Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan keçmiş üzərindən “qalın xətt” çəkmək istəyir
Ekspert: O, bilərəkdən, bunun arxasında Rusiyanın dayandığını göstərməyə çalışır

Paşinyan seçkiqabağı kampaniyasını aktiv şəkildə davam etdirərək Qarabağda nə baş verdiyini öz versiyasında izah edir.

2023-cü ilin hadisələrindən (19–20 sentyabr anti-terror əməliyyatından) sonra Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirildi və döyüş əməliyyatlarının nəticələri təhlil olundu. Bir çox detalları açıqlamaq imkanım olmasa da, aşağıdakıları qeyd etmək istəyirəm: guya “sona qədər döyüşdülər” və s. kimi iddialar, yumşaq desək, reallığa uyğun deyil. Kəşfiyyatımızın məlumatına görə, silah və sursatın mövcudluğu nəzərə alınsa, onların böyük hissəsi – 80-90%-i istifadə olunmamış qalıb.

Bundan əvvəl biz siyasi prosesin həyata keçirilməsi üçün imkan yaratmışdıq, lakin Qarabağdakı hakim dairələrin bəzi nümayəndələri buna nəinki mane oldular, hətta çevriliş etdilər.

Biz əvvəlcədən nəticələrin necə olacağı barədə xəbərdarlıq etmişdikmi? Parlamentdə o zaman nəticələrin necə olacağı ilə bağlı qiymətləndirmələr verilmişdi. Lakin bu qiymətləndirmələrə və xəbərdarlıqlara baxmayaraq, onlar bir-birini təbrik edir və bildirirdilər ki, eyni şeyi Ermənistanda da edəcəklər. Mən də onların sözlərini təsdiqləmək istəyirəm: Qarabağda etdiklərini Ermənistanda da təkrarlamaq istəyirdilər.

Üstəlik, həmin şəxslərin bir hissəsi – Qarabağdakı hakim dairələrin və siyasi qüvvələrin nümayəndələri sözün əsl mənasında Qarabağdan qaçdılar və eyni zamanda məni ittiham etdilər ki, guya sərhədləri bağlamışıq və insanların oradan çıxmasına imkan vermirik. Hətta vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü xatırlayıram ki, məndən sərhədi açmağı tələb edirdilər. Mən isə dedim ki, sərhəd, təbii ki, bağlı deyil.

Amma onu da demək istəyirəm ki, o zaman Qarabağ nümayəndələrinə xəbərdar etmişdim: əgər siz getsəniz, bilin ki, artıq geri qayıtmaq imkanı olmayacaq.

Əminəm ki, bütün bunlar aydınlaşacaq, bəlkə də lazım bildiyim zaman faktları açıqlayacağam.

Onlar yalan danışırlar, sadəcə qaçıblar, aradan çıxıblar. Həm də 44 günlük müharibə zamanı da qaçıb gizlənmişdilər, düşünürdülər ki, qaçıb Ermənistan hakimiyyətini xəyanətdə ittiham edəcəklər. Amma bacarmadılar, çünki nə Ermənistan xalqını, nə də Qarabağ əhalisini təmsil edirlər və heç vaxt da təmsil etməyiblər. Nə Robert Koçaryanı, nə Serj Sarqsyanı xalq seçib. Levon Ter-Petrosyan bir dəfə seçilib, sonra isə yox. Onlar heç vaxt Ermənistanın legitim rəhbərləri olmayıblar. Qarabağın son nümayəndələrinin isə ümumiyyətlə legitimliyi olmayıb. Onlar kimi təmsil edirdilər?

Levon Ter-Petrosyan, Serj Sarqsyan, Robert Koçaryan və onların siyasi qüvvələri Ermənistan xalqından başqa hamını təmsil edir. Onların Ermənistan xalqı ilə heç vaxt əlaqəsi olmayıb”, – Paşinyan bildirib.

Maraqlıdır, Paşinyan niyə birdən-birə bu mövzu üzərində bu qədər dayanmağa qərar verib? Qarabağdakı separatçı elitanın – Ermənistanın keçmiş prezidentləri ilə bağlı olan qüvvələrin davranışı ilə bağlı bu detalları açıqlamaq ölkə vətəndaşlarının seçkiqabağı əhval-ruhiyyəsinə necə təsir edə bilər? Bu, əvvəlki hakimiyyət üçün mənfi, Paşinyan komandası üçün isə müsbət effekt verə bilərmi?

Mövzu ilə bağlı Pressklub.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, Paşinyan bu seçkiqabağı kampaniyası ilə keçmişin üzərindən qalın xətt çəkmək istəyir.

Çünki onun rəqibləri və opponentləri müxtəlif formalarda həmin keçmişi yeni şəraitdə geri qaytarmağa çalışırlar, Paşinyan isə kampaniyasını əvvəlki hakimiyyətin səhvlərinin, separatizmin bir fenomen kimi tənqidi və Ermənistanın keçmiş rəhbərlərinin Qarabağdakı separatçılarla əlaqələrinin ifşası üzərində qurur. O, bu vəziyyəti qüsurlu hesab edir, Qarabağ münaqişəsi fonunda hakimiyyətə gəlmiş Ermənistan liderlərini isə fırıldaqçı və spekulyant adlandırır. Separatçı rejimin rəhbərlərini də “bəxt cəngavərləri” və banditlər kimi qiymətləndirir, onları keçmiş hakimiyyətin alətləri hesab edir”, – analitik bildirib.

Bundan əlavə, o qeyd edir ki, Paşinyan formalaşmış bu uzunillik konstruksiyanı qəsdən xarici müstəviyə də çıxarır və bunun arxasında Rusiyanın dayandığını göstərməyə çalışır. “Onun fikrincə, Ermənistanın təhlükəsizlik qarantı olan Rusiya əslində bu münaqişə gündəliyinin əsas maraqlı tərəfidir. Keçmişlə hesablaşmaq üçün Paşinyan bu proseslərin bütün iştirakçılarını tam ifşa etməyi, sxemi cəmiyyətə açmağı və öz qələbəsi, həmçinin konstitusiya dəyişiklikləri vasitəsilə keçmişə qayıdışı birdəfəlik bağlamağı planlaşdırır. Onun ritorikasında Ermənistan xalqı və Qarabağ əhalisi bu siyasətin qurbanına çevrilmiş ən həssas qruplar kimi təqdim olunur.

Faktiki olaraq, Qarabağdakı erməni əhalisi yaranmış vəziyyətin girovuna və manipulyasiyaların qurbanına çevrilib. Qarşıdan gələn seçkilərin nəticələri göstərəcək ki, insanlar Paşinyanın bu tezislərini nə dərəcədə mənimsəyib və qəbul ediblər”, – Vəlizadə yekunlaşdırıb.

Rauf Orucov