Logo
news content
User
Kateqoriyalar

Analitika

"Omikron" Azərbaycana da çatdı
Virusla bağlı gərginlik hələ üç ay davam edəcək

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omicron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.

Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

Koronavirusun “omikron” ştamının yayılması ilə bağlı gərginlik qarşıdakı üç ay da davam edəcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro bildirib.

Ekspertin fikrincə, “omikron”dan sonra başqa variantlar da ortaya çıxa bilər.

“Ciddi məhdudiyyətlər tətbiq etmək heç bir ölkədə, xüsusilə də kasıb ölkələrdə mümkün deyil. Amma çətinliklər bundan sonra cəmi üç ay davam edəcək” – deyə ekspert vurğulayıb.

Maraqlıdır ki, artıq “omikron” özündən əvvəlki “delta” versiyası ilə birləşib. Kiprdə tapılan bu ştamma “deltakron” adı verilib. Hələlik bu versiyanın nə qədər təhlükəli olduğu bilinmir.

Koronavirusun “omikron” ştamı yoluxan şəxsin bədənində olarkən digər infeksiya növləri ilə birləşməyə qadirdir.

Bunu Fundamental Tərcümə Tibb Mərkəzinin xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

Mütəxəssis xatırladıb ki, təxminən bir ay əvvəl dünyada koronavirusun əsas ştamı “delta” idi, lakin sonradan “omikron” onu əvəz etməyə başlayıb. O, əlavə edib ki, “omikron” başqa bir virusun bütöv bir fraqmentini, çox güman ki, soyuqdəyməni “qoparmağı” bacarıb.

Çepurnov izah edib ki, əvvəllər ştamlar bir "hərfin" dəyişməsi ilə əmələ gəlirdi, yəni amin turşusu dəyişsə də, genom eyni qalırdı. Alim əlavə edib ki, başqa virusun “omikron”a daxil olması bu ştamın koronavirusun digər variantları ilə genetik material mübadiləsi qabiliyyətini göstərə bilər.

“Əgər o, başqa bir virusudan nəsə qoparda bildisə, onda niyə yaxın qohumu olan qardaşı ilə genetik materialın hissələrini mübadilə etməməlidir? Bioloji baxımdan çox asandır”.