Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır
“Boşanma” və “Ukrayna ssenarisi” xəbərdarlığı Ermənistanda müsbət qarşılanmayıb
13 May 2026
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitinə öz müavini Mqer Qriqoryanı göndərəcək. Bu barədə Paşinyan bazar ertəsi məlumat verib. Onun sözlərinə görə, o, apreldə Rusiyaya səfəri zamanı qərarı barədə Rusiya prezidentini məlumatlandırıb. Həmçinin, bu barədə Qazaxıstan prezidentinə də xəbər verib.
Baş nazir izah edib ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi keçirilən seçki kampaniyası və mayın 28-nə planlaşdırılan hərbi parad səbəbindən sammitdə iştirak etməyəcək.
İki gün əvvəl Moskvada keçirilən paraddan sonra (erməni baş nazir həmin tədbiri də buraxmışdı) Putin Rusiyadan tədricən uzaqlaşan Ermənistanla bağlı sərt bəyanat səsləndirib. O bildirib ki, İrəvan Avropa İttifaqına qoşulmaq və Aİİ-dən çıxmaq məsələsi üzrə referendum keçirməlidir. Putin vurğulayıb ki, yalnız bu halda iki ölkə “yumşaq, intellektual və qarşılıqlı faydalı boşanmaq” yolu ilə gedə bilər.
O, həmçinin xatırladıb ki, Ukrayna ilə münaqişə də məhz həmin ölkənin Avropa İttifaqına qoşulmaq cəhdindən sonra başlayıb.
Paşinyan isə jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan hazırda Aİİ-də üzvlük məsələsini ümumxalq səsverməsinə çıxarmağı planlaşdırmır.
Onun sözlərinə görə, İrəvan yalnız obyektiv zərurət yaranacağı halda belə bir addım atacaq. Hazırda isə buna ehtiyac yoxdur. “Biz Aİİ üzrə bütün tərəfdaşlara, eləcə də Birlikdə iştirakımıza hörmətlə yanaşırıq”, – Paşinyan bildirib.
Baş nazir həmçinin Putinin səsləndirdiyi “boşanmaq” ifadəsi ilə razı olmadığını qeyd edib. “Biz dövlətlərarası münasibətləri evliliklə qarışdırırıq. Ermənistan dövlətlərarası münasibətlərdə dövlət məntiqini rəhbər tutur. Biz Aİİ-nin tamhüquqlu üzvləriyik və Aİİ üzvü olduğumuz müddətdə bütün qərarların qəbulunda tam şəkildə iştirak edirik”, – o bildirib.
Paşinyan əlavə edib ki, Ermənistanın Rusiyanın maraqlarına zərər vurmaq məqsədi olmayıb və olmayacaq. Putinlə münasibətlərinin qarşılıqlı etimada əsaslandığını vurğulayan baş nazir bildirib ki, hər iki lider kəskin məsələləri sakit, qarşılıqlı hörmət və dostluq şəraitində, arqumentlər və faktlar əsasında müzakirə edirlər.
“Mən bu məntiqi davam etdirəcəyəm. Həm Rusiya prezidentinə, həm də Rusiyaya hörmətimi ifadə edirəm. Bununla yanaşı, biz Aİ ilə münasibətlərin dərinləşdirilməsi və Aİ üzvlüyü haqqında qanun çərçivəsində, yəni demokratik islahatlar yolu ilə irəliləməyə davam edəcəyik”, – Paşinyan vurğulayıb.
O əlavə edib ki, Moskva ilə münasibətlərdə “qaçılmaz transformasiya” baş verir və xarici siyasətdə bundan sonra da “Ermənistanın dövlət maraqlarını rəhbər tutacaq”.
Onun məhz bu son qeydləri xüsusi önəm daşıyır. Çünki bütün “hörmət” ifadələrinə baxmayaraq, Paşinyan yenə də Aİİ sammitinə getməkdən imtina edib. Ümumilikdə isə Paşinyan cavablarında bütün kəskin məqamları yumşaltmağa, həm də öz mövqeyində qətiyyətlə dayanmağa çalışıb. Və deyəsən, bu cəhd uğurlu alınıb.
Paşinyanın Aİİ sammitində iştirakdan imtinası ilə bir tərəfdən Avropa İttifaqına tam loyallıq siqnalı göndərməsi, digər tərəfdən isə Putinin Ermənistan üçün “Ukrayna ssenarisi” ilə bağlı bəyanatından narazılığını nümayiş etdirməsi ola bilərmi?
Yaranmış vəziyyəti Pressklub.az-a konfliktoloq, beynəlxalq münasibətlər üzrə doktor, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani şərh edib.

“Düşünürəm ki, cənab Putin artıq insanların reallıqdan uzaqlaşaraq öz illüziyalarının əsirinə çevrildiyi həddi keçib. Putinin haradasa yenidən “Ukrayna ssenarisi”ni təkrarlaya biləcəyinə şübhə edirəm. Üstəlik, hesab edirəm ki, o, 2022-ci ildə başladığı avantüradan ciddi şəkildə peşmandır. Çünki qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb və hakimiyyətdəki mövqeyini nəzərəçarpacaq dərəcədə zəiflədib.
Təbii ki, həm Moskvada, həm də İrəvanda yaxşı anlayırlar ki, münasibətlər artıq əvvəlki kimi davam edə bilməz. Ermənistanın Kremldən təxminən 30 illik vassal asılılığı heç bir yaxşı nəticə verməyib. Buna görə də Paşinyanın hakimiyyəti qoruyub saxladıqdan sonra (söhbət 2020-ci il hadisələrindən gedir) ölkənin həm xarici siyasət kursunu, həm də Rusiya ilə münasibətlərin xarakterini dəyişməyə çalışacağı tamamilə gözlənilən idi. O indiki şəraitdə məhz bunu edir”, – konfliktoloq qeyd edib.
Onun fikrincə, həlledici məqam cari ilin 7 iyununda baş verəcək. Həmin gün erməni xalqı ümumxalq səsverməsində öz seçimini etməli olacaq. “Əlbəttə, belə bir məqamda mayın 28-29-da Astanada keçiriləcək sammit Paşinyan üçün daha az əhəmiyyət kəsb edir. Xüsusilə də nəzərə alsaq ki, o, mayın 4-5-də İrəvanda öz əsas sammitini artıq keçirib və bunu mühüm siyasi üstünlük kimi öz aktivinə yazıb.
Bundan başqa, İrəvanda yaxşı başa düşürlər ki, Putin Ukrayna ilə müharibədə tam şəkildə bataqlığa batdığı müddətdə Cənubi Qafqazla məşğul ola bilməyəcək. Hazırkı mərhələdə Kremlin edə biləcəyi yeganə şey Ermənistandakı satellitlərini dəstəkləməkdir və bunu açıq şəkildə edir.
Digər tərəfdən, Ermənistan ilə Avropa İttifaqı arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb. Bu da ölkə qarşısında yeni inkişaf perspektivləri açır. Deməli, hər şey erməni xalqından asılıdır: o, ya yeni imkanlardan istifadə edə, ya da onları çox uzun illər üçün dəfn edə bilər”, – Xevtsuriani hesab edir.
Rauf Orucov