dəstək vəd edir. Bu yardımlar kiçik erməni cəmiyyəti üçün olduqca böyük miqdardadır – 2,5 milyard avro. Habelə hökumət, vətəndaş cəmiyyəti, media da Avropa fondlarından və tərəfdaş qurumlardan yaxşı maliyyə əldə edir və gələcəkdə bu dəstəyin miqyası böyüyəcək.

ABŞ-nin TRIPP layihəsi – erməni-amerikan birgə şirkətinin yaradılması, Ermənistan hüquq-mühafizə və təhlükəsizlik orqanlarına texniki dəstək, kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi də seçkiqabağı hakim partiyanın resurslarını artırır.

Təbii ki, Azərbaycan və Türkiyənin regionda yürütdüyü siyasət, müttəfiqlərin birgə maraqları Paşinyan komandasının ayaqda qalmasına rəvac verir. Rəsmi Bakı tezliklə sülh sazişinin imzalanmasını, regional kommunikasiyaların açılmasını, ticarət əlaqələrinin bərpasını istəyir. Dekabrın 6-da Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Qətərdə keçirilən konfransda açıqladı ki, Ermənistana Azərbaycanın neft və neft məhsullarının göndərilməsi müzakirə olunub. Daha əvvəl Qəbələdə erməni heyəti ilə keçirilmiş görüşün gündəliyinə bu məsələ də daxil edilib. Gürcüstan isə bildirib ki, Ermənistana daşınacaq neft məhsullarının ilk partiyasına görə tranzit haqqı alınmayacaq.

Bakı Ermənistandakı proseslərin Rusiyanın müdaxiləsi olmadan rəvan getməsinin fərqindədir və bu prosesin geridönməz olmasında maraqlıdır. Deməli, İrəvanla ortaq maraqlar artıq formalaşıb və onu irəli aparmaq üçün lazım olan siyasi iradə də var. Bu müsbət dinamika Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə, vaxtı ilə Rusiya tərəfində qoyulmuş maneələrin aşılmasına gətirib çıxarır. Paşinyanın bəhs etdiyi kimi, Türkiyə ilə fəal diplomatiya, sərhədlərin açılması üçün yeni imkanlar açır və şübhəsiz ki, bu müsbət tendensiyalar seçki qabağı erməni cəmiyyətini hakim partiyaya bir daha dəstək verməyə meyilləndirir.

Əlbəttə, problemlər çoxdur, xüsusi ilə Rusiya və onun dəstəklədiyi müxalifətin aramsız propaqandası çaşqınlıq yaradır. Keçirilən rəy sorğularında əhalinin hələ də böyük hissəsinin heç bir siyasi qüvvəyə inanmaması informasiya müharibəsinin nəticələrindən biridir. Paşinyan artıq 7 ildir iqtidardadır, onun komandası Azərbaycana məğlub olub, Qarabağ tamamilə itirilib, erməni milli ideologiyasının əsas sütunları yıxılıb – erməni cəmiyyətinin bunları qısa müddətdə həzm etməsi çətindir. Müxalifət də məhz buradan yapışıb, erməni cəmiyyətini 5 il əvvələ qaytarmağa çalışır, amma bu, ermənilərə gələcək vəd etmir; ağrılı-acılı, korrupsiya və zorakılıqla dolu Ermənistan deməkdir. Ən əsası, Ukraynaya qarşı işğalçı müharibədə rüsvay olmuş Rusiya ilə müttəfiqlik, Azərbaycanla yeni müharibə təhlükəsi erməniləri qorxudur.

Paşinyanın üstünlüyü bu gün əldə olunan sülh atmosferi, yaxın gələcəkdə Azərbaycan və Türkiyə ilə problemləri həll edib dünyaya açılmaq vədidir.

Beləliklə, ən azı yaxın perspektivdə regionun gələcəyinin necə olacağı xeyli dərəcədə Ermənistandan asılıdır. Bu gün qüvvələr nisbəti Paşinyanın xeyrinədir, sabah Rusiyanın orada nə edəcəyini isə proqnozlaşdırmaq çətindir; bu, həm də Ukrayna ilə müharibənin hansı nəticə ilə bitəcəyindən, yaxud, hansı istiqamətdə davam edəcəyindən asılıdır.

Turqut