Paşinyanı fiziki cəhətdən aradan götürə bilərlərmi?
Moskvanın “son çarəyə” əl atmaq ehtimalı real görünür
01 Aprel 2026
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası tərəfindən iyun ayında keçiriləcək parlament seçkilərində baş nazir postuna namizəd kimi irəli sürülüb.
“Vətəndaş müqaviləsi” partiyasının iki turdan ibarət daxili seçkiləri başa çatıb və nəticələr yekunlaşdırılıb. Mənə növbəti dəfə göstərilən etimada, partiyanın seçki siyahısına rəhbərlik etmək və Ermənistan Respublikasının baş naziri postuna namizəd olmaq şərəfinə görə bütün partiyadaşlarıma təşəkkür edirəm”, – Paşinyan sosial şəbəkədə yazıb.
Ermənistanda parlament seçkiləri 7 iyun tarixinə təyin olunub.
Bu kontekstdə martın 29-da baş vermiş hadisə narahatlıq doğurur. İrəvanda Müqəddəs Anna kilsəsinin ərazisində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə insident yaşanıb. Bir neçə gənc baş nazirin kilsədə görünməsinə aqressiv reaksiya verərək, qışqıraraq hakimiyyətin fəaliyyətinə etiraz edib. Onlardan biri Paşinyana yaxınlaşaraq ona zərbə endirməyə cəhd etdikdə, mühafizə müdaxilə etməli olub. Bu hadisə erməni mediasında geniş rezonans doğurub.
Aydındır ki, Ermənistan vətəndaşları hazırda həlledici parlament seçkiləri ərəfəsində güclü təbliğat təsiri altındadırlar və Paşinyana zərbə endirməyə cəhd edən gəncin sadəcə emosiyalarına hakim ola bilmədiyini söyləmək bilər.
Lakin bu hadisə özü-özlüyündə Ermənistan üçün daha təhlükəli nəticələr ehtimalı barədə düşünməyə əsas verir. Bu gün ekspertlərin böyük hissəsi hesab edir ki, bu seçkilərdə yenidən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qalib gələcək – bu siyasi qüvvə ölkə üzrə ən yüksək seçici dəstəyinə malikdir. Aydındır ki, bu hal Moskvanı qane etmir. Rusiya ona bağlı olan bütün müxalif qüvvələri birləşdirməyə çalışır, onları maliyyələşdirir, informasiya müharibəsi aparır, hətta Rusiyada müvəqqəti yaşayan və səsvermə hüququ olan Ermənistan vətəndaşlarına təsir göstərməyə cəhd edir.
Kremli narahat edən əsas məsələ Paşinyan komandasının yönəldiyi qərbyönlü inkişaf kursudur. Bu isə Cənubi Qafqazda Rusiyanın son təsir dayağını da tədricən itirməsi deməkdir. Bəs iyun seçkilərindən sonra Paşinyana ciddi alternativin olmayacağı aydınlaşarsa, Moskva vəziyyəti dəyişmək üçün hansı addımlara əl ata bilər? Düşünmək belə ağır olsa da, sual yaranır: Kreml belə bir şəraitdə Nikol Paşinyanın fiziki aradan götürülməsi variantına əl ata bilərmi? Məqsəd Ermənistanda xaos yaratmaq və hakimiyyəti Koçaryan və Sarqsyanın rəhbərlik etdiyi “köhnələrə” qaytarmaq ola bilərmi?
Belə addımların mümkünlüyünü tam istisna etmək çətindir. Amma onu da xatırlatmaq kifayətdir ki, Putin və onun ətrafı hər gün Ukraynada mülki əhalinin yaşadığı evlərə raket və dron zərbələri endirir, qadınları, uşaqları və yaşlıları hədəf alır.
Maraqlıdır, Ermənistan rəhbərliyi belə bir təhlükə barədə düşünürmü? Ümumiyyətlə, bugünkü şəraitdə qonşu ölkədə bu cür sui-qəsd ehtimalları nə dərəcədə realdır?
Pressklub.az-ın suallarına tanınmış xarici şərhçilər cavab veriblər.
Erməni jurnalist, bloqer və “Diqqət mərkəzində” informasiya platformasının müəllifi Roman Baqdasaryan hesab edir ki, Ermənistan rəhbərliyi bu cür təhlükə barədə düşünür.

“Düşünürəm ki, baş nazirin bir neçə səviyyədən ibarət mühafizəsi var. Və hesab edirəm ki, təhlükəli presedentlər hələ olacaq. Amma onun çox yaxşı qorunması var və ümid edirəm ki, heç bir ciddi hadisə baş verməyəcək. Ümumiyyətlə, dünyada heç kim üçün yüz faiz zəmanət yoxdur, təkcə Paşinyan üçün yox. Ona görə də mühafizəçilərimizin və xüsusi xidmət orqanlarımızın yaxşı işinə ümid edək”, – Baqdasaryan bildirib.
Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos isə xatırladıb ki, Ermənistan tarixində artıq belə bir presedent olub – 27 oktyabr 1999-cu ildə parlamentin gülləbaran edilməsi.

“O zaman Karen Dəmirçyan və Vazgen Sarqsyanın fiziki aradan götürülməsi ölkənin geosiyasi kursunu tam şəkildə Moskvanın xeyrinə dəyişdi. Kreml yeni heç nə icad etmir, artıq işləyən ssenarini təkrarlayır. Moskva üçün Paşinyan aradan qaldırıla bilməyən “anomaliya”dır, çünki onu küçə etirazları ilə devirmək mümkün olmadı. Buna görə də güc yolu ilə destabilizasiya ssenarisi prioritetə çevrilə bilər.
Bu kontekstdə Müqəddəs Anna kilsəsində baş verən hücum təbliğat üçün ideal görüntüdür: “xəyanətkara qarşı xalq qəzəbi”. Bu isə elə bir informasiya fonu yaradır ki, real sui-qəsdi növbəti “emosional fanat”ın və ya “Artsaxın qisasçısı”nın üzərinə yazmaq mümkün olsun.
Aydındır ki, seçkilər zamanı liderin fiziki aradan götürülməsi Ermənistanda qaçılmaz xaos yaradacaq. Belə vəziyyətdə Rusiya “sülhməramlı təşəbbüslər” irəli sürə və ya Gümrüdəki bazasından “nizam-intizamın qorunması” üçün istifadə edə bilər. Bu, Putinin son kozırıdır və o, artıq masadadır. Bu şəraitdə İrəvan təhlükəsizlik protokollarını, xüsusilə də güc strukturlarında mümkün daxili agentura kontekstində ciddi şəkildə yenidən nəzərdən keçirməlidir”, – Semivolos əmindir.
Rauf Orucov