Logo
news content
User
Kateqoriyalar

Analitika

Ombudsman və deputat polis tərəfindən cərimələnə bilərmi?

Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyevin nəvəsinin şadlıq mərasimində iştirak edənlər cəzalandırılıb. Onlar karantin rejimi qaydalarını pozmaqda ittiham olunaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi əsasında cərimələniblər. Cəzalananlar arasında mərasimdə iştirak edən musiqiçilər, həmçinin, Bakı Dövlət Universitetinin keçmiş rektoru, hazırda isə üzvi kimya kafedrasının müdiri olan Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, onun müğənni həyat yoldaşı Aysel Teymurzadə, deputat Siyavuş Novruzov və xanımı, Ombudsman Səbinə Əliyeva da var. Daxili İşlər Nazirliyinin məlumatına görə, tanınmışların hər biri 400 manat cərimələnib.

Karantin rejimini pozan şəxslərin cəzalandırılması qanunda nəzərdə tutulsa da, deputat və xanımının cərimələnməsi hüquqi mübahisələrə yol açıb. Çünki istər S.Novruzovun deputat kimi, istərsə də xanımının Ombudsman kimi toxunulmazlıq hüququ var.

Vəkil Aqil Layıc bildirdi ki, deputat və ombudsmana qanunla inzibati tənbeh tətbiq edilə bilməz. Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında qanunun 6-cı maddəsində yazılıb:

“Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində baş prokurora və Milli Məclisə xəbər verməlidir”.

Konstitusiyanın 90-cı, “Milli Məclisin deputatının statusu haqqında” qanunun isə 12-ci maddəsi eyni qaydada millət vəkillərinin də toxunulmazlığına təminat verir.

Bir sıra hüquqşünaslar deyir ki, qanun deputata, Ombudsmana qarşı “məhkəmə qaydasında” inzibati tənbeh tədbirlərinin tətbiqini qadağan edir. İndiki halda, S.Novruzov və xanımı məhkəmə qaydasında yox, polisin tərtib etdiyi protokol əsasında cərimələnib. Daxili işlər orqanlarının da İXM-nin 211-ci maddəsi ilə protokol tərtib etmək, cərimə yazmaq səlahiyyəti var.

“Ombudsman və deputatın məhkəmədən kənar cərimələnməsi qanunidir. Bu şərtlə ki, onlar məcburi şəkildə polisə gətirilməsinlər”, - vəkil Cavad Cavadov belə hesab edir.

Amma A.Layıc bu fikirlə razılaşmır:

“Bu, elektron qaydada tətbiq edilən, evə cərimə göndərilən inzibati xətalara aid deyil. Bu cür inzibati xəta hallarında günahlandırılan şəxs protokolun tərtib edilməsində iştirak huququna malikdir. Əks halda, inzibati xəta haqqında iş, protokol qanunsuz sayıla bilər. Prokotol tərtib olunduğu, sorğu-sual edildiyi halda şəxs saxlanılır. Toxunulmazlığı olan şəxslər isə saxlanıla bilməz”.

Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin presedent qərarlarında insanın qısa müddətə belə saxlanılması azadlıqdan məhrumetmə kimi dəyərləndirilir:

“Saxlanma nəinki saatlarla, hətta bir neçə dəqiqə də çəkə bilər. İşin mahiyyəti də çox önəmlidir. İnzibati işdirsə, polisin protokol tərtib etmək üçün beş dəqiqə belə çağırıb gözlətməsi, zamanını itirməsinə vəsilə olma, saxlamadır”.

Yol hərəkəti qaydalarının pozuntusuna görə cəzalanmaya gəlincə,  A.Layıc qeyd edib ki, bu halda, protokol və cərimə toxunulmazlığı olan şəxsin evinə göndərilir.

Gülər