Logo
news content
User
Kateqoriyalar

Analitika

Ondan nəsə gözləmək çətindir...
Tramp Cənubi Qafqazda sülh yarada biləcəkmi?

Donald Trampın ABŞ-də hakimiyyətə gəlişi həm böyük dövlətlərin siyasətində, həm də regional oyunçuların davranışında tərəddüdlər yaradıb. Siyasi addımları proqnozlaşdırılmayan bir dövlət başçısı olduğu üçün, ekspertlər də onun atacağı addımlar barədə hansısa mülahizə və ya proqnoz verməkdən yayınırlar. “Bütün müharibələrə son qoyacağını” deyən Trampın Cənubi Qafqazla bağlı atacağı addımlar da bizim bölgə üçün mühümdür. 

O da məlumdur ki, Tramp administrasiyasında, əvvəlki hökumətdə olduğu kimi, ermənipərəst mövqeyi ilə tanınan yüksək vəzifəli şəxslər var. Məsələn, yeni Dövlət katibi Marko Rubio vaxtı ilə Azərbaycana qarşı sanksiyalar tələbi ilə gündəmə gəlmişdi. O, respublikaçı senator Aleks Padilla ilə birgə “Laçın dəhlizinin blokadası” fonunda Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə və hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim etmişdi. 

İndi gələk təzə xəbərlərə. Həmin Rubio Trampın andiçməsindən dərhal sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında sülh prosesini sürətləndirməyin və “şərəfli sülhə nazil olmağın vacibliyini” bildirib. 

Maraqlıdır, ekspertlər Trampın bundan sonrakı Cənubi Qafqaz siyasəti barədə nə düşünürlər?

Mövzu ilə bağlı saytımıza danışan politoloq Xaqani Cəfərlinin sözlərinə görə, birinci prezidentlik müddətində o zaman toxunulmaz şəxslərdən biri olan İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana təhqir və təhdudedici məktub yazması ilə yadda qalan Donald Trampın ikinci prezidentlik müddətində nələr edə biləcəyini təsəvvür etmək çətin deyil: “Yanvarın 22-də Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış sərt təhdidi də sübut edir ki, Tramp qarşısına qoyduğu məqsədlərə çatmaq üçün çox sərt davrana bilər. Trampın, çox böyük ehtimalla, İrana və Türkiyəyə qarşı sərt addımlarının şahidi ola bilərik. Prezident Ərdoğanın yanlış İsrail və Suriya siyasəti Ankara üçün ağır fəsadlar doğura bilər. Tramp İsrailin təhdid edilməsinə dözməyəcəyini inauqurasiyasından dərhal sonra Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etməklə bir daha nümayiş etdirdi”.

Politoloqun fikrincə, Trampın İkinci Qarabağ Müharibəsində tutduğu mövqenin davamını istəyiriksə, 2020-ci ildəki siyasətə qayıtmalıyıq. O zaman Tramp tərəfsiz qalmamış, hətta müəyyən mənada Azərbaycanın tərəfində olmuşdu: “Türkiyənin Azərbaycana F-16 qırıcılarıını göndərməsini nəzərdə tuturam; Tramp əleyhinə olsaydı, Türkiyə F-16-ları Azərbaycana göndərə bilməzdi. Trampın o zaman belə davranışını təmin edən güc yenə də Ağ Evin Azərbaycana loyallığını təmin edə bilər. Bunu etməsək, Trampdan hər şey gözləmək olar”.

Digər müsahibimiz, REAL Partiyasının sədri Natiq Cəfərli də Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti ilə bağlı indidən nəsə söyləməyi çətin sayır: “Siyasətin konturları yeni-yeni formalaşır. Trampın mövqeyi isə bu məsələdə önəmli olacaq. Tramp Türkiyəni bölgənin açar dövləti, regionun vacib ölkəsi sayır, həm də NATO müttəfiqi kimi ona çox böyük dəyər verir. Ona görə də Cənubi Qafqaz siyasətində Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq. Azərbaycan və Türkiyə hərbi strateji müttəfiqdir. Tramp administrasiyasının Türkiyə ilə münasibətləri hansı istiqamətdə inkişaf edəcəksə, bunun Azərbaycana da mütləq ki, təsirləri olacaq”.

N.Cəfərli qeyd edir ki, Cənubi Qafqazda Tramp administrasiyasının böyük işlər görməyə fürsəti var. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi, demək olar ki, hazır vəziyyətə gəlib. Sülh müqaviləsinin və ya çərçivə sazişinin imzalanması mümkündür: “Tramp administrasiyası bu məsələlərdə çox maraqlı olar. Bu da “mən dünyaya sülh gətirəcəyəm” deyən Trampın atdığı geniş addımlardan biri olacaq. Azərbaycan tərəfi də bu məsələni diqqətdə saxlayıb, Tramp administrasiyası ilə daha yaxşı münasibətlərin qurulmasına çalışmalıdır. Ona görə də bu yolda Türkiyə ilə birgə addımlamaqda yarar var. Həm də Türkiyə Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün də şərait yaranıb. Azərbaycan ilə Ermənistan arasında saziş imzalanarsa, paralel olaraq, Türkiyə ilə Azərbaycan arasında da yeni sənədlər imzalana bilər”.

Hərbi-siyasi ekspert Azad İsazadənin fikrincə, Tramp 2020-ci ildə Qarabağ müharibəsinə böyük əhəmiyyət vermədi, bütün proseslərə göz yumdu. Onu da xatırlayaq ki, həmin vaxt seçkiqabağı kampaniya gedirdi. Tramp öz şəxsi, psixoloji quruluşuna görə, ona lazım və vacib olmayan məsələlərə göz yumurdu. 

İsazadə deyir ki, əlbəttə, Trampın ətrafında ermənipərəst siyasətçilər olacaq. ABŞ-də və ya hansısa qərb ölkəsində tamamilə Azərbaycan mövqeyində dayanan siyasətçilər tapmaq çətindir. Müqayisəli yanaşsaq, respublikaçıların tərəfdarlarının arasında neft kampaniyalarının rəhbərləri çoxdur. ABŞ-nin Azərbaycanda neftlə bağlı layihələri, həm də maraqları var. Heç vaxt ABŞ tamamilə Ermənistanın tərəflərini saxlamayacaq: “Trampın Ərdoğanla da münasibətləri yaxşıdır, İlham Əliyevə qarşı da kəskin çıxış səsləndirməyib. Türkiyə və Azərbaycan rəhbərlərinə loyal və neytral mövqedə çıxış edib. Trampın hərəkətlərini proqnozlaşdırmaq çox çətindir. O, düşünür ki, Cənubi Qafqazda gedən prosesi bir günə həll edə biləcək. Necə ki, Ukrayna müharibəsini də bir günə həll etmək istəyirdi”.

Burla